Modern.az

Allah rizası üçün...

Allah rizası üçün...

Ədəbi̇yyat

27 Yanvar 2013, 20:36

Afaq Şıxlı

Bu əhvalatı təqribən iki il öncə qələmə alsam da, paylaşmağa indi qərar verdim. Bəzən yatıb qalan elə sözlərimiz, yazılarımız olur ki, öz zamanını gözləyir, bir təkan lazım olur bölüşmək üçün.

Deyirlər ki, sədəqə kasıbın əlinə keçməzdən əvvəl Allahın əlinə çatır.

Amma...

Evə gedirdim. Metronun yanında hər zamankı kimi bir-iki dilənçi dururdu. Sakit dilənçilərdilər; heç nə demirlər və heç kimə də yalvarıçı nəzərlərlə baxmırlar. Onlara hamı oyrəşib. Hətta birini görməyəndə “yəqin yazıq xəstələnib”, - deyə düşünürəm.

Bu dəfə... mənə bir qadın yaxınlaşdı. Geyimindən lap elə dilənçiyə də oxşamırdı. Düzdür onlar indi çox cırıq-cındır geymirlər, çünki polislər metroya, keçidlərə qoymur belələrini.

Və bilmirəm fikir vermisinizmi, “maskirovka” üçün adi abırlı, səliqəli geyimli dilənşilərə daha çox rast gəlinir axır vaxtlar.

Nəisə, qadın konkret az olmayan bir məbləğ deyərək pul istədi və dedi ki, bu onun azyaşlı xəstə qızı üçündür. Həkim marağımı saxlaya bilməyib xəstəliyini soruşdum, “Qanazlığıdır - dedi, - yerindən qalxa bilmir”.

Gənclərin və körpələrin xəstə olması mənə hər zaman həddindən artıq pis təsir edir və mən çantamı tələsik açıb bu pulu tərəddüdsüz verdim.

Hərçənd ki, ürəyiyumşaq olduğum üçün, anam mənə uşaqlıqdan “Qızım, avam olma, bu pullar savaba yazılmır. Onların əlindən alırlar yığılan pulları, bu bir mafiyadır, - deyirdi”.

Mən də bilirəm ki, bir çoxları adamlardan pul qoparmaq üçün müxtəlif qiyafə və formalara girirlər. Gözləri kor adam qiyafəsində və ya şikəst cildində camaatın ürəyini yumşaltmağa çalışırlar.

Amma həmin anda niyəsə heç nə yadıma düşmədi. Gözlərim dolmuşdu, ürəyimdə balasına şəfalar diləyərək getdim. Qadından isə xoşum gəlmədi düzü.

Bir neçə gün sonra yenə həmin qadına rast gəldim. Yanında da uşaq, bir qıza yaxınlaşıb pul istəyirdi.

Uşağın üzünə baxmaq istədim və yaxınlaşarkən bu dəfə "uşağım astmadır" sözlərini eşitdim. Uşaq isə əməlli başlı sağlam uşaq kimi görünürdü; qanazlığından heç bir əlaməti yox idi.

Həm də diqqətimi bir şey çəkdi, uşaq gözlərini yuxarı qaldırmırdı, anasının qolundan bərk-bərk yapışmışdı. Elə bil nədənsə utanırdı. Axı deyirlər uşaqlar yalan danışa bilmirlər. Birdə ki, uşaqlar böyüklərin yalanından çox utanırlar.

Qadın mənə sarı da çevrildi, amma görünür tanıdı və heç nə demədən qızını darta-darta uzaqlaşdı.

Bəlkə bir vaxt o qadının sifətini də, verdiyim pulu da unudacam. Bəlkə... Amma o uşağın üzündəki ifadəni heç vaxt unuda bilməyəcəm.

Kaş, bu utancaqlıq hissini, abrı və həyanı unutmamış, böyüyüb özü də fırıldaqçıya çevrilməmiş cəmiyyət ona və yüzlərlə belələrinə yardım edəydi!

Kaş, şəhərlərin zahiri gözəlliyi ilə bərabər, sakinlərin daxili gözəlliyinin də qayğısına qalanlar tapılaydı! Çıraqban küçələrlə yanaşı fərəhdən pərvazlanan ürəklər, gün kimi yanan üzlər də görə biləydik! Kaş...

MOSKVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi