Modern.az

Əfv etmək yoxsa öldürmək?!

Əfv etmək yoxsa öldürmək?!

Ədəbi̇yyat

4 Fevral 2013, 16:12

Akif Nağı

Bilirəm,  mən özüm də qarışıq hamı Əkrəm Əylisli mövzusundan bezib. Amma tarix üçün bunu yazmağı özümə borc bildim. Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı bəlkə də bu hay-küyə ehtiyac yox idi. Bəlkə də fikirləşmək olardı ki, düşməndi, öz xislətinə uyğun yazıb, xalqımızı qaralayıb, şərləyib, böhtan atıb, cəhənnəm olsun, heç fikir verməyinə dəyməz. Ancaq həm də reaksiya verməyə bilmirsən, çünki bu, düşməndi, amma ocağımızın başında oturan düşməndi.

Bir sualı aydınlaşdırmağa çalışaq: bu romanın yazılmasına ehtiyac var idimi? Müəllif bu suala aydınlıq gətirə bilmədi, qeyri-müəyyən, məsələn, “mən Azərbaycan xalqının, ziyalısının obyektiv mövqeyini göstərdim” tipli cavablarla özünü dolaşdırdı. Bir tərəfdən deyir ki, bədii əsərdi, yazıçının təxəyyülünün məhsuludur, o biri tərəfdən də deyir ki, “yazdıqlarım doğru deyilsə məni doğraya bilərsiniz”. Deməli, nə üçün yazdığını özü də bilmir, daha doğrusu, bilir, amma deyə bilmir. Onda sualı başqa cür qoyaq: bu yazı kimə sərf edir? Yəni, cinayət hadisəsini araşdıranların yolu ilə, motivin axtarılması yolu ilə gedək. Azərbaycanlıların belə bir yazıya ehtiyacı yox idi, hansı cinayəti törətmişik, nə xəta eləmişik, indi bu cür etiraf və tövbələrə gedək. Cinayət edən, torpaqlarımızı tutan, insanlarımızı qətlə yetirən ermənilərdi, əslində onlar bu cür yazılar yazıb, etiraf və tövbə etməlidirlər. Bəs ermənilərə necə, bu yazı sərf edirmi? Bəli, bu, ermənilər üçün göydəndüşmə bir şeydir.

Əkrəm Əylislinin özünə də inanmıram ki, o qədər sərf eləsin, hər halda, normal adam üzütüpürcəkli olmaq istəməz. Ötən dəfə də belə qələt eləmişdi, o vaxt yığışdıq, danladıq, dedi səhv eləmişəm, orden-medallarımdan imtina edirəm, çıxıb gedirəm kəndə, bir də Bakıya gəlməyəcəyəm, yalan-gerçək kamera qarşısında ağladı. İndi də inanmıram ki, bu söyüşlərin qarşısında özünü rahat hiss etsin. Onda niyə bu işlərə gedir? Görünür, ciddi şəkildə maraqlandıra biliblər. Kim maraqlandırıb? Bu işdə ermənilərədən başqa maraqlı bir tərəf yoxdur. Ahıl yaşında tamahına güc gələ bilmədi. Bu adam həmişə yaxşı yaşamağın həvəsində olub, ailə quranda da bunu fikirləşib, sovet dövründə beynəlmiləl ailələrə üstünlük verirdilər. Əkrəm Əylisli sovet dövründə özü üçün rahat həyat təmin edənlərdən olub, indi özünü az qala dissident kimi təqdim edir, qəribədi, adam bu qədər də yalan danışarmı, amma bir yerdə dili yanılıb düzünü dedi: Azərbaycanda çap etdirə bilmədiyim əsərləri Moskvaya aparıb orda çap etdirirdim. Görəsən onu Azərbaycanda niyə çap eləmirdilər, o necə “antisovetşina” idi ki, burada çap eləmirdilər, amma Moskvada eləyirdilər. Moskvanın sevimlisi idi, çünki azərbaycanlılar, türklər, islam dini haqda ağzına gələni yazırdı, Moskvaya xoş getsin deyə Peyğəmbərimizi də təhqir etməkdən çəkinməmiş, əsərlərinin birində itə “Məhəmməd” adı qoymuşdu. Bax bu “dissident” hakimiyyət dəyişikliyini hiss edərək cəbhəçilərin yanında hərlənmiş, Elçibəy prezident olandan sonra “a bəy, mənə bir vəzifə” deyib əl çəkməyib, “Gənclik” nəşriyyatını alıb, yeyib, dağıdıb, viran qoyandan sonra çıxıb gedib. Heydər Əliyevin vaxtında isə özünü şirin sataraq deputat da olub. Bu adam rahat həyat naminə buqəlamun kimi rəngini dəyişə-dəyişə gedib çıxıb ermənilərin hüzuruna, indi də onların sifarişini yerinə yetirir.

Mən bu adamın yazdığı romanın internetdə yayılmış jurnal variantını oxudum. Azərbaycan xalqına, İslam dininə nifrətlə dolu bir karxana, nifrət püskürən bir vulkanla müqayisə etmək olardı. Kiməsə təəccüblü görünə bilər, amma mənə elə gəldi ki, müəllif özünün erməni əcdadlarını axtarır, əcdadlarının ruhları qarşısında son borcunu yerinə yetirir, guya türklər və azərbaycanlılar tərəfindən öldürülmüş həmtayfalarına ağı deyir (rekviyev həm də ağı deməkdir, o, əsərini roman–rekviyev adlandırıb). O, əsəri əcdadlarının xatirəsinə həsr etdiyini lap əvvəldən bildirir: “Özlərindən sonra ağlanmamış əzablarını qoyub getmiş həmyerlilərimin (oxu: həmtayfalarımın) xatirəsinə həsr edilir”. Müəllif əsərdə Əylisin bir erməni məkanı, hətta Eçmiədzindən də əziz bir erməni məkanı olduğunu sübut etməyə çalışır. Əsərin 2 əsas qəhrəmanının–Saday Sadaxlı və doktor Abasəliyevin Əylisdən olması, onların ermənilərə xüsusi məhəbbəti, erməni-xristian kökünə qayıdış istəkləri, Sadayın həyatının sonunda xristianlığı qəbul etmək üçün xəyalən Eçmiədzinə getməsi təsadüfi deyil. Ən maraqlı surət isə Aniko(Anıx) obrazıdır. Bu qadın guya 1919-cu ildə türklər tərəfindən məhv edilən erməni ailəsinin sağ qalmış yeganə nümayəndəsidir. Onu 10 yaşında azərbaycanlı ailəsi götürüb saxlayıb, sonra özlərinə gəlin ediblər. Anıx ikili həyat yaşayır, ərinə, müsəlmanlara məhəbbətini bildirməkdən yorulmur, hətta imamların yasını saxlayır, həm də erməni kilsəsəsinə gedir, təmizləyir, gül-çiçək əkir. Ölüm ayağında isə ona baş çəkməyə gəlmiş azərbaycanlı qadınlara deyir ki, mən sizi aldadırdım, dinimi dəyişməmişdim. Bu obraz Əkrəmin nənəsinə və ya özünə işarə deyilki?  Mən təssüf edirəm ki, bəzi adamlar Əkrəm Əylislini müdafiə etməyə söz tapırlar. Bəli, məhz söz tapırlar, çünki bu adamı müdafiə etməyin yeri yoxdur. Görünür, ya yazıqları gəlir, vəziyyətdən çıxarmağa çalışırlar, ya Qərbdəki dostlarının xoşuna gəlməyə çalışırlar. Bəziləri də var ki, özlərini postmodernist, alternativ düşüncə cərəyanlarının nümayəndələri hesab edir və hər cür sayıqlamaları müdafiə etməyi özlərinin vəzifə borcu sayırlar. Bu yazıqları da Orxan Pamukla Umberto Eko girinc eləyib. Nobel istəkləri də yox deyil. Olsun, amma öz xalqını söymək, aşağılamaq hesabına yox. O gün bir nəfər Əkrəm Əylisliyə bəraət qazandırmaq məqsədilə dedi ki, Nitsşe də öz xalqını söyür, tənqid və təhqir edirdi. Düzdür, amma Nitsşenin əsərlərini oxumuşsunuzsa, görərdiniz ki, o, alman xalqını öz kökündən, mədəniyyətindən, musiqisindən, tarixindən uzaq düşdüyünə, qondarma “çağdaş mədəniyyətə” uyduğuna görə söyür, qamçılayır, öz kökünə, mədəniyyətinə, hərbi qələbələrinə söykənərək yeni bir millətə çevrilməyə çağırırdı. Bizim başabəla psevdoliberallarımız, psevdodemokratlarımız isə bizi keçmişimizə, dünənimizə tüpürüb bu gün təklif olunan, “çağdaş mədəniyyət”, “yeni dəyərlər” deyilən eybəcərliyə qovuşmağa çağırırlar.

 Bəziləri deyirlər ki, bədii əsərdi, çox fikir verməyin, yazıçıdı, azadlığını əlindən almaq olmaz. Bu dostlarımızın nəzərinə çatdırıram ki, ermənilər bu günə qədər antitürk, antiazərbaycan, antiislam təbliğatlarını “Sarı kitab” dedikləri bir qurama gündəliyin və 2 bədii əsərin üzərində qurublar. “Sarı kitabı” tanıyırsınız, Türkiyədən qaçan ermənilərin subyektiv xatirələrindən ibarətdir və heç bir halda mənbə kimi istifadə oluna bilməz. Bədii əsərlərdən biri Frans Verfel adlı yəhudinin 1932-ci ildə yazdığı “Musa dağında 40 gün” romanıdır, Türkiyənin Musa dağında guya ermənilərin türklər tərəfindən kütləvi şəkildə məhv edilməsindən danışır. Türk alimləri elmi şəkildə sübut edirlər ki, elə bir hadisə olmayıb, müəllif  özü də dəfələrlə bildirib ki, bu, onun real həyatdan götürdüyü hadisə deyil. Bunlara baxmayaraq, ermənilər bu kitabın parçalarından hər yerdə geniş şəkildə sübut kimi istifadə edir, filmlər çəkirlər. Digər kitab “Torağayın malikanəsi” adlanır, müəllif erməni əsilli italiyalı qadın Antoniya Arslandır. Bu qadın 1915-ci hadisələrində Türkiyəni tərk etmiş Yervand Arslanın nəvəsidir, roman 2004-cü ildə işıq üzü görüb, çoxlu dillərə tərcümə olunub, milyon tirajlarla çap olunub. Mənə bu kitabın ermənilərin Moskvadakı rus dilli jurnallarından birində çap olunmuş variantı çatıb. Bu qadın guya babalarının başına gətirilən elə ağılasığmaz şeylərdən yazır ki, inanmaq mümkün deyil. Məsələn, guya türk əsgərləri həyətə girir, qılıncla Sumbatın başından vurur, baş üzülür, uçub gedir, Şuşanikin qucağına düşür. Heç fantastik kinolarda belə olmur.

Digər tərəfdən, Əkrəm Əylisli romanını yalnız bədii əsər kimi yazmır, erməni taciri “Zakarinin gündəliyi” deyilən mətndən bol-bol istifadə edir. Bu gündəlik guya əylisli erməni taciri tərəfindən XVII əsrdə yazılıb, 1939-cu ildə Ermənistanda tərcümə olunaraq çap edilib. Bu gündəlik çoxlu subyektiv fikirlərdən ibarətdir, üstəlik ermənilər ənənələrinə sadiq qalaraq tərcümə edərkən çoxlu saxtakarlıqlara, təhriflərə yol veriblər. Əkrəm isə əsərini bütövlükdə bu gündəlikdən ruhlanaraq və ona əsaslanaraq yazıb. Ermənilər Əkrəm Əylislinin bədii cızma-qarasından da bu cür istifadə edəcəklər. “Drujba narodov” jurnalı başabəla yazarı “həqiqəti deməyə cəsarət tapmış yazıçı” kimi təqdim etməklə artıq bu prosesə start verib, ermənilər də iqtibas gətirməyə başlayıblar.

  Bax ermənilər budu, hər şeydən bu cür istifadə edirlər. İstərdim ki, Əkrəm Əylisli bu yazını oxusun, özü üçün bir nəticə çıxartsın. Düzdü, deyir ki, özününkündən başqa heç kimin yazısını oxumur. Hər halda oxusa yaxşı olardı. Nəsihət vermək istəmirəm, onun nəsihət götürən vaxtı da deyil. Amma tövbə eliyə bilər, tövbə qapısı həmişə açıqdır, tövbə etmək heç vaxt gec deyil. Tarixdə millətinə, yoldaşlarına, dostlarına sədaqəti ilə seçilməyənlər xəyanət yolunu seçməklə, məbəd, məscid tikə bilməyənlər onları yandırmaqla yadda qalmağa çalışıblar. Əkrəm Əylisli də bu yolla, Herostratın, İudanın, Keçəl Həmzənin yolu ilə getdi. Tarixə düşdü, amma bu yolla düşdü. Bu adamı bağışlamaq, əhv etmək olarmı? Mən şəxsən onu bağışlaya bilmərəm, öldürmək də istəməzdim. Qoy qalsın, hər gün 10 dəfə ölsün-dirilsin, bu dünyada cəhənnəmin əzablarını yaşasın.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir