Modern.az

22 fevralda ad günü olan eks-nazir Namiq Abbasov haradadır?

22 fevralda ad günü olan eks-nazir Namiq Abbasov haradadır?

22 Fevral 2013, 14:09

Bu gün Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun ad günüdür. Modern.az saytının məlumatına görə, eks-nazirin 73 yaşı tamam olub.

Namiq Abbasov 1940-cı il fevralın 22-də anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1962-1976-cı illərdə "Abşeron" qəzetində rəhbər vəzifədə çalışıb. 1970-ci ildən partiya işinə keçib, Azərbaycan KP Abşeron RK-nin II katibi vəzifəsində işləyib. 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb 1979-cu ildə SSRİ DTK-nın Ali Məktəbini bitirib şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR DTK sədrinin müavini kimi vəzifələrdə işləyib.

1989-92-ci illərdə Rusiyanın Murmansk şəhərində keçmiş DTK sistemində çalışan eks-jurnalist N.Abbasov hələ sabiq prezident Elçibəyin vaxtında - 1992-ci ildə Azərbaycan milli təhlükəsizlik nazirinin müavini təyin edilib. Daha sonra nazirin birinci müavini vəzifəsinə irəli çəkilib.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra general N.Abbasov sabiq nazir Nəriman İmranovun vəzifədən getməsindən sonra nazir təyin edilib. Bu, 1995-ci ilin mart ayına baş verib.
N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikası milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad ediləndən sonra o, 2004-cü ilin 16 dekabr tarixində ölkə başçısının sərəncamı ilə  Azərbaycanın Özbəkistandakı səfiri təyin edildi.
2012-ci il oktyabrın 31-də Prezident İlham Əliyev Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Namiq Rəşid oğlu Abbasovun vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Modern.az saytının əməkdaşı Namiq Abbasovun hazırda harada olduğunu araşdırmağa çalışıb. Məlum olub ki, səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxan Namiq müəllim hazırda Bakıdadır. Onu da öyrəndik ki, təqaüdçü general indi vaxtını bağ evində əkib-becərdiyi çiçəklərə, güllərə, ağqaclara qulluq etməklə keçirir.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı