Modern.az

Avropada Xocalı həqiqətlərini yeni eşidənlər dəhşətə gəldilər...

Avropada Xocalı həqiqətlərini yeni eşidənlər dəhşətə gəldilər...

3 Mart 2010, 20:10

Ötən həftə Belarus, Çexiya, Polşa və Avstriyada «Xocalıya ədalət» kampaniyası çərçivəsində Beynəlxalq Diaspor Mərkəzi (BDM) də böyük fəallıq nümayiş etdirib. Qurumun sədri İsmayıl Ağayev Modern.az saytına bu tədbirlərlə bağlı açıqlama verib.

 

- Xocalı faciəsinin ildönümü ilə əlaqədar olaraq BDM fevralın 18-dən 27-dək Belarus, Polşa, Çexiya və Avstriyada təbliğat xarakterli bir sıra tədbirlər keçirməyi planlaşdırmışdı. Bu tədbirləri Azərbaycan Respublikasının Xocalı faciəsinin ildönümü ilə əlaqədar keçiriləcək tədbirlər planına uyğun olaraq, eləcə də İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən «Xocalıya ədalət» kampaniyasına dəstək kimi keçirməyi qərara almışdıq. Nümayəndə heyətinin tərkibinə millət vəkili Gülər Əhmədova, «Diasporun səsi» jurnalının baş redaktoru, professor Vaqif Arzumanlı, BDM aparatının rəhbəri Samir Adıgözəlli, BDM-in Rusiya nümayəndəliyinin rəhbəri Ələmdar Nəbiyev, BDM-in Avropa ölkələri üzrə nümayəndəsi, professor Azər Kərimov və mən daxil idim. Tədbirlərimiz fevralın 18-də Belarusun paytaxtı Minsk şəhərindən start götürdü. Nümayəndə heyətimiz həmin gün əvvəlcə Azərbaycanın Belarusdakı səfirliyində oldu. Səfir Əli Nağıyev görüş zamanı səfirliyin fəaliyyəti, Belarusla Azərbaycan arasındakı münasibətlərdən bəhs etdi. Nümayəndə heyətiminin üzvlərinin çıxışlarında Azərbaycan-Belarus münasibətlərindən, Xocalı faciəsindən söz açıldı. Günün ikinci yarısında nümayəndə heyəti Belarus Dövlət İqtisad Universitetinin rektorluğu və professor-müəllim heyəti ilə görüşdük. Nümayəndə heyətinin üzvləri - Azər Kərimov, Vaqif Arzumanlı, habelə Belarusdakı səfirliyimizin müşaviri Asya Manafova Azərbaycan-Belarus münasibətlərindən və Xocalı soyqırımından danışdılar. Xalqımızın tarixindən, Dağlıq Qarabağ münaqişəsinin real faktlarından söz açan, bu münaqişənin ən qanlı faciəsi olan Xocalı soyqırımı üzərində ətraflı dayanan Gülər Əhmədovanın çıxışı Belarus tərəfinin böyük marağına səbəb oldu. O, Belarusun İkinci Dünya müharibəsi illərində sakinləri ilə birlikdə yandırılmış Xatın kəndi və 1992-ci il fevralın 26-da erməni terrorçuları və onların əlaltıları tərəfindən Yer üzündən silinmiş Azərbaycanın Xocalı şəhəri arasında paralellər apardı. Mən də bu mövzuda fikirlərimi qarşı tərəfin diqqətinə çatdırdım. Görüşün sonunda nümayəndə heyəti Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər toplusunu, professor Sabir Əsədovun ingilis dilində nəşr olunmuş monoqrafiyasını, CD-ləri və milli suvenirləri universitetin kitabxanasına verdi. BDM-in Xocalı faciəsi ilə bağlı Belarusda keçirdiyi tədbirlər fevralın 19-20-də də davam etdirildi. Heyət Yanka Kupala adına Qrodno Dövlət Universitetində, Baranoviç Dövlət Universitetində dəyirmi masalar, parlamentin üzvü Svetlana Piş ilə rəsmi görüş, Baranoviç Şəhər İcra Hakimiyyətində, Şəhər Şurasında görüşlər keçirdi. Görüşlərdə çıxış edən Vaqif Arzumanlı və Gülər Əhmədova «Xocalıya ədalət» kampaniyası haqqında geniş məlumat verdilər.

Belarusdan sonra nümayəndə heyətimiz Polşaya yola düşdü. Nümayəndə heyətini Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev qarşıladı. Səfirlikdə keçirilən görüşdə Xocalı faciəsinin ildönümünə toxunuldu. Varşavadakı Azərbaycan diasporunun nümayəndələri ilə də ayrıca görüş keçirdik. Soyqırımının ildönümünə həsr edilən bu görüşdə həm də digər milli məsələlərlə bağlı müzakirələr aparıldı. Bildirildi ki, Polşa hökumətinin Xocalı faciəsinə siyasi-hüquqi qiymət verməsi üçün səyləri artırmaq gərəkdir. Eyni zamanda, faciələrimizin Polşa ictimaiyyətinin diqqətinə çatdırılması üçün diasporumuzun rolunun gücləndirilməsinin zəruriliyi vurğulandı. Bir gün sonra Çexiyaya yollandıq. Fevralın 23-dən etibarən nümayəndə heyətimizin Çexiyada görüşləri başladı. Qeyd edim ki, BDM-in Avropa nümayəndəliyinin ofisi Çexiyanın Brno şəhərində yerləşir. Odur ki, ilk görüş Brnodakı Azərbaycan diasporunun nümayəndələri ilə oldu. Daha sonra Brnodakı Masarik Universitetində görüş oldu. Fevralın 24-də isə universitetin böyük konfrans zalında bu ali təhsil ocağının həm müəllim, həm də tələbə heyətinin iştirakı ilə geniş bir anım mərasimi keçirildi. Mərasimdə Gülər Əhmədova, Vaqif Arzumanlı, Samir Adıgözəlli, Azər Kərimov və Çexiyadakı səfirliyimizin konsulu Rauf Namazov iştirak edirdi. Tədirdə Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı iki saatdan artıq müzakirələr aparıldı. Gülər xanım çıxışını Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış xəritə üzrə qurdu. Həmin xəritədə Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı faktlarla əsaslandırılmış şəkildə göstərilirdi. Bu çıxış universitetin tələbələri tərəfindən çox diqqətlə dinlənildi və daha sonra bu istiqamətdə suallar verildi.

 

- Xeyli görüşlər keçirmisiniz. İnsanlar Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı məlumatlara necə münasibət bildirirdilər?

 

- Masarik Universiteti Avropanın öndə gedən ali təhsil müəssisələrindən biridir. Avropa universitetlərinin reytinq sıralamasında dördüncü yerdə dayanır. Dünyanın bir çox siyasi xadimlərinin təhsil aldığı bir universitetdir və Xocalı soyqırımı ilə bağlı keçirdiyimiz tədbirdə təkcə çexiyalı deyil, Avropanın müxtəlif ölkələrindən gəlib Masarik Universitetində təhsil alan tələbələr iştirak edirdi. Xocalı ilə bağlı məlumatlar onlara çox maraqlı görünürdü, bəlkə də bəziləri Dağlıq Qarabağ haqqında ilk dəfə eşidirdilər. Bilirsiniz, biz Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin törətdiyi vəhşətlərə bələdik, amma bu barədə ilk dəfə eşidənlərdəhşətə gəlirdilər. Onu da bildirim ki, Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanan film BDM tərəfindən çex dilinə tərcümə edilmişdi və biz filmin DVD-lərini də özümüzlə götürmüşdük. Həmin film də görüş zamanı seyr edildi və çox diqqətlə qarşılandı. Fevralın 25-də isə görüşümüz Brnodakı Texnologiya Universitetində davam etdirildi. Universitetin müəllim heyəti ilə görüşdə ötən ilin avqustunda BDM-in dəvətilə Azərbaycana səfər edən professor İvan Meznik də iştirak edirdi. O da Azərbaycana səfəri zamanı aldığı təəssüratlar, Quba məzarlığında gördükləri, qaçqınların yaşayış şəraiti barədə danışdı. Çapka soyadlı tarixçi-alim də bu istiqamətdə geniş çıxış etdi. O, çıxışında maraqlı bir ifadə işlətdi. Dedi ki, «təsəvvür edin, biz 18 il öncə burada əylənəndə, hətta pivə içəndə Azərbaycanın Xocalı şəhərində hansı vəhşiliklər törədilirdi. Bu dəhşətdir, amma biz bu gün bu barədə xəbər tuturuq». Bu, çexiyalı alim tərəfindən səslənən çox dürüst ifadələr idi.

 

- Daha hansısa görüşlər keçirildi?

 

- Fevralın 26-da mən və Gülər xanım paytaxt Praqada Azərbaycanın Çexiyadakı səfirliyinin «Xocalıya Ədalət» kampaniyası çərçivəsində keçirdiyi tədbirlərdə iştirak etdik. Azərbaycan diasporunun üzvlərinin də qatıldığı tədbirdə səfir Tahir Tağızadə çıxış etdi. Nümayəndə heyətinin digər üzvləri - Vaqif Arzumanlı və Samir Adıgözəlli isə Avstriyaya səfər etdilər. Paytaxt Vyananın mərkəzi «Stepan» meydanında «Xocalıya ədalət» kampaniyası çərçivəsində böyük bir aksiya keçirilirdi. Meydanda Azərbaycan çadırı qurulmuşdu və bu çadırda yerləşdirilən iki böyük monitorda Heydər Əliyev Fondu tərəfindən alman dilində hazırlanmış çox mükəmməl film nümayiş olunurdu.

Bütün bu tədbirlərin yekunu olaraq gəldiyim qənaət budur ki, Xocalı soyqırımının, Dağlıq Qarabağ münaqişəsinin, bütövlükdə Azərbaycan həqiqətlərinin dünya ölkələrinin diqqətinə çatdırılması istiqamətində hər bir təşkilatın aktiv iştirak etməsi gərəkdir. Bu, Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində, xüsusilə də Avropada ciddi şəkildə təşkilatlanmasına istiqamətlənmiş bir hadisədir.

 

 

 

 

 

 

 

 

 

  Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?