Modern.az

Vaqif Səmədoğlu ilə OV SÖHBƏTLƏRİ: “İlk ovu vuranda atamın tapşırığına əməl etmədim, o da məni şillələdi”

Vaqif Səmədoğlu ilə OV SÖHBƏTLƏRİ: “İlk ovu vuranda atamın tapşırığına əməl etmədim, o da məni şillələdi”

4 Fevral 2013, 09:50

O yalan söhbətdi ki, Səməd Vurğun ova təbiətlə təmasda olmaq üçün gedirdi

Modern.az saytı “Məşhurların ov sərgüzəştləri” silsiləsindən Xalq şairi Vaqif Səmədoğlu ilə söhbəti təqdim edir.  

“Xəzər dənizini əlimizdən alıblar”

- İlk dəfə ova nə zaman getmisiniz? Həmin vaxt heyvanlara yazığınız gəlirdi? 

- Öz tüfəngimlə ova ilk dəfə 1949-cu ildə getmişəm. Atam mənə tüfəng almışdı həmin il. Amma 7-8 yaşım olanda da ova gedirdim. Heç yazığım gəlmirdi ovlanan heyvanlara.

- Birinci ov günü gözünüzün qabağında nəyi ovladılar?

- Uşaq vaxtı atamla gedirdim ova. O yalan söhbətdi ki, Səməd Vurğun ova təbiətlə təmasda olmaq üçün gedirdi. Qazaxın Yuxarı Salahlısından çıxmış kəndçi balası o qədər təbiətlə ünsiyyətdə olub ki... Səməd Vurğun özü də çox səriştəli ovçu idi. Bu bizə genetik ötürülüb. Babam da ovçu olub, atamın babası Yusif ağa da mahir ovçu olub. İlk dəfə cüyür vurdular yanımda. Amma mən daha çox balıq ovunu sevirəm. Təəssüf ki, indi Xəzər dənizini alıblar əlimizdən.

“Heyf ki, indi gedə bilmirəm”

- Vaqif müəllim Səməd Vurğunun “ ovçu insaf eylə keçmə bu düzdən” misralı şeiri nə vaxtsa ova gedəndə yadınıza düşür?

- O misranı yazana kimi Səməd Vurğun o qədər ceyran vurub ki... Elə mən özüm də çox ceyran vurmuşam, cüyür vurmuşam nə olsun ki! Ov qaçırdığımız vaxtlar da olub. Ceyranı görürüsən ki, qovalayıb qaça-qaça vururlar. Elə olmaz. Ceyranı gərək su başında vurasan. Su içdiyi yerdə.
Ov haqqında sizə bir şey deyim. Siyasət, ticarət ölkələrdə olmadığı vaxtlarda insanlar ovla məşğul olub. Əcdadlarımız ovla dolanıb. Ovun özü çox yaxşı istirahətdir. Heyf ki, daha gedə bilmirəm.

- Bəs quş ovuna münasibətiniz necədi?

- Quş ovunu da neçə ildir “quş qripi” bəhanəsi ilə qadağan ediblər. Qaz saatda 130 km sürətlə uçur. Yaşılbaş ördək isə 90 km sürətlə. Xəstə quş bu surətlə uça bilməz. Sadəcə olaraq ovçuların mülkiyyətini bir-bir əllərindən alırlar. 

- Ovçu yoldaşlarınız kimlər olub?

- Heç vaxt ova tək getməmişəm. Ova getdiyim yoldaşların çoxu dünyasını dəyişib. Məsələn, rəhmətlik Mürsəl Qarayev. Nazir Əbülfəz Qarayevin atası. Çox yaxşı ovçu idi. Hüseyn Ariflə də çox ovda olmuşam. Amma onun ovçuluğu yox idi. Mən ova daha çox ruslarla getmişəm. Çünki onlar ov zamanı içki ilə bağlı çox dəqiq qayda -qanuna riayət edirdilər. Ova dəstə halında gedilirdi və hər dəstəyə də bir komandir təyin olunurdu. Komandir dəstəni yoxlayırdı. Kim içki içdisə, həmən ovdan uzaqlaşdırılırdı. Ov bitəndən sonra isə adət idi. Tüfənglər “sındırılırdı”. Və komandir deyirdi ki, kim nə vurubsa ortaya qoysun. Əsl yeyib-içmək də bundan sonra baslanırdı. Amma ov vaxtı çox şeylərin şahidi olmuşam. İnsan yaralanmağını da görmüşəm. Bir dəfə ova çıxanlardan biri uzağa butulka qoyub ona atmaq istəyirdi. Sən demə qamışlıqda da başqa bir adam var imiş. Təbii ehtiyacını ödəyirmiş. Qırmalar hamısı onun bədəninə keçmisdi.

Haşiyə. Şair söhbət zamanı havaya baxır və deyir: “Bax indi əla ov havasıdı. Hava soyuq olanda ördək, qaz suyun üzündə çox qala bilmir. Göyə uçurlar. Onda onları vurmaq asan olur“

“Hər yanda olduğu kimi, ovda da “tanışlıq” keçirdi”

- Çox tüfəginiz olub?

- Tüfənglərim çoxdu. Alman tüfəngi, rus tüfəngi, Belçika tüfəngi. Çox qəribədir ki, atamdan cəmi bir tüfəng qaldı. Amma mənim 12 tüfəngim var. Atamdan fərqli olaraq, özüm tüfəng bağışlamağı o qədər də sevmirəm. Atam çox tüfəng bağışlayıb.

- Vaqif müəllim sovet vaxtı ov etmək çətin məsələ idi ya indi? O vaxtlar ova çox qadağalar qoyulmurdu ki ?

- Əksinə. Mən ova təzə başlayanda Ovçular İttifaqinin sədri general Sovçennikov idi. Sovet İttifaqı Qəhramanı olub. Sonra Aslan Cagirov. O da Sovet İttifaqı Qəhramanı idi. Onlara batmaq olardı?.. Onların mülkiyyəti çox yaxşı işləyirdi. Bir də bilirsən nə var..? Hər yerdə tanışlıq keçən kimi, ovda da tanışlıq keçirdi. Təsəvvür edin ki, Səməd Vurğun ova gedib. İmkanları olsaydı, göydə uçan quşları saxlayıb, deyərdilər ki, “Səməd məllim vurun!”.

- Vaqif müəəlim son zamanlar sanki təbiət dəyişdiyindən təbiətdəki heyvanların xarakteri də dəyişir. Bəzən eşidirik, canavar kəndə girib, insanlara hücüm edir. Bu necə ola bilər?

- Eyni cinsdən olan heyvanlar da fərqli xarakterli olur. Məsəl var, deyirlər “İlanı basdalamasan, gəlib səni çalmaz”. Yalan sözdü. Mən insana hücüm edən gürzə görmüşəm. Dəli gürzə idi də. Eləcə də tülkü, eləcə də canavar. Bilirsiz də, tülkü adamı görəndə qorxub qaçar, amma mən insanın üstünə hücum edən tülkü görmüşəm. Sadəcə mərd tülküdü. Deməli, eyni cinsə malik heyvanların da fərqli xarakteri olur. Eynən insanlar kimi. 

- Ov zamanı hansı heyvan xarakterinin şahidi olmusunuz və o sizin xoşunuza gəlib?

- İt .Ov tulası. Mən gözümü açandan ova gedəndə atamın yanında, həyətimizdə  tula görmüşəm.

“Köpəyoğlu sənə deməmişəm adam olan tərəfə atma?!”

- Atanızla bağlı hansı ov xatirələriniz var?

- İlk ovumu atamın yanında vurmuşam. Kəklik olub ilk ovum. Elə kəklik üstündə də atam məni ilk və son dəfə şillələyib. Mənə tapşırmışdı ki, nə vaxt ki, uzaqda mal-qara, insan və ya qaraltı görsən, o səmtə atmayasan. Mənim tüfəngimin öldürücü qüvvəsi 150 metr idi. Ağsu tərəfə getmişdik. Bəlkə də 1 km o tayda adamlar vardı. Elə o istiqamətdə iki kəklik uçdu. Vurdum. Dedi, get götür bəri gəl. Gəldim. Elə bu vaxt üzümə bir şillə çəkdi. – “Köpəyoğlu, sənə deməmişdim adam olan tərəfə atma.?!” dedi.

“İndi də bilmirəm ayı məndən qorxdu ya mən ayıdan”

- Ov zamanı hansı təhlükə ilə qarşılaşmısınız?

- Bir dəfə İsmayıllı tərəfdə meşədə idim. Qırqovul vurmağa getmişdim. Bir də qəfildən gördüm ki, qarşı tərəfdən iri bir ayı gəlir. Yanında da balası. Tüfəngimdə də beş nömrə patron. Ayıya nə edə bilər ki, heç nə. Özü də elə məqamda adamın başı çox gözəl işləyir. Ayı ilə üzbəüz olanda ayıya aid nə var idisə, hamısı bir-bir yadıma düşürdü. Özü də yanı balalı ayı ilə qarşılaşanda anasından çox balası təhlükəlidir. Çünki sən balada maraq oyadırsan və qaçır səninlə oynamağa. Ana da imkan verməz axı. Elə o məqamda ayı ilə bağlı daha bir şey yadıma düşdü: “Gərək ayının üstünə gedəsən, qaçmağın heç bir faydası yoxdu”. Elə mən də fit çala-çala bunu etdim. Həm də hesabladım ki, ayını 5 metr qabağa buraxım ondan sonra atəş açım. Amma bir də gördüm ki yarpaqların xışıltısı gəlir. Ayı sən demə çəkilib gedirmiş. İndi də bilmirəm mən ayıdan qorxdum, ya ayı məndən?

- Amma indi deyəsən ovçuluq yoxdu. Heç kim ova getmir. Bu nə ilə əlaqədardı?

- Hüseyn Bağırov yavaş-yavaş ovçuların bütün mülkiyyətini öz nazirliyinin sərancamına keçirir. Deyəsən ovçulardan zəhləsi gedir. Həm də indi silah-sursat da çox bahalanıb. Amma yol qırağında o qədər qaşqaldaqlar, ördəkər, qazlar satılır ki... Deməli hələ ov var...
 


Elmin Nuri
Elçin Ağayev

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir