Modern.az

“Borçalı”nın yığıncağı keçirilib

“Borçalı”nın yığıncağı keçirilib

1 Mart 2010, 17:40

“Borçalı” İctimai Cəmiyyətinin təsis etdiyi Dədə Camal Məclisi “Qarabağ-Nicatımız birliyimizdədir” adlı sayca səkkizinci yığıncağını keçirib. Modern.az xəbər verir ki, yığıncağı giriş sözü ilə folklorşünas Elxan Məmmədli açaraq, “Borçalı” Cəmiyyəti tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. O, qeyd edib ki, cəmiyyət sadəcə qədim Borçalı mahalında yaşayan Azərbaycan türklərinin deyil, eyni zamanda Qərbi və Cənubi Azərbaycanda haqları tapdanan bütün soydaşlarımızın dərdinə şərik çıxır, onlara hərtərəfli dəstək olur.

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bəzi qrumların ekrana düşmək, şəxsi mənafelərini güdmək xatirinə tədbirlər keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, həmin “təşkilatlardan” fərqli olaraq, “Borçalı” Cəmiyyəti öz ətrafında vahid dövlət, vahid millət amalına xidmət edən insanları toplayır və bu məqsədlə də silsilə tədbirlər keçirir. Z.Məmmədli Azərbaycan türkləri arasında birliyə ehtiyac olduğunu söyləyərək, cəmiyyətimizdəki bir sıra problemlərdən də söhbət açıb. Deyib ki, Azərbaycan cəmiyyətindəki pərakəndəlik əsrlər boyu yadellilərə geniş imkanlar yaradıb. Onun sözlərinə görə, pərakəndəlikdən, yaranmış boşluqdan məharətlə istifadə edən düşmənlərimiz  zaman-zaman tarixi türk torpaqlarını ilhaq ediblər. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Borçalı” Cəmiyyətinin təşkil etdiyi yığıncağı yüksək qiymətləndirərək deyib ki, əsrlər boyu birliyimizin olmaması ucbatından xalqımız daim fəlakətlərlə, müharibə və qırğınlarla üzləşib. “Yüz ildən artıq müddətdə ziyalılarımız milətimizin imzasını millətlər içində görmək üçün çarpışıb. Mən hesab edirəm ki, hələ də biz buna tam nail ola bilməmişik”.

“Şuşa” İctimai Birliyinin sədri Zahid Quliyev “Borçalı” Cəmiyyətinin həyata keçirdiyi tədbirlərin qarabağlılar tərəfindən də müsbət qarşılandığını deyib. O, çoxdan bu cəmiyyət ilə əməkdaşlıq etmək fikrində olduqlarını dilə gətirərək, hər kəsi “Borçalı” Cəmiyyətinə dəstək olmağa çağırıb.

Akademik Cəlal Allahverdiyev isə çıxışı zamanı diqqəti sovetlər birliyi illərində azərbaycanlıların çox zəif təşkilatlanmasına yönəldib. Bildirib ki, vaxtıilə keçmiş SSRİ məkanında yaşayan soydaşlarımızın, eləcə də digər qərb ölkələrində məskunlaşan həmvətənlərimizin heç birinin təşkilatı olmayıb.

Çıxışlardan sonra akademik Cəlal Allahverdiyev, professor Telman Əliyev, Gültəkin Quliyeva, Əlləz Ovçiyev, Şahmar İbrahimov, Asif Məmmədov, Mehman İsmayılov, Nazim Hüseynov, Umudvar Məmmədli, Teymur Hacıyev, Zahid Quliyev və Hacı Əkbər Rüstəmova “Borçalı” Cəmiyyətinin diplomları təqdim edilib. Yığıncaqda Aşıq Ədalət Dəlidağlının, Dəmir Gədəbəylinin, Aşıq Cahangirin, Aşıq Fikrətin, eləcə də xanəndələrdən Şəmsəddin İbrahimovun, Aidə Əliyevanın, Elgiz Əliyevin ifaları dinlənilib.

  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir