Modern.az

“Müəllimimin kürəkəni Sürət Hüseynova qoşulub evimizə hücum etdi” - Tahir Kərimli

“Müəllimimin kürəkəni Sürət Hüseynova qoşulub evimizə hücum etdi” - Tahir Kərimli

Mədəni̇yyət

9 Fevral 2013, 14:46

Həyatımızda elə ilklər var ki, bunlar sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Kiminin ilki ona sonralar xoş anlar, kiminin ki, isə məyus edəcək təəssürat qoyur. Amma fərqi yoxdur bu ilkdir və şüuraltımız qollarını açaraq onu möhkəmcə qucaqlayıb saxlayır. O günə kimi ki döyünən ürəyimiz bir gün dayanır. 

Bəlkə də az insan tapılar ki, məktəbdə birinci sinfin ilk günlərini, qayğısız, xoşbəxt və dəcəl vaxtlarını xatırlamasın. 

Modern.az-ın “İlk dərs günləri” adlı rubrikasının budəfəki qonağı Vəhdət Partiyasının rəhbəri Tahir Kərimlidir. Görək 56 yaşlı Tahir Kərimli 7 yaşlı balaca, həssas, enerjili Tahiri necə xatırlayır:

– Ağsu şəhər 1 nömrəli orta məktəbə 1963-cü ildə getmişəm. Məni məktəbə böyük bacım əlimdən tutub aparmışdı. Böyük həvəslə getmişdim. İlk günü belə xatırlayıram, bizi məktəbin həyətinə topladılar, böyük bir ağacdan zəng asmışdılar. Başqa bir dəmirlə həmin zəngə vururdular ki, hamı içəri daxil olsun. İlk dəfə o cür məktəbə daxil olduq.

Həmişə arzu edirdim ki, ilk müəllimim olan Adilə xanıma yaxşı, böyük bir hədiyyə alıb, onun yanına gedim. Amma sonradan həmin müəllimin kürəkəni Sürət Hüseynova qoşulub bizim evə hücum etdi. Ürəyimdə o xanımı ana kimi sevməyimə baxmayaraq, bu hadisədən sonra onu ziyarət edə bilmədim. İstəyirdim ki, gedib onun əlindən öpüm. Amma alınmadı.

İlk gündən qavramam çox yaxşı idi. Birinci sinifdən onuncu sinfə kimi həm sinif nümayəndəsi, həm də əlaçı olmuşam. Həm məktəbdə, həm də universitetdə deyirdilər, kim yaxşı oxuyur? “Filankəs, filankəs, deyirdilər, bəs Tahir. Deyirdilər o heç də”. Çünki mənim indiyə kimi oxumaqdan başqa əlimdən heç nə gəlmir. Günü bu gün də beş saatdan az olmayaraq qəzet, təxminən beş-altı saat da kitab oxuyuram. Başqa məşğuliyyətim yoxdur. Yəni belə bir primitiv insanam.

Mən hələ məktəbə getməmişdən əvvəl bir çox şeirləri əzbərdən bilirdim:

Can gülüm, can-can,
Doldu günəş, qırmızı,
Can gülüm , can-can.
Topladı oğlan-qızı,
Can gülüm can, can

Və ya

Ata, ata sahildəki o, nədir?
Gəmidi,
Gəmidəki o kimdi?
Əmidi.
Əmi orda neynəyir?
Tor qurur.
Toru qurub neyləyir?
Dənizə atacaq, çoxlu balıq tutacaq.
Denən tutmasın o balığı,
Anası axtarar axı yazığı.

Yəni belə həvəsli idim öyrənməyə.

Xüsusi mürəkkəblərimiz olurdu ki,  çantamıza qoyurduq və həmişə çantama dağılırdı. O vaxtlar geyimlərimiz də  sadə idi. Bir hadisəmi sizə danışmaq istəyirəm. Altıncı sinifdə mən atamı itirdim. Ondan sonra heç vaxt yadımdan çıxmaz bir dəfə məktəbə yetim uşaqlar üçün paltarlar gətirmişdilər. Gördüm kimsə mənim adımı çəkdi. Təsəvvür edin ki mənim atam yüzlərlə işçisi olan, hörmətli bir adam idi. Adımın orada çəkilməsi qəlbimi çox yaraladı. O zaman da bir nömrəli məktəb uzaqda, evimizdən iki-üç kilometr aralıda idi. Çıxdım ağlaya-ağlaya çölə. Amma evə getmədim. Futbol oynadığımız meydançada bir daşın üstündə dizimi qoyub o qədər ağladım ki, gör mən nə günə qalmışam.

Bizdə ailədə mühit də başqa idi . Təsəvvür edin ki onuncu sinifdə oxuyurdum Zeynəb Xanlarova oxuyanda belə qulaq asmırdıq. Çünki televiziyanı 5 il yandırmadıq. Gəlirdik ki, anamız ağlayırmı? Ağlayırdısa evə gəlirdik, ağlamırdısa oynamağa gedirdik. Ona görə də bir az qəmgin olmuşuq. Bəlkə də bunun izidir ki, adi bir hind kinosuna baxım və ya atasız-anasız uşaq görüm oturub ağlayıram. Neçə illər məhkəmədə işlədim kiməsə də cinayət işi verəndən sonra oturub uşaq  kimi ağlayırdım.

Çox utancaq idim. Qızlar pencəyi yayın istisində əynimdən çıxarda bilmirdilər. Amma məni çox istəyirdilər, həm də guya tərbiyəli idim. Qızlara qarşı da ürəyimdə sevgi olmayıb. Çünki bütün istəyimi oxumağa vermişdim. 8 martda yaxşı oxuyan qızları təbrik etmək lazım idi. Mənə dedilər ki, qızlara kitab hədiyyəsini Tahir verəcək. İlahi o qədər utanırdım, qıp qırmızı olmuşdum. Bir Allah bildi ki, o hədiyyələrin necə verdim. Utanırdım ki mənim əlim qız əlinə dəydi. Yəni qızlarla oynamaq, onunla yanaşı oturmaq mənim üçün utandırıcı bir şeylər idi. Həyat yoldaşım isə qonşuluqda yaşayırdı. Gizlində ürəyimə düşdü. Bacımı göndərdim.

Şahanə Rəhimli  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır