Modern.az

Səfər Alışarlı “Daş yuxular” haqqında yazdı

Səfər Alışarlı “Daş yuxular” haqqında yazdı

9 Fevral 2013, 14:07

Beləmi anırlar səndən ötrü can fəda etmiş xilaskar əsgər qardaşı?

“Daş yuxuları“ oxumadığım halda bir həftə əvvəl ANS telekanalında səslənmiş neytral bir cümləm az qala məni bəzi jurnalistlər üçün bu əsərin müdafiəçisinə çevirdi. Əsəri oxudum və təəssüf etdim ki, belə, bədii cəhətdən zəif, tutarqasız, saxta ədəbi faktura ilə dolu bir roman Azərbaycan ədəbiyyatı adından rusdilli oxucu məkanında böyük tirajla yayılıb.

Bu roman Azərbaycan və erməni xalqları arasında sülhün və dostluğun yaranmasına nə dərəcədə xidmət edir? Son yüz ildə ermənilər öz havadarlarının köməyilə bizim torpaqlarımızı işğal edib, əhalimizi qırıb, öz dədə-baba yurdundan qovub və sair. Ermənilər yurdumuza olan torpaq iddialarını ən yüksək səviyyələrdə bu gün də gizlətmirlər. Belə bir millətin qarşısında yazıçının öz xalqını aşağılaması həm ədəbi-bədii, həm də siyasi baxımdan yolverilməzdir.

Əkrəm Əylislinin qələmindən sanki şeytan aldatması ilə çıxmış bu passajları - “özlərindən sonra ağlanmamış ağrı qoyub getmiş həmyerlilərim”, “əgər öldürülmüş hər erməninin xatirəsinə bir şam yandırılsaydı, onların işığı ayın işığından gur olardı”, “aldadılaraq həyətə toplanmış erməni qadın və uşaqlarının hamısı Adif bəyin əmrilə güllələndi”, “Əylisin erməni qanına bulanmış çayları bir neçə gün qırımızı axdı” və sairi heç erməni ədibin özü də belə təkzibedilməz təkəbbürlə yaza bilməzdi.

Bütün bu hadisələrin Əylis tarixində belə olub-olmaması müzakirə obyekti deyil və ola bilməz, çünki əsər bədii əsərdir və onu yalnız estetik qanunlar baxımından təhlil etmək mümkündür. Estetika qanunlarında emosional təsir baxımından Aristotel poeziyanı tarixdən güclü sayır. O deyir ki, tarix elmi yalnız olmuş faktın təsvirini verə bilir, amma poeziya olması mümkün görünən və ola biləcəyi ehtimal edilənləri də oxucuya çatdırmağa qadirdir. İndiki halda “Daş yuxular” romanı “ola biləcəyin ehtimalından” da irəli gedərək, mənəvi eybəcərliyin təzahürünü yaradan dırnaqarası faktları yalnız bir tərəfin, yəni bizim – türk xalqının milli kimliyinə yükləyib.

Əlbəttə, ədəbi obrazın ağlına hər şey gələ bilər, amma bu yalnız əsərin ümumi mövzusu və fəlsəfəsilə səsləşəndə müəyyən məna və əhəmiyyət kəsb edər. Müsəlman dininə mənsub bir “əzabkeş” azərbaycanlının Eçmədzinə gedib xristianlığı qəbul etmək haqqında düşüncələri əsərdə ehtimal olaraq baş tutmayıbsa belə, baş tutmuş kimi görünür və romanın ümumi mənzərəsində Azərbaycan türkünün natamamlıq kompleksilə dolu milli obrazını dini prizmadan tamamlayır. Türkiyəli hərbi komandir Adif bəy Əylisə niyə gəlmişdi? Gəlmişdi ki, əliyalın qan qardaşlarının bir hissəsini də olsa, təpədən-dırnağa silahlanmış erməni bandalarının törətdiyi qətliamlardan xilas etsin. Beləmi anırlar səndən ötrü can fəda etmiş xilaskar əsgər qardaşı? Yəqin ki, Əkrəm Əylisli balkanlarda, eləcə də həqiqətən qanın su yerinə axdığı “Şipka” yüksəkliyində olub və Adif bəylə döyüşən rus əsgərlərinə qoyulmuş möhtəşəm abidələrin bolqarlar tərəfindən indiyədək necə qorunduğunu görüb. Belə abidələri öncə insanların ürəyində yaratmaq və qorumaq ədəbiyyatın işidir. Əkrəm müəllim öz əsərilə bunun əksini – türkə və türk əsgərinə nifrət xatirəsini yapıb.

Biz kimlərlə qonşu olduğumuzu bilirik. Biz ermənilərlə də, başqaları ilə də sülh və əmin-amanlıqda yaşamaq istəyirik. Amma bunu gərək qonşu da istəyə axı. Biz milli mənliyimizi bu səviyyədə erməninin ayaqları altına atanda, onun ölkəmizin içinə soxulmuş murdar ayağı bir az da möhkəm yer alır və onunla dialoq aparmaq daha da çətinləşir.

Türk tarixən güclü, ədalətli və rəhmli bir xalq olduğu üçün düşmənləri yüz illər boyu dünyada onun yarımvəhşi, barbar obrazını yaratmağa çalışıblar və buna müəyyən məqamlarda hətta buna nail olublar. “Daş yuxular” öz təslimçi, milli ləyaqət hissindən uzaq qayəsilə humanizmə və sülhə yox, məhz bizə düşmən olanların bu siyasi niyyətlərinə verilən ədəbi-bədii dəstəkdir.

Azərbaycan ictimaiyyətinin bu əsərə və onun müəllifinə kəskin etiraz dolu münasibəti göz qabağındadır və ona haqq qazandırmamaq mümkün deyil. Prezident İlham Əliyevin sərəncamı ilə Əkrəm Əylislinin titullardan məhrum edilməsi də bütün bu haqlı etirazların məntiqi sonluğu və yazıçının yalnız xalqa məxsus olan milli ləyaqət hisslərini təhqir etməsinə adekvat cavabdır.     

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir