Modern.az

Vaqif Səmədoğlunun Hüseyn Arif və Qabillə MARAQLI əhvalatları

Vaqif Səmədoğlunun Hüseyn Arif və Qabillə MARAQLI əhvalatları

16 Fevral 2013, 14:44

Azərbaycanın mərhum xalq şairləri Qabil və Hüseyn Arif istedadlı, hazırcavab və zarafatcıl söz adamları kimi tanınırdılar. Onlarla bağlı xatirələrdə çoxlu maraqlı əhvalatlar qalıb. Xalq şairi Vaqif Səmədoğlu Qabil və Hüseyn Ariflə bağlı maraqlı xatirələrini Modern.az saytı ilə bölüşüb. Onu oxuculara təqdim edirik.

- İstəyirəm  Hüseyn Ariflə bağlı ayrıca xatirələr yazım. Məndə bloknotlar var. Hər dəfə Hüseyn Ariflə səfərə çıxanda, bir yerə gedəndə maraqlı sərgüzəştlər baş verərdisə yaxud o zarafat edərdisə, hamısını bloknota yazardım. Biz onunla çox səfərdə olmuşuq. Xeyli maraqlı qeydlərim var. Düzdü, İsmayıl Şıxlı da onun haqqında yazdı. Yəni lətifələrini bir kitaba yığdı. Amma Hüseyn Arifin öz dili yox idi orda.  Amma mən olduğu kimi, necə varsa, o cür də yazacam.
Elə bir-iki xatirə danışım sizə.

Deməli, bir gün Hüseyn Arif  İbrahim Kəbirlinin evinə getmişdi. Özü də onu deyim ki, İbrahim Kəbirli rus qadını ilə ailə qurandan sonra elə onun evində yaşayırdı. Heç bilmirəm gedib hardan tapmışdı onu. Arvad evinə heç kimi buraxmırdı. Bircə Hüseyn Arifdən başqa. Hüseyn qağa da gedib onlara,  yeyib- içiblər . Gələndə mənə dedi:
-  Vaqif , İvişgildən gəlerəm. Zalım oğlu qorxa-qorxa gəzer evdə. Elə bil güldanı-zadı götürüb qoltuq cibinə soxajaq. Hay, öz evi deyil axı.

Bir gün də söhbət edə-edə nəşriyyata gəldik. Hüseyn Arif də qolumdan tutub danışırdı. Qolumdan bərk yapışıb danışır,  yanımızdan keçən camaat da maraqla bizə baxırdı. Birdən biri soruşdu. 
- Hüseyn müəllim, bunu belə hara aparırsan?
- Heş hara. İki aydı bizdə işliyif maiş alır, amma idarəni tanımır. Gətirmişəm, iş yerini ona tanıdım.

Bir dəfə də ova getmişdik. Ovçular sübh səhər tezdən, ən uzağı saat 5-də ova gedəcəkdilər deyə tez uzandılar.  Hava soyuq idi. Ona görə pəncərələrin dal taxtalarını bağladılar. Çarpayı az olduğundan döşəmədə, gəbənin üstündə yorğan-döşək töküb yer saldılar. Hüseyn Arifə də dedilər ki çarpayıda yat. O isə “bura yaxşıdır” deyib hamıdan əvvəl gurhagur yanan sobanın yanındakı döşəyin üstünə uzandı. Yoldaşlar  dedilər  ki, “pəncərənin yanında yatma, soyuq olar”, Hüseyn inadından dönmədi. Bir də gördük gecədən xeyli keçmiş ovçulardan biri oyanıb, Hüseyni səsləyir.
- A şair, zəhmət olmasa, pəncərənin taxtasını arala, bax, gör işıqlaşmır ki, sonra yatıb qalarıq.
Hüseyn taxtanı aralayıb baxır.
- Yox hələ qaranlıxdı, yıxıl yat. İşıqlaşan kimi özüm sizi qaldırajam.
Aradan bir az keçir, yenə kimsə oyanır.
- A şair, başına dönüm, bax, gör işıqlaşmır ki?
Hüseyn taxtanı aralayıb baxır və sakitcə cavab verir.
- Yox, hələ. Yıxıl yat, işıqlaşanda özüm qaldırajam.
Hüseyn yenidən bürünüb yorğanın altında büzüşür.
Nə qədər mürgülədiyindən xəbəri olmur. Səs-küyə oyanır və tez taxtanı aralayıb baxır.
- Ə, nə hay-haray salıfsız, görmürsünüz hələ qaranlıxdı?
- A şair, deyəsən elə bütün gecəni pəncərələrin taxtası ilə paltar şkafının qapısını dolaşıq salıbsan.
-  Elə şey olmaz, -deyə Hüseyn Arif təəccüblənir və başa düşür ki, gecə pəncərə əvəzinə başını şkafın içinə salıb, baxırmış. Tez ayağa durub paltarlarını geyinir.
Qəh-qəhə çəkən yoldaşlarının yanında özünü sındırmır.
-  Qarışıq salmayıb, neyləsin, taxtalar bir-birinə oxşayır. Di, tez olun gedək.
Hava  isə çoxdan işıqlanmışdı.

Mənim Qabillə də maraqlı günlərim olub. Bir gün Yazıçılar Birliyində Qabil mənimlə danışırdı: - Vagif, yerin məlum. Axşam gəleşdim balkonda. Begim (Qabilin həyat yoldaşı Bəyim xanım-red.) getirdi yemegleri düzdü stola. Hər yeməyi deyəndə əlini boş masanın müəyyən hissəsinə qoyurdu. Bax, Vaqif, yerin məlum, et burda,(əlini masanın sol kənarına qoyur) ərağ burda (əlnini əti göstərdiyi yerdən bir az kənara qoyur), gögərti burda,  (əlini masanın ortasına qoyur) pəndir burda, pamador da burda (əlini pendiri deyəndə mərkəzə , pomidor deyəndə isə kənarda qoyur).  Sonra qəfildən pauza edib fikrə getdi. Bir dəqiqəyə yaxın əlini alnına dayadı. Qəfildən çox fikirli adamlara oxşadı. Dedim,  görəsən nə oldu. Sonra yüksək səslə dedi:
- Yox, Vaqif, yox. Mən bu yaşa çatmışam. Yalan danışmamışam. Pamador orda idi (əlin stolun mərkəzinə aparır),  pəndir burdaydı (əlini masanın kənarına qoyur).

Bir gün də bizdə oturub söhbət edirdik. Nüşabə xanım (V.Səmədoğlunu həyat yoldaşı-red) çay gətirdi. Birdən Qabil məndən soruşdu:
- Vaqif, sən Nüşabə bacini xaricə buraxarsan turist kimi?  
Dedim,  yox buraxmaram. 
- Amma mən Bəgimi (Qabilin həyat yoldaşı Bəyim xanım-red.) buraxaram. Eşşi, kimdi onun sifetine baxan.

Elmin Nuri 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi