Modern.az

Azərbaycanın elmi diasporunun portalı yaradılıb

Azərbaycanın elmi diasporunun portalı yaradılıb

3 Mart 2010, 15:57

Bu gün Bakıda Azərbaycanın elmi diasporuna həsr olunmuş internet-portalın təqdimat mərasimi keçirilib.

Hələlik www.elmidiaspora.internet.az ünvanında yerləşən resurs Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər (AKTAM) qeyri-hökumət təşkilatı tərəfindən bir sıra dövlət strukturlarının dəstəyi ilə hazırlanıb.
Layihənin məqsədi xaricdə yaşayan azərbaycanlı alimlər, tədqiqatçılar, müasir texnologiya sahəsində qabaqcıl mütəxəssislər haqqında informasiya-analitik məlumat bankının yaradılması, Azərbaycanda yaşayanlar üçün xaricdəki görkəmli həmvətənləri haqqında bilmələrinə köməkliyin göstərilməsi, onların təcrübəsinin elm və texnikanın inkişafında istifadə olunmasıdır.
Həmçinin layihə müxtəlif ölkələrdə yaşayan elmi diaspor nümayəndələri ilə əlaqələrin yaradılması, eləcə də Azərbaycanın dünya səviyyəsində təqdim olunması işində səylərin bir araya gəlməsi məqsədini daşıyır.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Mili Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bu cür portalın əhəmiyyətindən danışaraq yeni texnologiyaların dünya üzrə əlaqələrin qurulmasında böyük rol oynadığını qeyd edib, eləcə də ölkədə internet-resursların sayının durmadan artdığını və bunun informasiya texnologiyalar sahəsinin inkişafından irəli gəldiyini vurğulayıb.
Xüsusi olaraq elmi diaspor üçün yaradılmış bu portal Azərbaycan elminin inkişafına xidmət edə bilər, gənc alim və mütəxəssislər təcrübənin öyrənilməsi, yaşadıqları ölkələrdə özlərini tanıtmış Azərbaycan nümayəndələri ilə əlaqələrin qurulmasında resursdan yararlana biləcəklər, - M. Kərimov bildirib.
Portal layihənin əlaqələndiricisi, AKTAM-ın direktoru Natiq Əhmədov təqdim edib.
Hələ ki təkcə Azərbaycan dilində fəaliyyət göstərən portalın gələcəkdə İngilis dilli versiyası da yaradılacaq. Wikipedia onlayn-ensiklopediyası nümunəsi üzrə işlənib hazırlanmış portalda istifadəçi tərəfindən öz səhifəsində məlumat yerləşdirmək və əlavə etmək imkanı var. Qeyd etmək lazımdır ki, resursda artıq bir sıra elm adamları qeydiyyatdan keçib.
Təqdimatdan sonra çıxış edən Azərbaycan elm dairələrinin, eləcə də dövlət strukturlarının nümayəndələri bu cür resursun yaradılmasını müsbət qiymətləndirib və layihə üzərində işləyən alimlər qrupuna uğurlar arzu ediblər. Ən əsası isə çıxış edənlər layihənin məqsədinə çatmaqda, yəni yaşadığı ölkədən asılı olmayaraq Azərbaycan elminin nümayəndələrinin bir araya gəlməsi üçün virtual məkanın yaradılmasına köməklik göstərməyə hazır olduqlarını bildiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir