Modern.az

Elçilik olsun ya olmasın? – “Unudulmuş adətlər” RUBRİKASI

Elçilik olsun ya olmasın? – “Unudulmuş adətlər” RUBRİKASI

16 Fevral 2013, 10:42

Modern.az-ın “Unudulmuş adətlər” rubrikasında elçilik qaydalarından danışacağıq. Bu adət günümüzdə hansı şəkildə qalıb, nə dəyişib, niyə dəyişib?

Elçilikdə hər zaman böyük sözünə ehtiyac var

Azərbaycan Aşıqlar Birliyinin I katibi, folklorşünas Məhərrəm Qasımlı elçilik qaydalarının arxasında milli mənəvi dəyərlərin və mədəniyyətin dayandığını söylədi:
“Milli mənəvi dəyərlərimizin getdikcə unudulması və ondan uzaqlaşma hallarının nəticəsi heç də yaxşı olmayıb. Bu mənada mühafizəkarlıq da olsa, keçmiş dədə-baba qaydası daha yaxşıdır. Orda böyüyə-kiçiyə hörmət, ağsaqqala ehtiram hər zaman qorunub saxlanılardı. Belə bir məsəlimiz də var ki, “Atı – cahil gözü ilə, qızı – ahıl gözü ilə”. Yəni cahilin gözü qız məsələsində səhvə yol verir. Amma ahılın gözü daha dəqiqdir: onun soyunu-kökünü, xasiyyətini və s. böyük həyat təcrübəsindən irəli gələrək çox dəqiq müəyyənləşdirir. Bu mənada şübhəsiz ki, ağsaqqal-ağbirçəklərin dediyi ilə oturub-durmağın böyük əhəmiyyəti var. Amma burda bir amili də heç vaxt unutmamaq olmaz ki, könül işində də zor eləmək olmaz. Gərək o insanların arasında könül körpüsü olsun ki, ondan sonra böyüklər o addımı atsınlar. Könül körpüsü olmayandan sonra böyüklərin cəhdləri də elə bir nəticə verməyəcək.
Mən insanın ruhunda olan o doğmalığa, bağlılığa əhəmiyyət verirəm. Sevgi elə bir hissdir ki, insanın ağlına gəlməyən bir zamanda başına gəlir. Əgər bu qarşılıqlıdırsa, uğurlu bir şey olacaq, belə deyilsə, faciəvi sonluqla bitəcək.
Elçilikdə hər zaman böyük sözünə ehtiyac var. Çünki onlar bizim başımızın tacıdır”.

“Ev bir qaladırsa - onun bayır divarı kişidir, içəri divarı qadındır”

Yazıçı Əfqan: “İnternet üzərində qurulan ailələrin dəyəri elə klublarda bir saatlıq internet istifadəsi qədərdir”

“Təkcə Azərbaycanda ailə qurmağa evlənmək deyirlər. Təməli möhkəm bağlar əsasında qurulmayan ailə tez dağılacaq. Buna görə də əvvəl onun bünövrəsi yaxşı qoyulmalıdır. İndiki dövrdə ailə qurmaq gənclərə çox asan görünür. Elə bu səbəbdən də bir çox ailələr dağılır. . Evlənmək təkcə evini bər-bəzəkli əşyalarla doldurmaq deyil, insanın ən böyük səadəti namusdur, qeyrətdir. Sənin evin namus, qeyrət qalasına çevrilməlidir. O evin içərisindəkilər bir şeyi bilməlidir ki , ev bir qaladırsa- onun bayır divarı kişidir, içəri divarı qadındır. Bayır divar içəri divarı qoruduğu kimi, içəri divarda bayır divarın qayğısına ömür boyu qalmalıdır. Çünki bayır divara bir zədə olsa onun zərbəsi  içəridəki bər-bəzəyi korlayar.

 Heç vaxt indiki qədər ailə dağılmayıb. Çünki ailənin özülü milli mənəviyyatdır. Bu dəyərlər əsasında qurulan ailələr daha möhkəmdir, yıxılmazdır. Çox qədimdən belə bir məsəl var: “Allahsız yerdə otursan da, böyüksüz yerdə oturma”. Tariximizdə ağsaqqal hər zaman yol göstərən olub.

İnsan ağlı və ürəyi ilə sevməlidir. Min könüldən aşiq olub ailə quran gənclər bəzən bir göz qırpımında ailələrini dağıdırlar. Ona görə də belə insanların hər zaman ağıllı bir məsləhətçisi olmalıdır. Onların sözü ilə ailə quran və onların sözü ilə oturub duran, hər zaman xoşbəxt olur.

Bəzən belə ifadələr işlədilir ki, guya ağsaqqal sözü daha köhnəlib. Guya indi qlobalizm dövrüdür, sərhədlər götürülüb, ölkələr bir-birinin mədəniyyətinə yiyələnib. İndi internet vasitəsi ilə kimlə istəsən danışa bilərsən. İnternet üzərində qurulan ailələrin dəyəri elə klublarda bir saatlıq internet istifadəsi qədərdir. Amma möhkəm ailə qurmaq istəyən və öz səadətini sahibi olmaq istəyən ancaq böyüklərin məsləhəti ilə qurulan ailələrdə olur. Özüm haqqında onu deyə bilərəm ki, mənim elçiliyimdə demək olar ki, bütün Yazıçılar İttifaqının İdarə Heyəti iştirak edib. Xoşbəxt ailələrin sirrini ancaq milli mənəviyyatın özülü üzərində qurulan ailələrdə görürəm”.

“İki nəfər arasında verilən qərara üçüncü şəxsin müdaxiləsi yanlışdır”

Yazıçı Günel Mövlud: “Gənclər bir-birilə evlənməyə qərar veribsə, onlar ağsaqqallar olmadan da evlənəcək. Bu çox formal bir şeydir. Və mənə elə gəlir ki, bunlar yığışdırılsa, daha yaxşı olar. Onların “hə” və “yox” deməsinin heç bir mənası yoxdur. Ona görə də bu saxtalığa və tamaşaya ehtiyac yoxdur. Ailə – iki nəfər arasında verilən qərardır, burda böyüyün məsləhətinə heç də ehtiyac yoxdur. Onun seçəcəyi insanla özü yaşayacaq. Bu mənada onlara heç kim məsləhət verə bilməz. Əgər yaşı nəzərə alsaq, yaş şərti bir şeydir. Yaşın bura heç bir dəxli yoxdur. Elə gənclərimiz varki onlar oxuduqları kitabların sayəsində daha savadlı, bacarıqlı olurlar. Savadlı bir gəncin 60 yaşlı dünyagörməmiş bir insanın məsləhətinə ehtiyacı ola bilməz. Üçüncü bir şəxsin hər hansısa bir söz deməsi mənasızdır”.

Pərvin ARZUQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir