Modern.az

Göz oğrusu

Göz oğrusu

17 Fevral 2013, 14:51

Oktavio Pas

Göz oğrusu – hekayə

Qan-tər içində yuxudan oyandım. Üstünə təzəcə su çilənmiş döşəmənin qırmızı kərpiclərindən isti buxar qalxırdı. Solğun-boz qanadlı kəpənək kor-koranə şəkildə sarımtıl lampanın ətrafında qanad çalırdı. Mən qamakdan atılıb düşdüm, ayaqyalın bütün otaqdan keçdim və bu zaman təmiz hava almaq üçün yuvasından çıxmış əqrəbi bastalamamağa çalışdım. Nəfəsliyə yaxınlaşıb zəmilərin qoxusunu içimə çəkdim. İntəhasız və əndamlı gecənin nəfəsini dinlədim. Otağın ortasına qayıdıb kuzədən ləyənə su tökdüm və dəsmalı suya batırdım. Nəm gövdəmi və ayaqlarımı sildim, bir qədər qurulandım və paltarımın qatlarına hər hansı həşəratın sürünüb girmədiyinə əmin olub, libasımı geyindim və çəkmələri ayağıma çəkdim. Atıla-atıla yaşıl rəngə boyanmış pilləkənlə endim. Qapıda mehmanxananın əcaib-qəraib, təkgöz sahibiylə qarşılaşdım. Kiçik, hörmə stulda oturub siqaret tüstülədirdi.

– Yolunuz uzaqdır, senyor?

– Bir az gəzişmək istəyirəm. Çox istidir.

– Hm, axı hər yer bağlıdır. Həm də hava artıq qaralıb. Evdə oturmaq məsləhətdir.

Çiyinlərimi çəkdim və donquldandım: “Tez qayıdacam”. Və zülmətə doğru addımladım. Əvvəlcə heç nəyi ayırd edə bilmədim. Su çilənmiş küçəylə kor-koranə gedirdim. Siqaret yandırdım. Qəfildən qara buludun içindən Ay boylandı və ağ, ovulub tökülən divara işıq çilədi. Ağ rəngdən gözlərim qamaşdı, dayandım. Meh əsdi. Tamarhind ağacının qoxusu burnumu dəldi. Yarpaqların və həşəratların titrəyişi eşidildi. Otlaqlarda cırcıramalar haray-həşir saldı. Başımı qaldırdım: səmaya ulduzlar səpələnmişdi. Fikirləşdim, kainat – mahiyyətcə işarələrin intəhasız sistemidir, sərhədləri cızılmamış varlıqların söhbətidir. Hansısa hərəkətlərim, çəyirtkələrin səsi, ulduzların parıltısı bu söhbətin dağınıq ifadəsinin pauza və hecalarıdır. Görən, mən hansı sözün hecasıyam? Bu sözü kim və kimə deyir?

Siqareti atdım. Yerə düşərkən o, işıqlanan qövs çəkdi və dübbədüz cırtdan kometa kimi ətrafa qığılcımlar çilədi.

Sakitcə xeyli yol getdim. Özümü rahat hiss eləyirdim. Gecə qollarını daha geniş açırdı. Küçəni adlayarkən mənə elə gəldi ki, kimsə qapını arxasınca örtdü. Çevrildim və qaranlıqda heç nə ayırd edə bilmədim. Daha becid getməyə başladım. Bir an sonra istilənmiş daşlar üzərində səndəllərin taqqıltısı qulağımı dəldi. Kölgənin mənə get-gedə yaxınlaşdığını eşitsəm də, çevrilmək istəmirdim. Artıq qaçmaq istəyirdim, amma cəsarətim çatmadı. Qəfildən dayandım. Nə edəcəyimə qərar verməmiş kürəyimə dayaqlanan bıçağın ucunu hiss elədim və asta səsi eşitdim:

– Yerinizdən tərpənməyin, senyor, yoxsa sizi gəbərdəcəm.

Geri dönmədən soruşdum:

– Sənə nə lazımdır?

– Gözləriniz, senyor, – yumşaq, az qala rəhmdil səs cavab verdi.

– Gözlərim? Onlar nəyinə lazımdır? Qulaq as, üstümdə az-maz pul var. Qəpik-quruş. Məni rahat qoysan, hamısını sənə verərəm. Məni öldürmə.

– Qorxmayın, senyor, sizi öldürməyəcəm. Gözdən başqa mənə heç nə lazım deyil.

Soruşdum:

– Gözlərim nəyinə lazımdır?

– Sevgilimin şıltaqlığıdır. Bir cüt göy göz istəyir. Burdasa az adamın gözü göydür.

– Gözlərim karına gəlməyəcək. Onlar göy yox, sarıdır.

– Yoox, senyor, mənə kələk gələ bilməzsiniz. Dəqiq bilirəm ki, gözləriniz göy rəngdədir.

– Axı başqasının gözünü çıxarmaq imanlı xristiana yanaşan hərəkət deyil? Sənə başqa nəsə verə bilərəm.

– Bəsdir baş-beynimi apardınız, – sərt tərzdə dedi o. – Çevrilin.

Geriyə döndüm . О, bəstəboy və ilk baxışdan şöhrət düşkünü olan bir adam idi. Başına qoyduğu palma yarpaqlarından düzəldilən sambrero üzünün yarısını gizlədirdi. Sağ əlində ay işığında parlayan maçete tutmuşdu.

– Üzünüzü göstərin.

Kibrit yandırdım və çöpü sifətimə yaxınlaşdırdım. İşıqdan gözlərimi qıydım. Möhkəm əliylə göz qapaqlarımı sıxdı. Ağı-qaradan güclə seçirdi. О, barmaqları üstə qalxdı və gərgin halda mənə nəzər yetirməyə başladı. Kibritin odu barmaqlarımı yandırdı, çöp əlimdən düşdü. О, intizarla susurdu.

– İndi əmin oldun ki, gözlərim göy rəngdə deyil?

– Ay səni kələkbaz, gəl bir də baxaq.

Başqa bir kibriti çıqqıldadıb və gözlərimə yaxınlaşdırdım. Qolumu dartıb əmr elədi:

– Diz çök.

Diz çökdüm. Saçlarımdan yapışaraq başımı geri dartdı və mənə doğru əyilərək diqqətlə, maçete isə yavaş-yavaş gözümə yaxınlaşdı və onlara toxundu. Gözlərimi qıydım.

– Gözlərini düz-əməlli aç görək, – deyə o, əmr elədi.

Gözlərimi geniş açdım. Alov kirpiklərimi ütdü. Qəfildən o məni buraxdı.

– Doğrudan da göy deyil, senyor. Bağışlayın.

Və o, itib getdi. Divara söykəndim və başımı əllərim arasına aldım. Bir müddətdən sonra divardan qopdum və ayaqlarım dolaşa-dolaşa, yıxılıb-qalxaraq düz bir saat qəsəbənin boş küçələrində qaçdım. Meydana çatdıqda mehmanxana sahibini gördüm. Əvvəlki kimi elə qapı ağzında oturmuşdu. Kəlmə kəsmədən içəri keçdim. Və ertəsi gün dabanıma tüpürüb ordan qaçdım.

Tərcümə: Əziz Rzazadə

Yad sözlər: maçete – uzun, ensiz bıçaq; Latın Amerikasında əsasən şəkər qamışı plantasiyasında işlədilən kəsici alət

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir