Modern.az

Plastik əməliyyatla simasını dəyişmiş azərbaycanlı məşhurlar - SİYAHI

Plastik əməliyyatla simasını dəyişmiş azərbaycanlı məşhurlar - SİYAHI

Mədəni̇yyət

28 Yanvar 2013, 12:04

Qadınlar kimi, kişi müğənnilər də üz-gözünə əl gəzdirir


Plastik əməliyyat dəbi təkcə tanınmışları deyil, sıradan bir adamları da gözəllik naminə qurban verməyə sürükləyib. Amma üzdə olan daha çox birincilərdir. Odur ki, insanlar tanınmışların hansı əməliyyatdan keçdiklərinə maraq göstərirlər. Modern.az bu marağı nəzərə alaraq, Azərbaycan şou-biznesində plastik əməliyyat keçirən şəxslərin kimliyini oxuculara təqdim edir.

İlk plastik əməliyyat etdirən məşhurlar  

Azərbaycanda ilk dəfə burnunda əməliyyat keçirmiş sənətçi Əminə Yusifqızı olub.

Qiraətçi xanımdan sonra hələ sovetlər dönəmində bu riskli addımı xalq artisti Flora Kərimova atıb. Hər ikisi əməliyyatlarını Gürcüstanda etdirib. Flora Kərimova bu yaxınlarda üzündə də əməliyyatlar etdirib. O üzünü gərdirib.  

Faciə ilə bitən əməliyyatlar  

İlk dəfə uğursuz plastik əməliyyatın qurbanı mərhum müğənni Nəzakət Məmmədova olub. Sovet dövründə Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Anatoli Karol adlı həkimə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilir.   

Yəqin ki, müğənni Reyhan Müslümovanın adı da çoxumuza tanışdır. Artıq çəkidən əziyyət çəkən müğənni çarəni plastik əməliyyatda görür. Şəkər xəstəsi olduğundan bir çox həkimlər əməliyyat aparmaqdan imtina edirdilər. Lakin riskin altına girməyə hazır olan cərrah tapılır. 2002-ci-ci ilin mart ayında Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksəlir, o komaya düşür və həyatını itirir. Cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılır . 

Rekord vuran müğənnilər  

Plastik əməliyyat etdirən sənətçilərin siyahısına bədəninin müxtəlif yerlərində əməliyyat keçirən Rəqsanə başçılıq edir. Rəqsanə gözəlləşmək üçün xeyli miqdarda pul xərcləyib. Amma yenə də  pul xərcləməkdə davam edən müğənni gözəlliyə hələ də tam nail ola bilmir. Xanım müğənninin üzündə və bədənində qüsurlar yetərincədir. 

İkinci pillədə xalq artisti Aygün Kazımova qərarlaşıb. Təkcə burnunu 3 dəfə əməliyyat etdirən xanım müğənni əməliyyatları barədə öyünərək danışır. Bir neçə dəfə sinəsinin və dodaqlarının görüntüsünü dəyişib, liposaksiya etdirib və dediyinə görə, iki qabırğasını da çıxartdırıb.    

İlk əməliyyatını 2000-ci ildə etdirən Nazpəri Dostəliyeva bilindiyi qədər ən azı 5 dəfə əməliyyat keçirib. 2 dəfə burnunda, 1 dəfə üzündə, 1 dəfə dodaqlarında, 1 dəfə də qıçlarında əməliyyat edilib.

Ən çox əməliyyat etdirən məşhurların arasında Könül Kərimova da var. Demək olar ki, plastik əməliyyat nəticəsinə müğənni simasını tam dəyişdirib.  

Dodaqlarının, burnunun, qıçlarının və bədəninin görünüşünü dəyişdirən Brilliant Dadaşovanın keçirdiyi əməliyyatlar həmişə gizli olur. Heç vaxt plastik əməliyyat etdirmədiyini deyən sənətçi əksinə, belə əməliyyatları ilə demək olar ki, sənətçilərin önündədir. Əldə etdiyimiz məlumata görə, müğənni xanım son olaraq belini incəltmək üçün iki qabırğasını da çıxartdırıb.

Xalq artisti Məleykə Əsədova da dəfələrlə əməliyyat keçirib. Lakin aktrisa əməliyyat etdirdiyini həmişə gizli saxlayıb. O, burnunu əməliyyat etdirib, dodağını botoks preparatı sayəsində həcmləşdirib, üz dərisini gərdirib. 

Xalq artisti İlhamə Quliyeva heç vaxt əməliyyat olmaması ilə öyünür. Lakin müğənninin üzünə baxdıqda asanlıqla anlaşılır ki, dodaqları və qaşları plastik əməliyyat keçirib. Bundan əlavə, o sinəsindən və üz dərisindən də əməliyyat olunub.  

Artıq xeyli populyarlaşan müğənni Nura Suri 1997-ci ildə həyat yoldaşı ilə birlikdə avtomobil qəzasına düşmüşdü. Dəhşətli qəzadan sonra simasında ciddi problemlər yaranmış sənətçi 1998-ci ildə Türkiyənin İstanbul şəhərində Amerikan Hospitalında ONET klinikasının rəhbəri tərəfindən üzündə plastik cərrahiyyə əməliyyatına məruz qalıb. Bu əməliyyatdan sonra Nura Surinin burnunda və üzündə daha bir neçə plastik əməliyyat aparılıb, bununla belə fəsadlar da qalıb. Müğənninin burnunda, bunun da nəticəsində tənəffüsündə problemlər hələ də qalır.

Müğənni Röya da plastik əməliyyatı seçən müğənnilərdəndir. O, təkcə burnunu 3 dəfə əməliyyat etdirib.   

Xalq artisti Nisə Qasımova da cavanlaşmaq məqsədi ilə üzündə əməliyyat keçirdib.  

Plastik əməliyyat keçirənlər arasında müğənni Zöhrə Abdullayeva da var. Müğənni bir neçə müddət öncə üz dərisini dartdırıb, dodağını silikon, qarnını, ayaqlarının yuxarı hissəsini liposaksiya etdirib. Bu, müğənninin keçirdiyi ilk əməliyyat deyil. Vaxtilə Zöhrə xanım burnunun formasını da dəyişib. 

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva da bir dəfə plastik əməliyyat keçirib. O əməliyyat nəticəsində artıq çəkilərindən azad olunub.

Müğənnilər Xuraman Şuşalı və Almaz Ələsgərli də uğursuz burun əməliyyatı etdirmiş sənətçilər sırasındadır.  

Hamının “Toppuş bacı” kimi tanıdığı aktrisa Tünzalə Əliyeva da 2 dəfə plastik əməliyyat etdirib.  Sonuncu əməliyyat nəticəsində aktrisanın bədənindən 30 kq piy çıxarılıb.  

Müğənni Mətanət Əsədova da plastik əməliyyat keçirdib. Belə ki, o həm burnunu əməliyyat etdirib. Həm də sifətində bəzi dəyişikliklər etdirib.  

“Gözəlləşmək” istəyən kişilər

Azərbaycan şou-biznesində də kişi müğənniləri arasında müxtəlif plastik əməliyyatlar keçirənlərin sayı az deyil.  

Nadir Qafarzadə əməliyyat keçirdiyini nə qədər gizlətməyə çalışsa da, müğənnin üzünə baxan kimi bunu aydın görmək olur. Belə ki, kişi müğənnimiz burnuna və dodağına əl gəzdirib. Müğənni dodağına silikon qoydurub, alnına botoks üsulu ilə vaksinlər vurdurub. 

Xalq artisti Faiq Ağayev də hələ uzun illər bundan əvvəl burnunda əməliyyat etdirib. Müğənni növbəti dəfə sinə və qollarına silikon etdirmək üçün cərrah masasına uzanıb. Bu əməliyyatı boynundan atan F.Ağayev nədənsə əməliyyat mövzusunda danışmaqdan imtina edir. Xalq artistinin sonuncu əməliyyatı 2008-ci ilin yay aylarına təsadüf edir.   

Sifətinə əməlli-başlı əl gəzdirən kişi müğənnilər arasında Cavanşir Məmmədov son vaxtlar bütün medianın diqqətindədir. Belə ki, müğənni həm sifətinə botoks etdirib. Üzünü gərdirib. Bundan başqa, C.Məmmədov başına saç əkdirib.  

Saç əkdirənlər arasında müğənnilər Vasif Məhərrəmli, Elariz Məmmədoğlu da var.    

Samir Bağırov da həkim bıçağının altından keçən müğənnilər arasındadır.  

Rəhim Rəhimli də burnundan əməliyyat etdirsə də, bəzi problemlərin qaldığını bildirib.    

Sevinc İltifatqızı
 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır