Modern.az

Mətbuatdan yüksələn jurnalistlərin çağdaş mətbuat barədə dedikləri...

Mətbuatdan yüksələn jurnalistlərin çağdaş mətbuat barədə dedikləri...

3 Mart 2010, 11:39

Mətbuat sahəsində çalışmaq bir çox həmkarımızın karyera qazanmasında mühüm rol oynayıb. Vaxtilə mətbuatda sıravi müxbir, redaktor vəzifələrində işləmiş bəzi həmkarlarımız indi dövlət orqanları və ya böyük şirkətlərdə mətbuat xidmətinin rəhbəri, ictimaiyyətlə əlaqə şöbəsinin müdiri postunu tuturlar. Təəssüf ki, onlardan bəziləri vəzifəyə gedəndən sonra mətbuata münasibəti dəyişib. Amma bu, hamıya şamil edilə bilməz, mətbuat sahəsindən dövlət orqanları və ya böyük şirkətlərə transfer olunanlardan jurnalistlərlə yaxşı işləyənləri də var. Onlar əvvəllər çalışdıqları sahənin işini indi necə dəyərləndirirlər? Modern.az mətbuatdan yüksələnlərin fikirlərini təqdim edir.

 

Mərkəzi Seçki Komissiyasının (MCK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev əvvəllər “Avrasiya” qəzetində tərcuməçi (rus-Azərbaycan dilləri), daha sonra həmin qəzetdə müxbir, sonralar isə “Ekspress” qəzetində reportyor kimi çalışıb.

Azər Sarıyev bildirir ki, “Ekspress” qəzetində əməkhaqqı az verildiyindən oradan çıxmalı olub. O, həmçinin “Kaspi”, “Bütöv Azərbaycan”, “Azadinform” kimi mətbu orqanlarda reportyor, “Palitra” qəzetində isə baş redaktor kimi çalışıb. 2003- cü ildən isə MSK-nın mətbuat şöbəsinin rəhbəridir.

Azər Sarıyev deyir ki, onun mətbuatda çalışdığı dövrlərdə sovet ənənələri daha çox hiss olunurdu: “O dövrdə jurnalistlərin peşə səviyyəsi aşağı idi. Dövlət dəstəyi də yox idi. İndi media Avropa tipli xəbərlərə üstünlük verir. Bu da müsbət haldır. Dövlət qayğısı da hiss edilir. Məsələn, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması buna bariz nümunədir. Azərbaycan mətbuatında ixtisaslaşma olsa, jurnalistlərin peşəkarlığı da artar. Mətbuatın inkişafı iqtisadi amillərdən də asılıdır. Savadlı jurnalistlərə nə qədər çox maliyyə ayrılsa, mətbuat bir o qədər inkişaf edər”. MSK-nın mətbuat şöbəsinin rəhbəri hesab edir ki, mətbuatın durumu həmçinin birbaşa mətbu orqanın menecerindən də asılıdır: “Mən APA-nın baş direktoru  Vüsalə Mahirqızını  ən yaxşı menecer hesab edirəm. O, Azərbaycan mətbuatının kraliçasıdır”.

Çağdaş mətbuatımızdan gileylənən Azər Sarıyev jurnalistlərin onun dediyini olduğu kimi yazmamasından narazıdır: “Bəzən fikirlər təhrif olunmuş şəkildə verilir. Məcbur olursan yenidən həmin mətbuat orqanı ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirəsən”.

“Yenidən mətbuatda  çalımaq istərdinizmi?” sualına A.Sarıyev belə cavab verdi: “Əgər yaxşı pul versələr, baş redaktor və ya reportyor kimi çalışaram”.

 

Dövlət Sosialı Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev əvvəllər “Kaspi” qəzetində, “Trend” İnformasiya Agentliyində müxbir işləyib. Bununla yanaşı, bir sıra mətbuat orqanları ilə də əməkdaşlıq edib.

O, hesab edir ki, hazırda Azərbaycan mətbuat ilə dünya mətbuatı arasında bir uçurum var: “Azərbaycan mətbuatı ilə dünya mətbuatı arasındakı ziddiyyəti iqtisadi amillə bağlamaq olar. Ancaq Azərbaycan Cənubi Qafqazda kifayət qədər inkişaf edib. Əvvəlki dövrlə müqayisədə peşəkarlıq müəyyən qədər hiss olunur. Bunda dövlətin, Mətbuat Şurasının da rolunu qeyd etmək lazımdır. “Reket” jurnalistikasına qarşı tədbirlər görülür, maarifləndirmə işləri aparılır”.

Elman Babayev bildirir ki, son zamanlar ciddi yazarlar nədənsə mətbuatdan uzaqlaşıb: “Səbəbini də bilmək olmur.

Jurnalistlər məqalə hazırlayarkən gərək o mövzunu ciddi araşdırsınlar. Öz təcrübəmdən deyə bilərəm ki, pensiya yaşının artırılması ilə bağlı qanun qəbul olunanda bununla əlaqədər çox qeyri-peşəkar məqalələr yazıldı. Buna görə də jurnalistlər mövzunu ətraflı araşdırıb, sonra mətbuata verməlidirlər”.

“Mətbuata yenidən qayıtmaq istərdinizmi?” sualını isə Elman Babayev belə cavablandırdı: “Allahın qismətidir, nə vaxtsa mətbuatda işləyəcəm, ya yox. İndi çalışdığım iş də demək olar ki, mətbuatın bir qoludur”. 

Təhminə Paşayeva

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı