Modern.az

“Büt var ki, qırmaqla insanlara xidmət edirsən, büt də var ki, qurmaqla”

“Büt var ki, qırmaqla insanlara xidmət edirsən, büt də var ki, qurmaqla”

17 Fevral 2013, 14:47

Safruh

“Büt” deyəndə insana inam, sevgi, qayğı və sayğının müəyyən obrazlar üstündə, ünvanında toplanmasını nəzərdə tuturam. Büt, ümumiyyətlə, gözəl insan – ruhani, mənəvi gözəllik anlamındadır. Əslində bu, insan yaşamının hər sahəsində olur. Bu, olması istənilən bir haldır. Balaca bir örnək: ailədə körpə bir insan dünyaya gəlir. Onu ata, ana, baba, nənə, başqa qohumlar, yaxınlar sevib oxşayırlar. Əslində körpəyə olan yanaşma – həmin ailənin, onu qurmuş kişi və qadının, soyun varlıq bütüdür. Onu gələcəyə götürəsi ilahi obrazdır, ümiddir qaynağı və sevgi fokusudur. Həmin bu özəlliklər o yaxın yörəyə necə gözəl təsir eləyirsə, ictimai bütlər də əslində o sayaq təsir etməlidir. Elə təsir eləyən və insanların gözləntilərini doğruldan bütlər hər yerdə, həmişə sevilib və sevilməlidir.

Bu kimi hallar insanlığın yaşama eşqi, şövqü bir istəyə yönələn ruhani enerjisidir. Bunu sevməmək olmaz. Çünki o, sənə qaranlıqda işıq olur, ümidsizlikdə ümid gətirir, çürümüş ağac kötüyündən qalxan yaşıl zoğ rolunu oynayır.

Stalin bütü nəyə görə qınandı? Ondan sonrakı çağların daha insani, sivill idarəçiliyi, mövcudolma imkanı sayəsində o tənqidi yanaşma əmələ gəldi. Əslində bu yeni baxışın yaranmasında “marksizm klassikləri” deyilən möhtəşəm kişilərin, o cümlədən Stalinin dolayısı ilə qatqısı vardı. Burada məncə, fəlsəfənin «danma» (inkarı inkar) qanunauyğunluğu özünü göstərir.

 Çində isə Mao Tse Tunq bütü olub. Bəs Maonun çabalarından sonra Çin Xalq Respublikası yaranana qədər Çində xalq nə gündə yaşayıb?! Maonun bioqrafı yazır ki, o, dünya siyasətçilərini Çin barədə böyük dövlət kimi danışmağa məcbur elədi. Acından, susuzluqdan, yolsuzluqdan həşərat kimi qırılan çinlilər o «büt»ün hünəri sayəsində silkindi, qalxdı və özünün indi dünyanın gözünü qamaşdıran inkişaf yoluna düşə bildi. Bunu necə sevməyəsən?

Büt var ki, qırmaqla insanlara, insanlığa xidmət edirsən, büt də var ki, qurmaqla. Bütün yaradıcılıqlar, sevgilər bütləşdirmək vasitəsilə əmələ gəlir. Onsuz mümkün deyil. Büt yörəsindəki hazır mənfi anlamları, çalarları götürüb gözəl idrakı, insanı sevirsən, buna da müəyyən anlamda büt demək olar.

Büt – “gözəl” deməkdir. İnsan həyata gözünü açanda orada ilk olaraq işıq görmək istəyir. İnsan gözünü qaranlığa yox, işığa açır. Çağımızda insana inamsızlıq o qədər güclənib ki, insan bundan puç olub gedir, inamsızlıqdan ölür. İnsanı, cəmiyyəti, xalqımızı bu haldan çıxarmaq üçün hər birimiz bacardığımız dərəcədə büt olmalıyıq. Yəni xalqa doğrunu deməliyik, doğru yaşamalıyıq, işləməliyik. Axı bunu hamı eləmir.

Meşədə azmış insanlara həmişə bir Danko gərək olub. Biz düşünürük ki, çağımızda anlamca bənzər yaranışlar,  yaradıcılıqlar olmalıdır.  Mənim büt söhbətimə reaksiya bildirən idrak yiyələri isə bunu ən yaxşı halda Asif Ataya münasibətimdən bilməlidirlər. Ancaq bunun üçün gərək məni dərindən öyrənsinlər.

Mənim Asif Ataya yanaşmam insanı asılılığında saxlayan bütə xidmət deyil, eşqi, insan ləyaqətini, idrakını parladan pardaqlayıcı yöndədir. Ortada büt söhbəti var deyə, mən heç kəsin gözəlliyinə nəinki göz yuma bilmərəm, heç göz qıya da bilmərəm. Qoy insanlar uca bütlərə oxşamağa çalışsınlar. Onda yaşamaq gözəl və maraqlı olar. Biz insanların bütün özəlliklərini görməyə, bir yerə toplamağa, onu obrazlaşdırmağa borcluyuq. Xeyirin səsi ucalardan gəlməlidir.

Mənim dediyim uca büt dəniz sahillərində qoyulan mayak kimidir. O, ucsuz-bucaqsız dənizlərdə itən gəmilərə yol göstərir. Gözəl insan bütünə tarix boyu hər yanda gərək olub və olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir