Modern.az

Tüfəngləri yerə qoyun…

Tüfəngləri yerə qoyun…

1 Mart 2010, 09:37

Azərbaycanda 2009-2010-cu illərin qış ov mövsümü başa çatıb. Fevralın 28-də respublika ərazisindəki ovçuluq təsərrüfatları öz qapılarını ovçuların üzünə bağlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti ov mövsümünü bir də iyun ayında açacaq.

Əslində son illər Azərbaycan ərazisindəki ovçuluq təsərrüfatlarında ov mövsümü boyu aktivlik hiss olunmur. Buna səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2005-ci ilin oktyabrından ölkə ərazisində quş ovunu qadağan etməsidir. Artıq üç ilə yaxındır öv mövsümü yalnız məməli heyvanlar üçün açılıb, bağlanılır. Başa çatan qış ov mövsümündə ancaq qaban, dələ, dovşan, bataqlıq qunduzu, Dağıstan turu (təkə) ovuna icazə verilib. Respublika Ovçular Cəmiyyəti Birliyinin sədri Füzuli Əşrəfovun sözlərinə görə, ovçuluq təsərrüfatlarında adları çəkilən heyvanların sayı çox deyil və onların ov limiti aşağıdır. Bu isə ovçuların necə deyərlər, əl-ayağını bağlayır.

Rəsmi məlimatlara görə, Azərbaycandakı ov ərazilərində 13600 baş təkə, 15 başdan çox qaban, 27 min baş dovşan, 2300 baş dələ, 20 min baş  qunduz yaşayır.Yeri gəlmişkən, hazırda Azərbaycanda 20 minədək adam ovçuluqla məşğul olmaq icazəsinə malikdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin məlumatına görə, ölkəmizdə ovçuluq təsərrüfatlarının ümumi ərazisi 716 min hektardan çoxdur. Departament rəsmilərinin sözlərinə görə, ovçuluq təsərrüfatlarında ovla məşğul olmaq istəyənlərə çox ciddi nəzarət həyata keçirilir ki, onlar quş ovu ilə məşğul olmasınlar. Amma ovçuluq təsərrüfatlarına nə qədər ciddi nəzarət olunsa da, hələ də brokonyerlik hallarının qarşısı tam alınmayıb. Məhz bu səbəbdən də ötən illərdə ovu qadağan edilmiş vəhşi heyvanların ovlanmasına görə cərimənin məbləği artırılaraq, minimum əməkhaqqının 3000 mislinə çatdırılıb. Azərbaycan təbiətinin nadir fauna növlərindən olan ceyranın ovlanmasına görə isə təkcə cərimə ilə can qurtarmaq mümkün deyil, həm də Cinayət Məcəlləsinin 258-ci maddəsilə dəmir barmaqlıqlar arasına düşmək olar. Adlı çəkilən departamentdən verilən məlumata görə, fevralın 28-dən iyunun birinci ongünlüyünədək ölkə ərazisində ov mövsümü tamamilə qapalı olacaq. Bunun əsas səbəblərindən biri göstərilən dövrdə ovuna icazə verilmiş heyvanların cütləşməsi, bala dünyaya gətirməsidir.

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir