Modern.az

Deputat Həvva Məmmədova: “Ən yaxşı paltarımı Qarabağa geyinəcəyəm”

Deputat Həvva Məmmədova: “Ən yaxşı paltarımı Qarabağa geyinəcəyəm”

Müsahibə

4 Mart 2010, 12:54

st1:*{behavior:url(#ieooui) }

“İşdən sonrakı iş” rubrikasının bu dəfəki qonağı millət vəkili Həvva Məmmədovadır

 

 

 

- Həvva xanım, işdən sonra nəylə məşğul olduğunuzu bilmək olarmı?

- Təbiəti çox sevən adamam. Doğma yurdumdan didərgin düşəndən sonra təbiətlə əlaqəm də kəsilib....

Həmişə istəmişəm ki, böyük kitabxanam olsun. İstənilən kitabı bu kitabxanada tapa biləm. Ancaq bu arzuma tam olaraq çata bilməmişəm. Kitabxanam var, amma nəzərdə tutduğum kitabxananı qura bilməmişəm. Boş vaxtlarımda mətbuatı da izləməyi xoşlayıram. Bu gün qarşımda duran ən böyük vəzifə qaçqın və məcburi köçkünlərin problemlərinə biganə qalmamaqdır. Şənbə və bazar günü yalnız onların problemləri ilə məşğul oluram. Onlarla bağlı bütün istəklərimi gerçəkləşdirə bilmirəm. Bu isə məni çox üzür.

Həyatımda ən çox maraqlandığım məsələlərdən biri də  övladlarımın tərbiyəsi ilə məşğul olmaqdır. Tanrıdan ən böyük diləyim övladlarımın tərbiyəli olmasıdır. Qızımı köçürmüşəm, oğlumu evləndirmişəm. Amma indi də onların işləri ilə ciddi məşğul oluram. Hərəsi bir ailə sahibi olsa da, gördükləri işlər barədə mənə hesabat verirlər. Mənə elə gəlir ki, valideyinin ən böyük arzularından biri də övladlarının savadlı olmasıdır. Mənim həyatda ən böyük istəyim övladlarımın layiqli vətəndaş və savadlı olmalarıdır. Oğlum hərbçidir və öz peşəsindən zövq alır. Ovladları sərbəst buraxmaq da böyük istəklərimdəndir. Mən öz arzumla tarixçi olmuşam. Bu, atamın da arzusu olub. Ancaq övladlarımın hansısa sahəni seçməsini məcbur etməmişəm. Sadəcə onların yaxşı təhsil almaları üçün, seçəcəkləri sahəni sevmələri üçün çalışmışam. Tarixi filmələrə tamaşa etməkdən yorulmuram. İstərdim işğal altında olan rayonlarımızın, kəndlərimizin hər biri barədə ayrıca film olsun. Bu filmlər günümüzlə səsləşsin.

- Həvva xanım, heç boş vaxtınız olur?

- Mən gerçəkliyi sevən adamam.

- Əyləncədə nəyə  üstünlük veririsiniz? 

- Muğamlarımızı çox sevirəm. Bu da mənim musiqiyə olan həvəsimdir. Muğamlarımızın hər birinin adını bilirəm. Onların mahir ifaçılarının səslərindən tanıyıram. Bu sahədə həm böyük axtarışlarım var, həm də uşaqlıqdan musiqiyə meyilli olmuşam. Bəlkə də bundandır ki, övladlarımın musiqi təhsili də var. Evdə əhval-ruhiyyəmizin yaxşı olan vaxtı oğlum Sərxan pianonun arxasına keçir. O, pianoda  “Qarabağ şikəstəsi” çalır, mən də zümzümə edirəm. Bunu dana bimərəm. Oğluma söz vermişəm ki, evi olanda ona təzə piano alacam.

- Özünüzün musiqi təhsili var?

- Yox, musiqi təhsilim yoxdur, amma övladlarımın var. Uşaqlıqdan musiqiyə böyük həvəsim olub. Birinci ili instituta qəbul olunmaq üçün sənəd verdin və musabiqədən kənarda qaldım. İstəmdim vaxt itirəm, ona görə də sənədlərimi Şuşa Pedaqoji Texnikumuna verdim. Amma valideynlərimin buna razılığı olmadı. Şuşa Pedaqoji Texnikumu mənim baba evimin iki addımlığında idi. Sənədlərimi ora verəndə ilkin olaraq mahnı oxumağımı istədilər. İki mahnını oxudum və “5” aldım. Mənə dedilər ki, əlavə qəbul var, get sənədlərini konservatoriyaya (indiki Musiqi Akademiyası) ver. Bu məsələ ilə bağlı fikrimi anama açdım. Dedi ki, “bu, mümkün deyil. Atan bilsə, səni öldürər”. Aradan uzun illər keçdi, övladlarım nə zamansa məndən gizli səsimi diktafona yazıb mən evdə olmayanda bunu atama verirlər. Deyirlər ki, “dədə, sən qoymamısan anamız musiqi təhsili alsın, amma onun yaxşı səsi var, istədiyi vaxt evdə oxuyur”. Onda atamın 83 yaşı var idi. O zaman etiraf etdi ki, bunu düz etməyib. Bu, ondan gördüyüm ilk etiraf idi. Son dövrlər telekanallarda kimlərsə mahnı oxuyanda oğlum Sərxan deyir ki, anam ondan yaxşı oxuyar. Demək istəyirəm ki, musiqi mənim damarlarımdan axır.

- Sevdiyiniz mahnılardan bir neçəsinin adını çəkə bilərsinizmi?

- Ən sevdiyim mahnılar Qarabağa aid olan mahnılardır. Son dövürlər musiqimizdə hüzn notları yarandı. Bu məni çox üzdü. Sanki musiqimiz mənim üçün hüznə cevrilib.

- Musiqi sizin üçün nədir?

- Musiqi mənim üçün kədərdir, işğal altında olan torpaqlrımızdır. Açığı, əvvəllər belə deyildi. Qaçqınlıq zamanından sonra məndə belə bir ovqat yaranıb.

- Musiqiyə meyilli adamlar həm də romantik olurlar. Sizdə necə, romantika güclüdürmü?

- Yaxınlarım məni belə tanıyır. İnanın dibçəkdə yeni açan bir güldən də zövq alıram. Vaxtılə hekayələr də yazmışam. Romantik adamların əhvalı havadan daha çox asılı olur. Çisginli gün mənim üçün nisgildir, için-için ağlamaqdır...

- Ən böyük probleminiz nədir?

- Düşünürəm ki, Qarabağ işğaldan azad olsa, həyatda heç bir problemim olmaz. Maddiyyat məni o qədər də maraqlandırmır. Məni tanıyanlar, ev şəraitimi görsələr, gözlərinə inanmazlar. Amma bu, mənim üçün önəm daşımır. İnanın, bəlkə də hər axşam yuxuda Şuşanı görürəm. Hər gecə Şuşaya gedirəm. Sanki gerçəkdən Şuşada oluram.Belə yuxulardan sonra ovqatım xeyli yaxşılaşır. Son zamanlar qəmli musiqilərə qulaq asanda, atam yadıma düşür. Onu xatırlayıram. Belə məqamlarda ağladığım zamanlar da olur.

- Sonuncu dəfə hansı müğənninin konsertində olmusunuz?

- Zöhrə Abdullayevanın. Orada həm zövq aldım, həm də ağladım.  Mənə elə gəldi ki, Zöhrə konsert boyu Qarabağa agladı. Sanki o yerlərə hesabat veriridi. İnanın, bir neçə gün Zöhrə gözümün qabağından getmədi. Qarabağla bağlı düşündüm, uşaqlığımı yaşadım.

- İnsan neçə yaşında olursa olsun, ona elə gəlir ki, ən yaxşı paltarı bundan sonra geyinəcək, ən yaxşı günü bundan sonra görəcək, ən dadlı yeməyi bundan sonra yeyəcək. Siz necə düşünürsünüz?

- Doğrudan da elədir. Ötən il Amerikaya getmişdim. Orada cincilim, quzuqulağı, quşəppəyiyə rast gəldim. Əyildim, əllərimi vurdum, amma bizim yerlərin bitkiləri kimi deyildi. İnanın, bəzən özümdən asılı olmayaraq ən yaxşı paltarımı geyinmirəm, saxlayıram, özümdən asılı olmayaraq onları Qarabağa geyinəcəyimi düşünürəm. Bu hiss məndə həmişə var. Bir dəfə təzə bir kostyum almışdım, amma geyinmirdim. Toya gedirdik, qızım dedi ki, “ana, bunu niyə geyinmirsən, axı bu sənə yaxşı yaraşır”. Dedim, “dəymə, o mənə lazımdı”. Uşaq caş-baş qaldı. Axı onun nəzərində ən yaxşı paltarını toya geyinməlisən.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir