Modern.az

Hansı Ana fəryad qoparana oxşayır? (iki abidənin fərqi)

Hansı Ana fəryad qoparana oxşayır? (iki abidənin fərqi)

4 Mart 2010, 18:22

 

 

1993-cü ildə qoyulmuş "Ana fəryadı"

       2008-ci ildə qoyulmuş "Ana fəryadı"

“Türküstan” qəzetinin son sayında 1993-cü ildə Xətai rayonu ərazisində Xocalı soyqırımına ucaldılmış “Ana fəryadı” abidəsi ilə 2008-ci ildə onun yerində ucaldılmış “Ana fəryadı“ abidəsi müqayisə olunub.

1993-cü ildə qoyulan abidə haqqında o dövrdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədli bunları söyləyib:

“Abidənin açılışı 1993-cü il fevral ayının 26-da - Xocalı soyqırımının birinci ildönümü günündə olub. Həmin abidə o zaman Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə qoyulub. Amma abidənin qoyulmasında dövlət büdcəsindən maliyyə xərclənməyib. Abidə vətənpərvər insanların maddi köməkliyi sayəsində başa gəlib. Lakin sonra o abidənin başına yüz oyun açdılar. Düz beş dəfə söküb-tikdilər. Nəhayət ki, götürüb harasa apardılar, başqası ilə əvəzlədilər”.

 

1993-cü ildən 2008-ci ilədək “Xətai” metrostansiyasının qarşısındakı parkda olan “Ana fəryadı” abidəsi parkdan götürülərkən tezliklə onun başqa yerdə ucaldılacağı bildirilsə də, o, indiyədək nəinki heç yerə qoyulmayıb, hətta abidənin harada saxlandığı da bilinmir. (Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov “Media forum”a bildirib ki, abidə yenisi ilə əvəz ediləndən bəri rayon ərazisində saxlanılır və onun yenidən uyğun yerə qoyulması üçün heç bir müzakirə aparılmayıb.

“Ana fəryadı”nın harada saxlandığı haqda konkret məlumat verməyən Z.Əkbərov yalnız bunu deyib: “Görünür, ərazidə münasib bir yerdə saxlanılır”).

Təqdim etdiyimiz bu iki şəkil 1993 və 2008-ci illərdə qoyulmuş eyni adlı abidənin rəsmləridir. Bu abidələrdən hansının Xocalı soyqırımını, bu insanlıq dramını dolğun şəkildə əks etdirdiyini gəlin birlikdə dəyərləndirək.

 

1-ci məqam

1993-cü ildə qoyulmuş “Ana fəryadı” abidəsində Xocalı qadınlarının timsalı olan gənc qadın erməni cəlladları tərəfindən öldürülmüş körpəsini başı üzərinə qaldırıb. Bu görkəmdə həm imdad, fəryad var, həm də ittiham. Sanki, eyni taleni yaşamış Xocalı qadınlarının təmsilçisi bütün dünyanı ittiham edir, onlardan cavab tələb edir. Erməni vandalizminə göz yumduğuna görə...

2008-ci ildə ucaldılan (hazırkı) abidədə isə öldürülmüş körpənin cəsədi nədənsə ananın başı üzərindən qolları üstünə endirilib. Bu təsvirdə Xocalı qadını aciz, təslim olmuş durumda görsənir.  Sanki, o ədalət umduğu dünyadan, elə bizlərdən də ümidini üzüb. 

2-ci məqam

Heykəllər arasında fərqli məqamlardan biri anaların yaşları ilə bağlıdır. 1993-cü il variantında təsvirdə gənc ana canlanır. Hazırkı “ana” isə yaşlı bir qadındır. Təzad yaranır. Yaşlı ananın körpə uşağı necə ola bilər?

3-ci məqam

1993-cü ildə ucaldılmış abidədə ana hərəkətlidir. Erməni cəlladlarının əlindən canını qurtarıb qaçan Xocalı qadınları təki.

Yeni abidədə isə ana arxayınca yerində durub.  

4-ci məqam

Əvvəlki abidədə ananın paltarı Xocalı qadınlarının min bir əzab-əziyyətlə qarlı-şaxtalı gecədə, meşələrdən, çaylardan keçib gəldiyini əks etdirir. Həmin abidədə qadın ayaqyalındır.

Yeni abidədə isə çadraya bürünmüş bir ana dayanıb.

 

5-ci məqam

1993-cü ildə qoyulmuş “Ana fəryadı” abidəsi spesifikliyi ilə seçilir və artıq dünyada Xocalı soyqırımının simvoluna çevrilib (Bunu görmək üçün internetdə kiçicik axtarış vermək kifayətdir). Hollandiyada yaşayan soydaşlarımızın bu ölkədə qoyduqları Xocalı postamentinin üzərində də “Ana fəryadı” abidəsinin əksi var.

2008-ci ildə ucaldılmış Ana abidəsinin isə dünyada xeyli oxşarı mövcuddur. Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir