Modern.az

Azərbaycanın düşüncə generalları – “qızıl onluq”

Azərbaycanın düşüncə generalları – “qızıl onluq”

9 Fevral 2013, 11:22

Modern.az Azərbaycanın düşüncə generallarının qızıl onluğunu sizlərə təqdim edir. Təbii ki, bu siyahı tam deyil və əlavələrinizi şərhlərdə gözləyirik.

1. Heydər Hüseynov

Azərbaycan düşüncə elminin bayraqdarı olan alim ictimai-sosial və  humanitar sahədə apardığı elmi araşdırmaları ilə elm zirvələrini fəth edə bilmişdi. Bu uğurlarına görə bir sıra məsul vəzifələrə çəkilmiş və iki dəfə Stalin mükafatına layiq görülmüşdü. Lakin böyük alim son və şah əsəri olan “ XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı əsərinə görə təqiblərə məzruz qalmış , sonda isə intihar edib. Amma Hüseynov istər insan , istərsə də vətəndaş məfhumu üçün  özünüdərk formulunu yarada bilmişdi.

2 . Ziya Bünyadov  

Şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi Ziya Bünyadov Azərbaycan düşüncə tarixində iz qoyan ən güclü tarixçi və şərqşünaslardandır. Onun elmi irsi həm milli kökə bağlılığı, həm də mənəvi prinsiplərə sədaqəti insanlara təlqin edib. Alimin “Dinlər, təriqətlər və  məzhəblər”, “Azərbaycan Atabəylər dövləti”, “VII əsr Azərbaycan tarixi“ və s. monoqrafiyaları milli kimliyimizi öyrətmək baxımından əsaslı rol oynayır.

3. Asif Əfəndiyev ( Asif Ata)

İxtisasca filoloq olmasına baxmayaraq Azərbaycan təfəkkür sistemində yeni bir nəzəriyyənin və fəlsəfənin əsasını qoymuşdur. Mütləqə İnam fəlsəfi xəttinin banisi olan Asif Əfəndiyev fikirlərini “Ocaq” estetik klubunda tələbələri arasında yaymışdır. Fəlsəfi fikirlərinə görə uzun müddət təqiblərə məruz qalan alimin 20-dən artıq kitabı bu gün də yeni əxlaq və intellekt yetirməyə qadirdir.

4. Azad Mirzəcanzadə

Ensiklopedik zəka sahibi olan alim neft-mədən və geologiya mütəxəssisi olsa da, ümumən Azərbaycan elmşünaslığının banilərindən sayılır. Düzdür, akademikin öz ixtisası  üzrə əldə etdiyi elmi nailiyyətlər bu gün də respublikamızda və onun hüdudlarında keçərlidir. Amma Azad Mirzəcanzadə dedikdə elmə kreativ yanaşma , intellektlə bədiiliyin, fəlsəfə ilə məntiqin sintezi yada düşür. Yaradıcılıqla modelləşdirmənin qarşılıqlı əlaqəsini, dəqiq və humanitar elmlərin eyni prinsip altında inteqrasiyasını çox böyük ustalıqla yerinə yetirib. Alimin şah əsəri sayılan və hələ də öyrətməkdə davam edən “İxtisasa giriş“ monoqrafiyasında  bütün bunlar daha ətraflı nəzərə çatdırılır.

5. Zakir Məmmədov

Əməkdar elm xadimi, şərqşünas biri Zakir Məmmədov Azərbaycan oxucusunu Şərq hikmətləri, gizli qalan sirləri və elm xəzinəsi ilə ən çox tanış edən alimdir. O, təsəvvüf fəlsəfəsinin qaymaqlarını, Şərq elminin memarlarını araşdıraraq elmə və hikmətə böyük töhfələr verib. Monoqrafiyaları içərisində “Bəhmənyarın fəlsəfəsi”, “Şihahbəddin Yəhya Sühreverdi“ , “Azərbaycan fəlsəfə tarixi“, Azərbaycan filosofları və mütəfəkkirləri“ daha çox yadda qalan və diqqətəlayiq əsərlərdir.

6. Fuad Qasımzadə

Akademik Feyzulla Qasımzadənin Azərbaycan elmi üçün hazırladığı şah əsər akademik Fuad Qasımzadə fəlsəfə elmimizin öncüllərindən sayılır. 30-a yaxın mühüm monoqrafiyaları olan alim həm naturfəlsəfə , həm də dəqiq elmlərlə humanitar fəlsəfənin inteqrasiyasına aid əsaslı araşdırmalar aparıb. Alimin Füzuli fəlsəfəsi barədə yazdığı “ Qəm karvanı və ya zülmətdə nur” monoqrafiyası humanitar, tarixi və fəlsəfi  araşdırma baxımından misilsiz əsərlərdən biridir.

7. Məmmədəli Zeynalov

Professor Zeynalov Məmmədəli modern Azərbaycan fəlsəfə elminin inkişafında misilsiz xidmətləri olan alimlərdəndir. Alimin qədim yunan, Misir, Çin, Hindistan, eləcə də ümumən Şərq fəlsəfəsinə aid dəyərli araşdırmaları indi də öz aktuallığını saxlayır. Alimin əsas xidməti Qərb fəlsəfəsi ilə Azərbaycan fəlsəfəsinin yaxınlığını yaratmaq, araşdırmalarında antik yunanlardan tutmuş modern Avropa fəlsəfəsi barədə məlumat verməsidir. Alimin “Xarici ölkələrin fəlsəfə tarixi” monoqrafiyası mühüm əsərlərindəndir.

8. Xudu Məmmədov 

Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerika, bütün dünyada istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində yazmışdı. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O həm də estetika ilə intellektuallığın, fəlsəfə ilə elmin sintezini yaradanlardan biridir.

9. Rafiq Əliyev

Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik:

• AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması

• Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması

• Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi

• ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi

 

10. Əbülhəsən Abbasov

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 220-dən çoxdur. Xaricdə çıxmış elmi əsərlərin sayıisəə 27-dir. Əsas elmi nailiyyətləri: Sinergetikanın, bütövlük nəzəriyyəsinin, mürəkkəblik fəlsəfəsinin, optimum fəlsəfəsinin, tənqidi-sinergetik təfəkkür konsepsiyasının, postneoklassik epistemologiyanın, sinergetik idarəetmə fəlsəfəsinin işlənilməsi; milli maraqlar və milli ideologiya, ictimai transformasiya, açıq cəmiyyət və demokratiya, hüquqi dövlət və vətəndaş cəmiyyəti, insan haqları və ictimai rəy, elmi metodologiya, intellektual resursların idarə olunması problemlərinə həsr olunmuş tədqiqatlar da aparıb.

 

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir