Modern.az

“ANS əsəblərimizlə oynamasın!” - Milli Qəhrəman övladından sərt təpki

“ANS əsəblərimizlə oynamasın!” - Milli Qəhrəman övladından sərt təpki

20 Fevral 2013, 11:50

“ANS əsəblərimizlə oynamasın! Deməli, onlar öz mənafelərini güdmək üçün bu filmi çəkirlər. Xocalı faciəsinin canlı şahidləri onların marağında deyil. Belə çıxır ki, ANS-i Azərbaycanın gerçək tarixi yox, öz nüfuzu maraqlandırır”. Modern.az-a açıqlamasında bu sözləri Milli Qəhrəman, Xocalı soyqırımı şəhidi Tofiq Hüseynovun qızı Yasəmən Həsənova deyib.

Qeyd edək ki, ANS Sirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov Yasəmən Həsənovanın “Xoca” filmi ilə bağlı narazılığına cavab olaraq qeyd edib ki, kanal Milli Qəhrəmanın qızı qarşısında heç bir öhdəlik götürməyib:
“Allah onun atasına rəhmət eləsin. “Xoca” filmi Yasəmən xanımın xoşuna gəlmirsə, baxmasın. Biz onu bu filmə baxmağa məcbur etmirik ki. Özü bilsin. Biz bəyəm söz vermişdik “Xoca”nı ona bəyəndirəcəyik?”.

Şirkət sözçüsünün bu açıqlamasına Milli Qəhrəmanın qızı sərt təpki göstərdib: “Filmi əvvvəldən heç bəyənməmişdim. Çünki Xocalı alınan zaman heç bir Xocalı sakinin yadına toy etmək düşmürdü. Amma “Xoca” filmi toydan-düyünlə başlanır. O vaxt kimin yadına toy eləmək düşürdü!? Onsuz də əsəbləri məhv olmuş adamların hisslərini bir daha tarıma çəkirlər. Biz onlara hörmət bəsləyirik, onların əziyyətinə hörmətlə yanaşırıq. Amma onlar bizim kiçik bir etirazımıza belə əsəbi tonla cavab verirlər. Mən hələ filmlə bağlı kiçik bir incikliyi çatdırmışdım. Halbuki,  “Xoca”yla bağlı onlarla nöqsan deyə bilərdim. Adın özü belə əllaməlikdir. “Xoca” sözünün Xocalı ilə nə əlaqəsi var axı?”.

Y.Həsənova qeyd edib ki, bu cür film çəkmək özünü usta kino mütəxəssisi sayan Vahid Mustafayeva əsla yaraşmır.
“Şəhidlərimizə hörmət qoysunlar. Həm də Vahid Mustafayevdən bu hörməti daha çox görməliyik. Axı onun da qardaşı şəhiddir”.

Milli Qəhrəmanın qızı ANS-lə bağlı digər bir məqama da toxunub. “Mən sizə bir məlumatı da deyim. Bir neçə gün öncə özünümüdafiə taborunun əsgəri Familə Fərmanlı atamla bağlı ANS-ə getmişdi. Amma onu orada qəbul etməyiblər. Bütün Xocalı əhli Familə xanımı yaxşı tanıyır. Onlar onu necə qəbul etməyiblər? Başa düşə bilmirik”, – deyə Yasəmən Həsənova narazılığını ifadə edib.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir