Modern.az

Əkrəm Əylislinin erməni dostu ona hay verdi

Əkrəm Əylislinin erməni dostu ona hay verdi

Ədəbi̇yyat

23 Fevral 2013, 11:54

Əkrəm Əylisli öz açıqlamalarında tez-tez erməni yazıçısı Hrant Matevosyanın adını çəkir. Bu iki şəxsi birləşdirən dostluqdan başqa yaradıcılıq oxşarlığı da var. “Xalq yazıçısı” adından məhrum edilmiş azərbaycanlı yazıçı bildirir ki, əgər H. Matevosyan sağ olsaydı, öz əsərləri ilə ona dəstək verərdi.

Yazıçı-tərcüməçi Əziz Rzazadə ötən ildən bəri erməni yazıçılarının seçmə hekayələrini Azərbaycan dilinə çevirir. Məqsəd hekayələrdən bir toplu nəşr etməkdir. Onun Modern.az-a təqdim etdiyi bu hekayədə H. Matevosyan qisas hissi ilə böyüyən və milli eqoizmə yuvarlanan bir erməninin həyat hekayəti qələmə alınıb. Bədii əsəri oxuculara təqdim etməklə “Daş yuxular”ın müəllifi Əkrəm Əylisli və Hrant Matevosyan yaradıcılığının oxşar və fərqli səciyyəsini müəyyən etmək missiyasını Modern.az oxucuların ixtiyarına buraxır.

Hrant Matevosyan

Mesrop – hekayə

Mehtər erməni tarixini yaxşı bilirdi. Öz erməniliyini dərk edən yeganə adam idi o. Başqaları yalnız bunu bilirdi ki, onlar çoban, sağıcı, naxırçı, qırxıcıdır. Bir də bunu bilirdilər ki, sazağın-ayazın düşməsiylə dağlardan isti vadilərə enəcəklər və istilərin düşməsiylə yenidən dağlara qalxacaqlar. Amma mehtərə bu, azlıq edirdi, dağlardan açılan üfüqlər ona dar görünürdü və o, yaxşı bildiyi Ermənistan tarixini başqalarına nəql eləyirdi. Güman ki, o, bildiyinin üstünə beşini də qoyub ağ yalan söyləyirdi. Çünki bildiyi bu tarixi camaata hər dəfə bir cür çatdırırdı. Yəni erməni tarixinin başlanğıcını gah on min il əvvələ, gah da az qala dünənə, tutalım, 1890-cı, yaxud 1907-ci ilə şamil eləyirdi. O deyirdi: “Patriarxımız Zarmayr Troyada yunanlara qarşı vuruşub. Patriarxımız Zarmayrı Axillin özü öldürüb. İliada”. Və qəfildən hirslənib bağırırdı: “Gopdu! Erməniləri tarixçi Leo uydurub! Leoya qədər ermənilər mövcud olmayıb! “Köpək və pişik”. Müəllif – Ovanes Tumanyan. Pişik – pinəçidi. Gopdu! Pişik pinəçi olmayıb! Köpəyə papaq lazım olmayıb! Ovanes Tumanyan hər şeyi oturduğu yerdə uydurub. O biri masa arxasında isə Leo oturub və erməni tarixini yazıb. Patriarx Zarmayr... Bax a... birdən sən deyən olmadı!”
Çoban, qırxıcı, sağıcı kəndçiləri ona etiraz eləmirdi. Onların işi yun qırxmaq, inək sağmaq idi. Bütün bunlar – Leo, Ovanes Tumanyan, Zarmayr, bizim era, bizim eradan öncə, 1907-ci il – onların nəzərində sanki mehtərin evində öz istəyi ilə düzülmüş əşyalar kimi şeylərdi. Mehtərin özüsə sanki bütün bu sadalananlarla hamıya alnına mehtərliyin deyil, nəsə başqa bir şeyin yazılmasını isbatlamağa çalışırdı. 
– Sərkərdə Tiqran, şahlar şahı, şahənşah, – deyə o, qollarını yana açır, sonra məyusluqla endirir və asta səslə sözünə davam edirdi, – qoşun toplayırdı. Yığdı, yığdı, min əsgər. Yüz min əsgər. Yarım milyon. Milyon. Hamısını külək sovurub apardı. Hamıdan yaxşı, şahlar şahı... hə, necə olmasın... Xan, maharaca, şah, hərəmxana, hərəmxanada min çılpaq arvad və bir qoca, əldən düşmüş şah, hökmdarımız Tiqran. Şahənşah...
...Qurd Vaan. Yağılar gəldi, məhv elədi, gəldilər, məhv elədi, gəldilər, məhv elədi, hamısını məhv elədi. O, bir ucdan qırır, o birilər sayırdı, o qırır, o birilər sayırdı. Hesaba vurdular, milyon alındı. Milyona kimi sayıb çatdılar. Bütün İran. Bax belə. İndi İran yoxdu. Tar-mar elədi, əzib toz elədi İranı hələ o vaxt bizim Qurd Vaan...

Və birdən mehtər nəql elədiyinin tam tərsini söyləməyə başlayır, eyni şeyləri bir-bir sadalayır, amma onlar indi başqa cür səslənirdi: 
– Gəldilər – aldatdı, gəldilər – kələk gəldi, yenə gəldilər, yenə aldatdı, barmağına doladı, daha gəlmədilər, sülh bağladılar. Sonra türklər gəldi. Əzrayıl kimi sinəmizə çökdülər. Bu bəlanı çəkənlər və ondan sağ qurtulanlar fəxr eləməlidirlər. Dözümlü xalqıq, hə? Dörd min il, yox, beş, beş nədi, on, on min ildi Yer üzündə yaşayırıq, hələ bezməmişik, hə? 
Onun sözlərindən heç kim fərəh hissi keçirmirdi, amma kimsə də danışılana etiraz eləmirdi. Sadəcə, adamlar öz iş-gücləri ilə məşğul olurdular: inək sağır, qoyun qırxır, yağışa düşür, qurunmaq üçün özlərini günə verir, azərbaycanlı qonşularla Azərbaycanca danışır, pis danışanları lağa qoyub gülür, əməkgünü, mükafatlar alırdı, bir sözlə, yaşayırdılar. Və hər şey təxminən belə gözə dəyirdi: dağlar, otlaqlar, sürülər, ilxılar, buludlar və bu hüdudsuz ərazinin ancaq kiçik bir hissəsi olan Lorinin göründüyü dağlar arasında özü-özü ilə danışaraq gəzib-dolaşan Mesrop Kazaryan adlı əlli yaşlı adam.
Azərbaycanca o danışmırdı. Bəhanə gətirirdi ki, türkcə bilmirəm. Onda azərbaycanlı çobanlar onunla ermənicə danışırdılar. Amma onun qəsdi bu deyildi. O, çobanları bilərəkdən “türk” adlandırdı ki, xətirlərinə dəysin. Onlarsa Mesropdan əsla incimirdilər, çünki türk deyildilər. Onlar heç azərbaycanlı da deyildi. Elə bizim çobanlar kimi, yağışa düşürdülər, qurunurdular və s. Amma bir şeydə mehtər, necə deyərlər, haqlı çıxırdı. Azərbaycan çobanları öz uzaq aran yerlərindən bizim dağlardakı yaylaqlara köç edirdilər. Köç yerlərinin lap yaxınındasa kəndimiz yerləşirdi və buna görə də bizə həmişə elə gəlirdi ki, dağlar bizim malımız-mülkümüzdür. Demək olar ki, il boyu onlar bizim olurdu – payızda, qışda, yazda. Yaydasa onlar, ovalıqdan gələnlər öz köhnə-kürüşü ilə dağlara, yanımıza qalxırdılar. Belə anlaşılırdı ki, onlar sənin evinə gəliblər, sənin evin ixtiyarsız olaraq onların evi olurdu. Və düşünürdün: axı bulağın yanındakı arxları çoxdan, lap çoxdan artyomlu Artin çəkib, indisə orda tozlu topayla azərbaycanlıların sürüsü toplaşıb... axı yüz il əvvəl dağ yamaclarında kazarlı Avet yastı daşlar basdırıb ki, qoyunlar onlardan duz yalaya bilsinlər, amma həmin yerlərdə bizim qoyunları onların qoyunları sıxışdırıblar. Meşədə, yarğanda, ağacların gövdəsində yazılar cızılırdı. Bunu bizim çobanlar edirdi və hətta ağac gövdələrində havanın necə olduğunu da yazmağı unutmurdular. “Bu sazaqda itin quyruğunu ağaca bağlasan, qoparıb qaçar”. Düşürdün, ağacdı da, durub özü üçün, dayanıb və qəfildən görürsən ki, onların çobanı ağacı öküzə bağlayıb sürüyə-sürüyə aparır.
– Türklər gəliblər, – deyirdi mehtər. – Onlardan hardan peyda oldu? Axı onlar yoxudu. – Susurdu, sonra yenə danışırdı. – İyirminci ildə yaradılıblar. Yenidən. Sergey Mironoviç Kirov – bu adı xüsusi vurğuyla tələffüz edirdi mehtər. – Otuz ildə, sən demə, adam olublar. Sosializm bax budur... Onlar yerli-dibli olmayıblar, qondarmadılar. Yaratdılar və Artinin bulağına gətirdilər. İstifadə edin, dedilər. Yerin cənnətlik olsun, Artin, sən olmasaydın, onların qoyunları harda su içərdilər? Təklif edirəm, Moskvaya şikayət məktubu yazaq, qoy bizə otlaqlarımızı qaytarsınlar.
Bəzən bizimlə qonşular arasında qovğa düşürdü. Bizim sürülər təsadüfən onların zəmilərinə girdiyindən dava-dalaş başlayırdı. Kimsə alnı partladılırdı, kiminsə yerindən çıxmış, burxulmuş qolu sallanırdı. Azərbaycanlılar bizi ermənicə söyür, bizimkilər onlara türk söyüşləri yağdırırdı. İtlər haraya gəlir, aləm bir-birinə qarışırdı... Sonra oturub bir yerdə yemək yeyirdilər. Onlar süfrəyə lavaş qoyur, bizimkilər şərab gətirir, bir-birinin sağlığına vurur, sağlıqlar deyilir və ... hamı təəccüblənirdi ki, qonşunun başı niyə sarıqlıdır, o birinin köynəyi niyə cırıqdır, qolu niyə sarğıdan asılıb. Dava-dalaşdan bir kəlmə danışılmırdı, sanki bütün ömürləri boyu beləcə oturublarmış – yemək yeyirlərmiş, köynək də elə yemək vaxtı cırılıb.
Mehtər bizimkiləri ələ salırdı:
– Hə, fars dilinizi yada salırdız? Yoxsa bu dəfə hind dilində danışırdız?
Çobanlar susurdular.
– Hə, – deyə mehtər qəzəbdən tir-tir titrəyirdi. – Moskva, Kreml, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinə məktub yazırıq, ya yox?
– Bu sözlər onların dilini açırdı. Çobanlar deyirdi: 
– Moskva, Kreml, Rəyasət Heyətinin sədrinə, bəs sonra?
– Təklif edirik türkləri otlaqlarımızdan çıxarasınız.
Çobanlar susurdu.
– Hə, nə deyirsiz?
– Yaxşı deyil, – deyirdi çobanlar. – Bir süfrə oturub duz-çörək kəsmişik.
Sonra kimsə vecinə almadan deyirdi:
– Boş ver, Mesrop, elə belə də yaşayarıq, adamları boş yerə incitmək lazım deyil, yerimiz dardı bəyəm.
– Erməni! – deyə Mesrop qəzəbdən partlayırdı. – Sən qətiyyətli addım atmalısan. Sənin süründəki heyvanların sayı artır, ilxın artır, heyvan günü-gündən çoxalır. Yer azlıq edir!
– Düzdü. Amma onların sürüsü artmır ki?
– Artır. – Səs-küy çoxalırdı.
– Atlarını onların torpağına buraxma. Artmayacaq onda.
– Yox, sən öz qoyunlarını buraxma.
– Nədi ki, heç buraxmaram da.
– Heç buraxma!
Bu, imkansız iş idi. Otlaqlar arasında sərhəd yoxudu. Sadəcə, örüş vardı, uzanıb gedirdi və sürü də bu otlaqda hey uzanıb gedirdi, ona toxunmağa da adamın ürəyi gəlmirdi. Və günlərin bir günü onların gözətçisi sürümüzü oğurladı: ağ yaylığını yellədi, duza tamarazı çərdəymiş qoyunlar da onu duz zənn eləyib onların biçənəklərinə yürüdü. Orda da qoyunları ağıla saldılar, qapısına bir qıfıl vurdular. Bizimkilərə də namə yolladılar ki, qoyunlarınız zəmilərimizi tapdaqlayıb, bəs, gəlin, cəriməni ödəyin. Bu vaxt bizim köç yerində Mesrop tüfəngi yağlayırdı, silahı əlində oynadırdı, tətiyi çıqqıldadırdı və burnunun altında donquldadırdı: 
–Bax ha, onlara cərimə ödə! Akt bağlamağı öyrəniblər, savadlı olublar. 
Yerdə uzanmış iti nişan aldı və hayladı: 
– Çambar!
Köpək qulaqlarını şəklədi. Mesrop atəş aşdı. İt zingildəyib kənara qaçdı, sonra sakitləşib caynağıyla yaralı qulağını qaşımağa başladı.
– Bax a, cərimə istəyirlər...
– Di bəsdi, Mesrop, sakitləş. 
– Necə yəni sakitləş, nə Mesrop!? 
– Dağdı, Mesrop, hamımız dağlarda yaşayırıq, hər şey ola bilər, əvvəlcə biz cərimə verərik, sonra onların özünü cərimələyərik, söyüşərik, barışarıq, niyə hər şeyi ürəyinə alırsan, Mesrop? Belə həyəcanlanmağa dəyməz axı! 
Onu sakitləşdirmək, ipə-sapa yatızdırmaq istədilər, alınmadı, çıxıb getdi. 
– Hamısını öldürəcəm, yolumu kəsməyin... – Tüfəngi göstərib hədələdi. Çıxıb getdi. – Erməniləri tarixçi Leo uydurub yeddinci ildə, ya da iyirmi yeddidə! Ermənilər yoxdu! Ermənilər var e əslində, amma onlarda abır-həya, vicdan yoxdu.
O, haqlıydı – ermənilər yox idi. Çobanlar vardı, Mesropun ardınca tüpürdülər və dedilər ki, kaş oralarda onu tutub yaxşıca payını verəydilər. Mesrop getdi. O, dağa qalxdı, yamacı aşdı və onların alaçığı yanında dayandı. 

Zümrüdü-yaşıl bir gündü. Aşağıda, düzəndə, onların pəyələrinin kirəmit damları qırmızıya çalırdı. Alaçıqlardan göy tüstü bülənd olurdu. Biçənəklərdə dəryazın cızdığı qövs görünür, biçilən ot-ələfin kəskin xışıltısı eşidilir, tədricən poladın cingiltisi yumşalır və sıx otların arasında eşidilməz olurdu. Pəyələrin arxasındakı boşluqda öküzlər buynuzlarını bir-birinə daraqlamışdı. Balaca, yerli cinsdən olan, iti buynuzlu öküz cins, dağ boyda iri, amma küt, kiçik buynuzlu buğaya güc gəlirdi. Mesrop təsərrüfatdan baş çıxaran adamıydı, görürdü ki, cins buğanın dalaşması mənasıdır (həm də bundan heyvanın cinsi də korlanır) və yabayla, ya da başqa nəyləsə gedib heyvanları bir-birindən ayırmaq gərəkdi. Və yaxında ins-cinsin olmadığına və kimsənin bu başıpozuqluğa fikir vermədiyinə təəccübləndi. Yaxınlaşıb gördü ki, xalq ot biçməklə, inək sağmaqla, qoyun qırxmaqla məşğuldur, bir sözlə, iş-güc başındadır. 
Yox, belə ola bilməzdi. Mesrop tüfəngi yağlamalı və təpədən enməliydi, ordasa onu eyniylə özü kimi əli silahlı iyirmi azərbaycanlı qarşılamalıydı və Mesrop qorxmadan-ürkmədən onların üstünə getməliydi. 
Mesrop çöndü, geri getdi, təpəyə doğru.
– Gəl, gəl bura, – deyə onu hayladılar. Və o, təpədə oturaraq, kəndçilərinin necə güldüyünü, gülmək nədi, uğunub getdiklərini eşitdi. Dağlardı da, burda xışıltını belə bir verstdən eşidirsən. Hava da tər-təmiz, aydın. Adamlar Mesropun artıq kötüyü qalmış papirosu necə kənara atdığını, geri döndüyünü və ağzından çıxan tüstünün başına necə dolandığını gördü.
Azərbaycanca ucadan söyüş yağdıraraq o, yenidən yarğana endi və onların alaçıqlarına yaxınlaşmağa başladı. Onu yaxına buraxdılar və qışqıra-qışqıra lap yaxınlaşdıqda adamlar çölə çıxdılar və pəyənin yanında dizini qatlayıb yerə sərdilər. Və yenidən iş-gücə qayıtdılar: ot biçir, inək sağır, qoyun qırxırdılar. Və pəyənin yanında yerə sərilmiş bu qoca çox gülünc görünürdü: talaşa kimi arıq, üzü tüklü, böyründə də qırma tüfəngi, içində də qırma. Qırma? Yoxsa duz? 
Sonra adamlar Mesropun üzünə su çilədilər, başını sarıdılar, alaçığa apardılar, dincini almasına şərait yaratdılar, bardaş qurub çörək kəsməyi təklif elədilər. Uzaq obalardakı bostanlardan onlara qarpız yollamışdılar, Mesropu qarpıza qonaq elədilər, sonra yenə yerə uzatdılar ki, dincəlsin və sonda yola saldılar.

O, yarğandan lal-dinməz qalxırdı, oğrun-oğrun, tüfəngi gizlədərək , qoltuğunun altında da qarpız.
Bu əhvalatdan sonra Mesrop hamıya deyirdi ki, əfqanların qonağı olub. Bəs əfqanlar yaxşı, duz-çörəkli xalqdı, özləri də dildən yaman pərgardılar.
– Qədim-qaim xalqdılar a, – deyirdi, – ayağımızı qoyduğumuz torpaq var a, o da onlarındır. Məəttəl qalmışam, – deyirdi, – onlar bizi öz dağlarına necə buraxıb. Heç olmasa özlərinə ədəb-ərkanlı qonşu tapaydılar. Biz onlara tay deyilik axı, bizim bu torpağa qədəm basmaq nədi, heç yerimək haqqımız yoxdu!.. Hə, yaman məəttəl qalmışam… Qurd Vaan, gəldilər – qalib gəldi, gəldilər – zəfər çaldı, yenə gəldilər – yenə zəfər qazandı, hə, necə də olmasın… belə… Comərd Nazar, bir zərbəylə yüzünü şil-küt eləyirdi, bax a…
Elə bu dəm tarix fakültəsində oxuyan hansısa düdəmə, yəni mən sakitcə, təbəssümlə onun söylədiyinə düzəliş verdim:
– Comərd Nazar bir şeydir, Qurd Vaan başqa bir şey, bunlar tamam ayrı-ayrı məsələlərdir. Qurd Vaan – tarixi sima, Comərd Nazar – ədəbi obrazdı.
– Hə də, müəllimin alimdi, hər şeyi bilir, sənə hər şeyi nəql edib, – bu düdəməyə, deməli, mənə altdan-altdan baxaraq Mesrop burunaltı mızıldandı.
– Əlbəttə, müəllim mehtər deyil, öz işini bilir. Goplayırsan hər şeyi. Sənə elə gəlir ki, onlara “əfqan” dedikdə xeyirxah iş görürsən. Onlar azərbaycanlıdır e, əfqan-zad deyil, aydındı? Həm də bunu nə əhəmiyyəti var ki əfqandı, ya azərbaycanlı? Özün-özünü kökləyirsən… Yaxşı olar ki, atlara baxasan.
– Onları bilmirəm, – gözlərini qıyaraq Mesrop ağır-ağır nəfəs alırdı, – amma mən balaca adamam, çox sağ ol de ki, bu qədər bilirəm, atlara baxa-baxa nəsə oxumuşam… Onlardan bir kəlmə də demərəm, amma sən yüzə-yüz türk düdəməsən…
Özümü təhqir olunmuş saymadım, çünki bu – “türk”, ya da “türk düdəmə” söyüşü mənimçün təhqir deyildi. Qarşımdakı özünü professor sayan və öz mehtər peşəsindən incik düşmüş adamıydı. Ona dedim:
– Tiqran və Artavazd erməni şahları olub. Pap, Arşak, Maştots da erməni idi. Vardan, Vasak ermənidir. Sasunlu David, Comərd Nazar. İlk ermənilərdən Leoya qədər beş min il keçib. Yaşayırıq. Pis yaşamırıq. Biri at cidarlayır, başqası mühazirə oxuyur, üçüncü ya müəllim, ya da mehtər olmaqçün təhsil alır. Hər kəs başqasının işiylə məşğul ola bilər, burda əsas bacarıq məsələsidi. Elə deyil? İstəyirsən üç dəfə atəş açandan sonra dördüncüdə itin qulağın deşim? Məncə belədi. Ağlayıb-sızlamağın da heç yeri deyil.
– Afərin, yaxşı üyüdürsən, – Mesrop yana tüpürüb dedi. – İlin on bir ayı tər-təmiz ayaqqabılarla şəhərdə gəzirsiz, avqustda da biraylıq kəndə, Mesropun yanına gəlib və deyirsiz: “Olmadı elə, oldu belə, itin qulağını gülləylə deşəcəm” . Bax a... Hə, hə, hə, belə! Elə belə! Belə, belə! – О hər kəlməsində qundağı yerə vururdu, axırda tüfəngi kənara atdı.
– Sən bir işin qulpundan yapışacaqsan, ya yox, nəhayət?.. – ferma müdiri qızararaq söhbətə qoşuldu. – Bax gör at hara çıxıb, özünsə burda çənə döyürsən, – ferma müdiri elə bil elə hərəkət elədi ki, sanki Mesropu uzaqda gözdən itən ilxıya doğruya itələyir.
– Levon, – Mesrop dedi və burun dəlikləri ağardı.
– Get atları zəmidən qaytar, onda danışarıq.
– Levon! – Mesrop ağır-ağır donquldandı.
Levon səsini qaldırdı:
– Görürsüz, camaat, yenə köpəy oğlu Levon günahkardır! Levon köpək oğlu nəsə pis söz deyir? Hə? Xahiş edir ki, işləsin, bunu etməməlidi ki? Levon, əlbəttə, təqsirkardı ki, səni cərimələmir, bu məsələdə təqsirkardır, başqa sözüm yoxdur, kolxozun atları zəmini dağıdır, osa burda çənə döyür.
– Levon, – Mesrop dodaqlarını tərpətdi.
– Nə Levon, nə Levon! – Levon artıq qışqırırdı. – Atların dalınca getmək istəmirsən, onda get professorluq elə, kim qabağını kəsir ki?! Sənin yerinəsə bir adam taparıq! Mən! Mən atları güdərəm! Bu adam məndən nə istəyir, ay camaat?! Hə, hə, hə, o qədər iş-gücüm var, bunu da eləyərəm!
Elə bil dava qopacaqdı. Və Levon istəyirdi ki, Mesrop onu vurana qədər adamlar təqsirsizliyinə əmin olsunlar. Osa ağır-ağır nəfəs alıb altdan-altdan Levona baxırdı, adama elə gəlirdi ki, Mesrop nəsə çeynəyir. Mən onların arasında durmuşdum və böyrümdə Mesropun əyri, düyünlü barmaqlarının gücünü duyurdum, sınıq dırnaqlı əliylə vurduğu ağır qapazından başım uğuldayırdı.
Levonusa dayandırmaq mümkün deyildi. Elə hey danışır, danışırdı ki, Mesrop pis işləyir, işini-gücünü atıb, burnunu professor işlərinə soxur, ilxı zəmini tapdaq edib, osa burda “Moskva, Kreml” təkrarlayır… Mesropun dodaqlarısa səssiz halda tərpənirdi və burnunun pərləri açılıb yığılırdı.

Levon ürkdü və əl-qolunu qabağa atdı və doğrudur, birinci o vurmalıydı, çünki qorxurdu.
– Ayıbdır! – bağırdım. – Camaat sizə gülür!..
– Kim gülür?! – Ferma müdiri hiyləgər adamıydı, Mesropdan üzünü kənara çəkməkçün bəhanədən istifadə elədi. – Kim gülür? Onu mənə bir göstər görüm!.. – Yox, sən demə, o davadan qaçmırmış, köpək uşaqları ona mane olublar!
Bu Levon çox hiyləgər adamıydı, Mesropa sarı çönmədən o biri tərəfə getdi, sanki başqa bir işi vardı, sanki heç mübahisə də olmamışdı, olubsa da, elə-belə, boş şey üstdə və o elə danışıb-donquldanırdı geri dönmədən:
– Atları zəmidən qovmaq lazımdı, Mesrop. Özümüz özümüzə düşmən deyilik a, sənin, mənim, bizim zəmimdi, deməli, qayğısına da biz qalmalıyıq, daha kim olacaq ki. Yaxşı deyil, uşaq-muşaq deyilik, özümüz anlamalıyıq, onun-bunun göstərişinə ehtiyac yoxdur axı… – О elə hey danışır və daha da uzaqlaşırdı. Və sonda o qədər uzaqlaşdı ki, səsi eşidilməz oldu. Sözlərinin arasında fasilə də yoxudu. Ən nəhayət, tamam-kamal susmaq yerinə, onun səsi qəfildən, yenə ucadan və aydın eşidildi. Sanki hayladığı adam yanında idi: 
– Haykanuş, а Haykanuş, – dedi. – Qayçını uşaqla göndər…
Bu belə çıxdı ki, bu sözlər Mesropa aid deyil.
Amma yenə hər şey kəllə-mayallaq görünürdü.

…Kiçik çar oğlu atı qovaladı, hansısa şahlıqda peyda oldu: qara ağaclar, qara su, qara günəş. Zülmət səltənətində gedib çıxıb, deməli, burda hər şey aydın və bəllidi.
– Levon, – Mesrop pıçıldadı və özü belə səsini eşitmədi.
Burda açıq-aşkar olan buydu: uzaq zəmi və onu tapdaq edən ilxı. Yeganə gerçək olan ilxı idi, Mesropun ağaclaşmış fiquru ona doğru yönəlmişdi. Sonra Mesrop sanki əyilib qatlandı, tüfəngi yerdən götürdü, sonra iki əliylə tüfəngin lüləsindən yapışdı, yerində fırlandı, qolunu qaldırdı: tüfəng yerə düşdü, o da yerə yıxıldı. Tüfəng sındı və atəş açıldı, iki səs bir-birinə qarışdı, isti ağılda tənbəl it hürərək hay verdi, qırx itdən biri. İtə elə gəldi ki, bomba partlayıb və о bombadan bütün düz-dünya ürküb, dünyanın dörd bir yanındakı itlər də bu səsi eşidib ürküb və zingildəyib. Ona elə gəldi ki, yerə sərilən nəhəngdir və əsl faciə müsibət baş verir. О, igid, qoçaqdı, tərkinə mindiyi at küləkdən itidi, qılıncı da, amma düşmən gözə görünməzdir. Torpaqsa gücü çatdığı qədər onu saxlayır. Bir qaya lazımdı ki, onu udsun, içində gizlətsin, içinə gömsün, o zamanadək ki…
İstəyinə bax a… Sadəcə əlli yaşlı adam, mehtər, bir yetmiş metr boyda, qulaqlı papaqda, arıq, qırışlı boynuyla, batıq, tüklü üzü ilə yerə uzanıb, ot didirdi, çəkməsinin burnuyla torpağı döyəcləyirdi. Uzaqdan onu uzanmış halda itə oxşatmaq olardı, ya da qoyuna, bəlkə də daşa.
– Səfeh, – ferma müdiri Levon heyfsiləndi və köntöy şəkildə dedi. – İndi get ordan-burdan tüfəngçün pul tap… Axmaq…
Axşam qoyunlar pəyədə, inəklər mal damında, atlar da axurda ikən yorğun adamlar alaçıqların qənşərində sakitcə papiros çəkir və söhbət edirdilər. Levon özünə yer tapa bilmirdi. Əlini gah arxasına, gah da qabağına qoyub var-gəl edir, çənəsi də möhkəm titrəyirdi. Elə bil bu saat qışqıracaqdı, amma qışqırmadı, çənəsi də daha möhkəm əsdi, gözü elə Mesropdaydı. Sonra özünü ələ aldı, tüfəngdən heç nə demədi və arvadı onu şam yeməyinə çağırdıqda çıxıb getdi. Gedərkən də:
– Zülmət gecədi, qonaq gələ bilər, – dedi.
Zülmət gecələrdə və toran keçə kimi qatı, havasa soyuq və rütubətli olduqda və sən hiss edəndə ki, dərədən duman qalxır və paltarına, saçlarına, qoyun yununa, əlindəki papirosa rütubət hopur, meşədən, dərədən yaşıl, parlaq gözlü ayı durub gəlir. O dəm itlər sanki qu dərisiylə örtülürdü, qoyunlar narahat halda itələşməyə başlayırdı, sanki kimsə onları ələkdən keçirirdi; dayça qulaqlarını boynuna qısırdı, boynusa elə uzadırdı ki, budu incə kökündən qopacaq; burnunun dəlikləri şişir və cırılırdı – o bu cür fınxırırdı; eyni taxtda yatan uşaqlar bir-birinə qısılırdı, – alaçığın divarları nazik idi, həyətdə baş verənlərin hamısı eşidilirdi.
– Çıxıb getdi?
– Onu görüm gəbərsin.
Mesrop tüfəngdən söz saldı.
– Hayta, Levon… – o içində nəyisə uzun-uzadı fikirləşirdi və buna görə dərhal və sanki incimiş kimi qəfildən hayladı: – Hayta, dedi və getdi?
Levon alaçıqda yemək yeyirdi və arvadına və nəvələrinə donquldanırdı, ona görə də birdən cavab vermədi.
– Hayta, Levon …
– Heç yemək də bişirə bilmirsən, nə fikirləşirsən… Ey orda kim var! Noolub, Mesrop?
– Hayta, dedi və getdi?
– Nədi, yanında oturmanı əmr eləyəcəksən?
– Heç olmasa bir tüfəng verəydin.
– Vermişdilər də, hanı bəs? – Levon qaşığı ağzına yaxınlaşdırıb gözlədi ki, o biri cavab verə. Çöldən səs-səmir gəlmirdi. Levonun sifəti dartıldı və o hirslənib səsini ucaltdı: – А?!
Mesrop xahişini təkrarlamağı cəsarət etmədi və Levon söyüb yenidən yeməyinə başını qatdı. Boşqaba dəyən alüminium qaşığının cingiltisi və itələnən boşqabın o biri boşqaba necə dəyməsi də eşidilirdi.
– Axmaq adam!.. Qoca əbləh!
Zəif, alaçığı güclə dəlib keçən işıqda Mesrop yenidən yox oldu. Yarım saat sonra o, qaranlıqdan tüfəngin qırıqları ilə peyda oldu. Sonra uzun-uzadı oturdu və fısıldaya-fısıldaya bu qırıntıları nazik mis məftillə bir-birinə bağladı.

Əvvəl-axır bu şikəst edilmiş adam idi.

1908-ci ildə dağlarda bir azərbaycanlı və bir erməni bir-birinin üstünə xəncər qılınc çəkmişdi. Bayram və Avetik. Sonra xəncərlər qırağa qoyuldu, növbə payaya çatdı. Daha sonra Bayram xəncərlə Avetikin üstünə gəldi, Avetik də əlini tüfəngə atdı və Bayramın qarnını deşdi. Ölənin doğmaları Avetikə iki dəfə güllə atdı, bir dəfə – 1909-cu ildə, ikincisi – 1916-da, amma bəxt Avetikin üzünə güldü. O adamlar – Аvetik və Bayram – bilmirdi ki, işin axırı belə olacaq. Yoxsa onlar mütləq sonradan heyfsilənərdi ki, bəhsə giriblər. Amma işləri fırıq idi, çünki hamısı bir-birini tanıyırdı: biri o birini söydü ki, arvadı öz nökəriylə yatıb; o biri bu birinin atasına söyürdü ki, səkkiz arvadı olsa da, özü əldən düşmüş qocadır, yəqin, gecələr qonşular köməyinə gəlir… Yox, onların – Аvetik və Bayramı – işləri pis idi, yaman pisiydi. Və paya da elə bil acığa, o dəm əl altda olub, xəncər də, tüfəng də, burda necə karıxasan?
Avetik yuxusuzluq xəstəliyi tutdu. Qulağının dibindən güllə keçdi, amma kimin atdığını görməkçün başını belə çevirmədi. Onlar, güllə atanlar isə hələ on il, ta 1919-cu ilədək inadla qisas almağa çalışdılar.
Bir gün dəyirman yolunda onlar Avetikin yolunu kəsdilər. Yüklü atı kollara bağladılar, uşağı – Mesropu və atasını cığırla apardılar. İsti, ağ bir gün idi. Hava yüngül bal ətrinə bələnmişdi. Ətrafda arılar vızıldayırdı, onların uğultusu güclənirdi, sanki pətəklik hardasa yaxındaydı, indicə gözə görünəcək, arıçının iti hürəcək, arıçının özüsə mehribancasına, dostyana soruşacaq: “Ey, kimsiniz, bu adamları hara aparırsınız?” Amma kənd iki təpənin və iki yarğanın arxasındaydı və yaxınlıqda pətəklik yox idi. Bununla belə, hər yerdə arılar uğuldayırdı.
At onların arxasınca fınxırdı.
– Hara aparırsız? — atası dayanıb türkcə soruşdu.
– Avetik sən deyilsən?
Avetik onlara baxdı, baxdı və onun uca çiyinləri dayağını itirib sallaqlaşdı, boynu qəribə şəkildə uzandı.
Onlardan biri, üstündə qırmızı xaç olan yumru papaqlısı və ayağında yumşaq dərili çəkməsi olan gülümsədi. Uşaq bundan sonra ovsunlanmış kimi yeriyirdi, ondan gözünü çəkmirdi və qorxurdu ki, adam bunu sezər.
Avetik çöndü və sanki kənara deyirmiş kimi:
– At yazıqdı, – dedi.
Bu andan Avetikin özünə yazığı gəldi. Avetik özünü başıaşağı, iş-gücüylə məşğul olan adam kimi təsəvvür elədi, sanki qarətçilər heç kimlə işi olmayan bir adamın başı üstünü kəsib. Uşağın yanında qorxaq görünmək istəmirdi, buna görə də çəkməli adamdan türkcə soruşdu:
– Papağı, yəqin ki, Tiflis bazarında almısan, hə?
Azərbaycanlı, ağız-burnunu əyərək söyüş söydü və Mesrop atasının simasında səfeh bir təbəssüm gördü. Mesrop o təbəssümü daha bir dəfə də atasının üzündə gördü və onun yenidən türkcə dediyi cümləni eşitdi:
– Bizim kirvə Arşakın da dübbədüz bu cür çəkmələri var.
Azərbaycanlı tüfəngi çiyninə atdı, çuxasının geniş qolunu geri çəkib və elə gedə-gedə əlinin tərs tərəfiylə, çəpəki Avetiki boynundan vurdu. Ata səndələdi, sonra deyəsən, qəddini düzəltdi, amma yenə səndələdi və yürüdü, belibükük və qabağa əyilərək, sanki toyuq tuturdu, getdi, getdi və başını sinəsinə sallayaraq diz üstə yıxıldı. Mesrop astaca, başçıdan, onun fikrincə, türkdən gözünü çəkməyərək ağladı. Onlar atasının başı üstündə durdular, sonra o biri, papaqlı, çəkməsinin burbuyla atasına ayağa qalxmaqda kömək etdi: “Qalx, əzizim, qalx, getmək lazımdı”.
– Mesrop, – atası çağırdı. – Heç nə görmürəm, Mesrop.
O, papaqlı gülümsədikdə və adama elə gələndə ki, onlar artıq işlərini bitiriblər, artıq çıxıb gedirlər, Mesrop hıçqırıb ağladı.
– Heç olmasa uşağı, uşağı heç olmasa … – atası burnunda deyirdi, elə bil yarıyuxuluydu, – ayıb deyil heç…
Оnlar dedi ki, uşağa heç nə olmayacaq, öz əlləriylə aparıb kəndə qoyacaqlar. Amma indi Avetik əslində onların qarşısında çarəsiz-köməksiz idi, elə hey uşaqdan danışırdı. О, əmin idi ki, bu adamlar uşağı özləriylə ona görə götürüblər ki, kənddə heç kim bu müsibətdən xəbər tutmasın. Amma indi elədiklərində, davranışlarında qəbahətli heç nə görmürdü, mühakimə, şikayət, etiraz, göz yaşı, hönkürmə doğura biləcək heç nə. Amma sonra o, söyüş söyməyə başladı. O, on il əvvəl öləni söyürdü, ölüsünü də, dirisini də, gorunu da lənətləyərək deyirdi ki, o zəli kimiydi, adama yapışdımı, – qopmurdu, onun qabağına necə çıxdı, Avetikin başına necə bəla oldu, – bilmir, bütün həyatını zəhərə döndərdi gorbagor... 
Cığırın sonunda üstünü ot basmış, köhnə, dağılmış pəyələr göründü. Və Avetik qəfildən susdu və asta addımladı. Və indi onu arxadan itələyib aparırdılar. Sonra Avetik becid yeriməyə başladı, elə becid ki arxadakılar güclə ona yetişirdi. Sonra pəyələrin yanında dayandı. Ətrafa elə baxırdı ki, sanki görür. Və boynu da əvvəlki kimi uzun və nazik deyildi, artıq heç yara baxmırdı da. Gözləri rəngini dəyişmişdi, dodaqları bir-birinə kip sıxılmışdı.
Azərbaycanlılardan biri, möhkəm, tüklü çənəsi yarıyacan ağarmış olan Mesropu kənara çəkdi və onu atasından ayırdı və o biri ikisindən gizlədi, başını sığallayaraq soruşdu ki, neçə yaşı var və böyüyəndə kim olmaq istəyir, nə var, nə yox, evdəkilərin kefi-halı necədi və sonda Mesropa mühəndis olmağı məsləhət gördü… Uşaq bu adam tərəfindən tumarlanmaq istəyirdi və həmin adamın kəmərinin toqqasına söykəndi. Adamın paltarı yun və süd qoxuyurdu və bu qoxu Mesropa doğma gəlirdi. Uşaq duyurdu ki, bu adamın arxasında dayandığı vaxt nəsə pis şey baş verir, amma o bu adamdan himayə istəməyə hələ cəsarətlənmirdi. Ağlamağa da qərar verə bilmirdi. Sonra nəsə becid xışıltı eşidildi və oğlan havada, gicitikən üzərində iki nəfərə doğru uçuşan atasının kürkünü gördü. Sonra dizə çatan otluq silkələndi, bir-birinin ardınca iki atəş eşidildi, sanki bir güllə iki dəfə partladı. Uca otluq yarıldı və yenidən bitişdi, otlar bir qədər titrədi və sakitləşdi. Yumşaq dərili çəkməsi olan adam asta-asta nişan aldı və daha bir dəfə atəş açdı.
Sonra adamlar atasının kürkünü götürdülər və cığırla geriyə getdilər. Çoban oğlanın başını tumarlayırdı. Çəkməli adam, rəngi ağarmış çobana nəsə dedi və çobanın əli oğlanın başında ağırlaşdı.
– Yox, – dedi çoban və başını yellədi. – yox, yox, yox.
Çəkməli adam diqqətlə oğlana baxdı. Oğlan bunu peysəriylə duydu, amma baxışlarını qaldırmağa cəsarət eləmədi və yalnız çobanın ayağına qısıldı.
Kollara bağlanmış atın gözləri yol çəkirdi. Oğlan dözmədi, axır ki, hönkürüb ağladı.
– Balaca, ağlama, yoxsa hirslənərəm, – o biri, çəkməli adam dedi və oğlanın ürəyi qorxudan dayandı.
Çoban atın üstündəki ipləri bərkitdi, onu yola çıxardı və oğlanı itələdi:
– Get. Yox dayan, – dəhnəni yəhərə bağladı ki, at dolaşmasın. – Get.
Kənd xəbəri uşaqdan öyrəndi. Xəbərlə bərabər, keçirdiyi qorxunu və atası üçün xiffəti də. Kənd atanı uşaqdan ayırdı. Uşaq yalnız baş verənin şahidi kimi yadda qaldı. Onu əvvəlcə böyüklər danışmağa məcbur edirdi, yenə və bir daha. Böyüklərin hamısı hal-qəziyyəni bildikdəsə, o bu haqda yaşıdlarına danışmağa başladı. Beləcə, danışaraq böyüdü. O üç nəfər, əlbəttə, yaman pis iş görmüşdü. Onlar ucbatından hamının gözü uşağın üstündəydi və onun özünə ayırmağa sadəcə vaxtı qalmadı. Bəzən, çən düşəndə atası gözünə görünürdü, qarşısına çıxırdı, sallanan çiyinləriylə, boynu uzun, arıq, amma o, bu timsala qarşı yazıqlıq hissi duymurdu. О, sadəcə, dayanmadan danışırdı: “Sonra… kürkü çıxarıb… atdı… özü qaçdı… özü qaçdı… sonra…”

1932-də onun iyirmi üç yaşı vardı. Dərrakəli uşaq təsiri bağışlayırdı. Bir neçə il əvvəl universitetə tələbə yığarkən onu da götürdülər. Amma o, oxumağa qabil deyildi, çünki qulaq asmağı bacarmırdı, ona elə gəlirdi ki, çoxbilmişdir, erməni tarixini hamıdan yaxşı bilir. O cümlədən bunu: türklər – quldurdur, ermənilər – zəhmətkeş xalq. Təhsilinin ikinci ilində onu universitetdən qovdular. O da özünü qəhrəman sandı. 
Kənd üçün o tamamilə karagəlməz adam idi. Dava-dalaş salırdı, işləmirdi, hansısa işin-gücün qulpundan yapışmırdı, bəzən kitab oxuyurdu, amma ona görə ki oxuduğunu dərhal gedib kiməsə danışsın.
1932-də, iyirmi üç yaşındaykən kolxozumuz isti aran yerlərində yaşayan azərbaycanlı kolxozçularla saziş bağladı: onlar yayda bizim örüşlərə qalxmalıydı, əvəzində biz mal-qaranı, qoyun-davarı onların qışlağına aparmalıydıq. 1932-nin yayında, yenidən kəndlərimiz arasında təmas qurulduqda azərbaycanlılar ilk dəfə öz sürülərini yaylaqlarımıza qovdular. Kənd Sovetinin o vaxtkı sədri, matsolu Levon tapşırdı ki, yolunun hər iki tərəfinə dirəklər qoysunlar və üstünə qırmızı transparant keçirtsinlər: “ƏZİS DOSTLAR, XOŞ GƏLMİŞSİNİZ!”. Transparantların yanındasa uşaqları sıraya düzdürdü. Levon qonaqları musiqiylə qarşılamaq üçün çox çalışdı, bundan ötrü qonşu kəndlərdən nəfəs alətlərində çalan məktəbliləri və öz qayınatasını, öz kəndimizdən axsaq doolçini (dəf çalan – tərc.) gətirtdi və onu uşaqların yanına qoydu ki, vəzn tutsun. Əslində, pis olmadı, abırlı bir orkestr alındı, bircə nöqsanla ki, musiqinin səsindən qoyunların arasına vəlvələ düşürdü. Borunun elə ilk səsində sürüdəki qoyunlar bir-birinə qısıldı, sonra sürü yerində fırlandı, elə fırlandı və ürkdü ki… Levon düz sürünün ortasına düşdü, əlbəttə, bir qədər naqolay vəziyyətdə. Qoyunlar Levonu özləriylə birgə təxminən əlli metr sürüdü, sonra sürü sakitləşdi, sağa-sola dağılışmağa başladı və Levon yerə sərildi. 
Levon fikirləşdi ki, bu, boruçulardan kiminsə günahı ucbatından baş verib, yəqin, aləti düzgün filəməyib. Amma günahkarı tapa bilmədi, buna görə də bir vecsiz adamın oğlunun ağzını qapatdı, elə gərəksiz ki, onun oğlu yüzə-yüz yaxşı boruçu ola bilməzdi. Sonra Levon hamıya, o cümlədən o biri boruçulara və doolçiyə susmağı buyurdu və o an qoyunlar sakitcə transparantın altından keçib getdilər.

Yolda da qoyunlar ürkürdü, çünki Levon iki dəqiqədən bir şüarlar qışqırırdı:
– Yaşasın bütün dünyada erməni-Azərbaycan dostluğu, ura! Yaşasın möhtəşəm Fəhlə-Kəndli Qızıl Ordumuz, ura!
– Ura-а-а-а! Ur-r-rа-а-а!.. – ciyərdolu qışqırırdı pionerlər.
Hə, Levon böyük təşkilaytçıydı. Xüsusilə ilk dövrlərdə. Halbuki Mesropun yaşıdı idi.
– Mesrop, – Levon dedi, – ata otur, əziz dostlarımızı örüşə qədər ötür .
Mesrop cavab vermədi.
– Deyərəm, bunu əməkgünlərinə yazarlar, – matsolu Levon dedi.
Mesrop susdu.
– Özüm gedərdim, mən tövlənin açılışına getməliyəm, öz yerimə səni göndərirəm, Mesrop…
Amma Mesrop yanında deyildi, heç ətrafda da gözə dəymirdi. Bu coşqulu günlərdəsə Levon alışmışdı ki, ona lazım olan adam hər an yan-yörəsində olsun, mühüm və əvəzsiz günlərdə kimsə sədrin dediyi sözü havadaca tutsun.
– Mesrop, niyə özbaşınalıq edirsən? – dedi. – Mesrop… – Levon acıqlandı. – Tfu sənə, lənətə gəlmiş! – Levon söydü, bildi ki, heç kim onu eşitmir. O, atı Mesropun evinə çapdı. – Mesrop hanı?
Anası dedi ki, Mesrop erkəndən yoxdur.
– Göstər görüm tüfənginiz hardadı.
Anası içəri keçdi, qayıtdı, mıxdan asılmış tüfəng yerində deyildi.
– Tfu, sənə lənət! – Levon atı çöndərib kəsə yolla, daşların üstündən atılaraq, zəmilərin üstündən uçaraq meşəyə girdi. Beş dəqiqə sonra o artıq təpədə idi. At kolları yararaq yoxuşu qalxırdı, amma Levon yarıyolda atın qabaq ayaqlarını dolaşdırdı və yer düşüb qaçmağa başladı.
Qayanın arxasında əli tüfəngli, diz üstə oturmuş Mesrop papiros bükürdü.
– Ay səni! — Levon dedi. – Ayıb deyil, buna bax, oturub papiros tüstülədir.
– Noolub, Levon? – Mesrop aşağıdan yuxarıya onu süzdü.
Levon ayaqlarını geniş açaraq dayanmışdı. Elə durmuşdu ki, əynindəki qalife şalvar yırtılırdı. Mesropun qaşları arasından ona zillənən baxışı buz kimi soyuq idi və gözlərini bəbəyi qara qaşlarının altında gömgöy görünürdü, papirosu bükən barmaqları isə heç titrəmirdi. Və Levon ixtiyarsız gülüb dedi:
– Çox ciddisən, Mesrop.
Mesrop dilini kağıza sürtdü, amma papiros kağızı yapışmırdı.
– Çıx get, Levon, – Mesrop dedi.
– Getməsəm nə olacaq ki? – Levon gülümsədi və özü də anladı ki qorxudan gülür.
Mesrop əlini tüfəngə atdı.
– Nədi vicdanını tamam itirmisən?! – Levon kənara çəkildi.
– Bağırma, bura gəl.
Levon özü də çıxıb getmək istəyirdi, amma bu axmaqdan nə hoqqa desən çıxardı, lap arxasınca güllə də atardı. Doğrudur, Mesropdan qorxmanın ciddi əsası yoxuydu. Levon Mesropdan ona görə qorxurdu ki, əlində tüfəng vardı və tüfəngin qoruyucusu aşağı endirilmişdi.
…Bu haçan olmuşdu, hə, onların on altı, yaxud on yeddi yaşı olanda, hələ kiçik idilər, demək olar ki, südəmər uşaq. İkilikdə dağ yolunda Çürük Nikalın arvadının qabağını kəsdilər və ona ədəbsiz bir şey təklif elədilər. Çürük Nikalın arvadı əvvəlcə birinə, sonra o birinə baxdı, daha sonra qəzəbdən rəngi qaçmış halda yolun ağına düşdü, onlarsa arvadın ardınca qaçaraq yalvar-yaxar, boyunlarını uzadıb sanki iki kartof, ya da iki alma, ya da bir parça çörək verməyi xahiş edirdilər. Nikalın arvadı kisəni yerə qoydu, Mesropu tutub gözünün altını göyərtdi, əlindən çıxan Levonunsa dalınca daş atdı. Amma bundan sonra da oğlanlar arvadın ətəyindən əl çəkmədilər, boyunlarını uzadıb elə hey arvaddan filan şeyi xahiş edirdilər. Əvəzində də kisəni evəcən aparmağa, həm də həyətdəki samanı yığmağa və qabanı güdəcəklərinə söz verdilər. Levon deyirdi ki, məktəbdə yaxşı oxuyacaq, deyirdi ki, Nikalgilin iti kənddə ən yaxşısıdır...
–…bu işin axırı nə olacaq, Mesrop? – Levon tərli ayaqlarını bir yerdən o biri yerə qoyub dedi.
– Onlar atamı öldürüblər, Levon.
– Gör nə haçan olub bu… indisə yeni həyatdı…
– Çıx get, Levon.
Buna görə də Levon onu beş barmağı kimi tanıyırdı, amma o, heç kimə bəlli olmayan bir şey bilmək istəyirdi. Mesrop indi öz səsiylə yox, başqa səslə danışırdı və əsla gülümsəmirdi. Ağzından tüstünü də kənddə hamı elədiyi kimi buraxmırdı. Nüfuzunu qaldırmaq vaxtı yetişmişdi. Axı bu vaxtacan hamı onu avara, anasından papiros pulu alan, boşboğaz kimi tanıyırdı və qabağına çıxan hər kəs ağzından vururdu.
Mesrop ayağa qalxdı, qollarını yana açdı və bütün məkanı özüylə doldurdu.
– Çıx get də, çıxıb gedəcəksən?! – Söydü və Levonu tüfəngin qundağı ilə itələdi. – Buna bax, mənə nəzarət eləyən az idi!.. Atın tərkindən mənə əmr edir … – Mesrop yenə söydü.
Levon artıq çıxıb gedirdi, o, söyüşdən incimirdi (necə olmasa, adam atasını itirmişdi) və qüruruna dəymirdi, çünki Mesropun tüfəngi vardı, onunsa yalnız qamçısı. Amma onu saxlayan bir səbəb də vardı: Levon xəcalət çəkirdi. O qədər xəcalətliydi ki, hətta tərkindəki atdan belə utanırdı. Və başında dolaşan aydın və bulanıq mülahizələr arasında tarazlıq yaradaraq Levon getmədi, dayandı. Sonra birdən çöndü və qaçdı və Mesropun qarşısındakı daşın üstünə hoppandı. Bu özü-özünə alındı. Doğrudur, sonralar əhvalatı nəql edən Levon deyirdi ki, dəqiq qərar qəbul eləyib geri döndü. Amma bu, yalanıydı. Bütün adamlar kimi, Levona elə gəlirdi ki, davranışları düşünülmüşdü.
Levona hələ də elə gəlirdi ki, o qaçır, əslindəsə o, daşın üstündə durmuşdu. Bundan sonrakılar çox sürətli və özü özünə baş verdi. İki dəqiqə sonra Mesropun qolları burulmuş və kürəyində bağlanılmışdı. Levonunsa köynəyi cırılmış və çiyini cırmaqlanmışdı. Bütün bunlar elə ani baş verdi ki, Levonun köynəyi hələ al qana bulaşmağa macal tapmadı. Levonun göz qapaqları şişərək göyərir və göz yarığını kiçildirdi və dizi həmişəki kimi qatlanmırdı. Tüfəng Levonun əlindəydi, lülə Mesropun kürəyinə toxunaraq onu cızırdı. Levon əliylə qalife şalvarını yuxarı dartaraq gedir və özü-özünə heyrətlənirdi ki, Mesropu əl-qolunu bir anda necə burub, bir əliylə onu tutaraq o biri əliylə kəmərini çıxarıb əl-qolunu möhkəm bağlaya bilib. Levon özünə təəccüblənirdi və bu təəccüb böyüyür, böyüyür, böyüyürdü və bir neçə ildən sonra bircə bu təəccüb qaldı, əhvalatın özü tamam-kamal unuduldu. Hə, bir neçə il sonra o vaxtkı davranışı ona çox mühüm və əhəmiyyətli göründü və o, öz gözündə mühüm və əhəmiyyətli bir adam oldu. Həm də özü özüyçün qorxurdu, dizini ovur və fikirləşirdi ki, özünü aşkar təhlükəyə atmaq nə axmaq hərəkətdir. “Gərək canlardan kimisə göndərəydim ki, onu tutub şil-küt eləsinlər…”
…İndi, əlləri bağlı olduqda və sağ ovcu od tutub yanarkən və tüfəngin lüləlisi kürəyində elə eyni yeri cızarkən, Mesropa elə gəldi ki, o uzun illər boyu içində qisas hissini gəzdirib və indi, vaxt yetişdikdə, onun hisslərini nankorcasına tapdalayırlar. Mesropun özünə yazığı gəldi və o, hönkürüb ağladı. Göz yaşlarının yanaqlarına yüngül toxunuşu xoşuna gəldi. Bir səfeh başqa bir səfehi ittihamı edir və o biri sevinclə ittihamı qəbul edirdi, çünki heç nəyə heyfsilənmirdi. Təsadüf iki doğma adamı – biri yaxalanmış, digəri yaxalayan qismində – üzü-üzə gətirmişdi. Hələ dünən hər ikisi Nikolun arvadının tumanından yapışıb sürünmüşdülər, bu günsə hər ikisi ideya daşıyıcıları idi və bunu fikirləşmək hər ikisinə xoş gəlirdi.
Ovucu sızıldayırdı, adama elə gəlirdi ki, bütün qan bir bədbəxt ovucda toplaşıb və budur indicə dəridən fışqırıb çıxacaq. Ovucun dərisi də nazikdi, hörümçək toru kimi. Mesrop dayandı. Levon onu tüfənglə dümsüklədi. Mesrop tüfəngi kürəyilə itələdi ki, lülə belini daha möhkəm cırmaqlasın. Onun, əzabkeşin kürəyini. Və Mesrop başını Levona sarı çevirərək dedi:
– Onlar atamı öldürüblər, Levon.
Levon məsələyə bu qədər dar bucaqla baxmaq istəmirdi, o, yenidən Mesropu dürtmələdi və dedi:
– Yeri, yeri, köpəy oğlu, lənətə gəlmiş millətçi!
Mesrop da başa düşdü ki, hər şeyi atasıyla məhdudlaşdırmasa yaxşıdır.
– Onlar Anini (qədim erməni şəhəri – tərc.) dağıdıblar, – dedi.
Ətradasa dağlar vardı, dərədə qoyunlar otlayırdı. Оnlar çəpəki yolla bulağı olan yarğana endilər, ordan da təpəyə çıxmalıydılar – Levon atını orda qoyub gəlmişdi. Aşağıda laləli vadi vardı, yuxarıda, dərənin üstündə, dağlarla eyni hündürlükdə havanı qanadlarıyla yararaq qırğı pərvaz edirdi. Və hər şey özü özlüyündə yeni görünürdü, bir növ, o vaxt təzə peyda olmuş traktor kimi.
– Mən də deyirəm, millətçi, onlar necə olmalıdı ki... millətlər buynuzlu olmur, elə bizim kimi adamlardır. Millətçi.
Azərbaycanlı çobanların qoyunları kiçik meşədən çıxırdılar. Levon gözlədi ki, azərbaycanlıların gözünə görünsün, sonra əl-qolu bağlanmış adamdan kənara çəkildi və şüar qışqırdı: “Eşq olsun bütün dünyada oyanan Şərqə!” Mesropsa qaşlarını çatdı, çənəsi dartıldı və öz düşmənlərinin yolunu kəsərək getdi. O, qürurlu nifrətlə onların yanından keçməliydi, amma alınmadı.
Onlar bu iki nəfəri əhatəyə aldılar və bir-birini haylayaraq qır-qır qırıldadılar, sonra Mesropun qollarına baxıb dedilər ki, ovucunun oynağı burxulub. Sonra onu quru torpağa uzadılar, üç adam üstünə çıxdı ki, o qımıldana bilməsin və işə mane olmasın. Bir hiyləgər gözlü qoca qarı onun əllərini ovcuna qoydu.
– Hə, yaman işə düşmüsüz, bu bir günlük iş deyil a… – qarı dedi və Mesropun əlindəki böyük barmağı dartıb burdu. Sonra yenə barmağı dartıb burdu. Və onun böyük barmağının çıxdığını görüb yenidən başını yellədi: – Hə, niyə dalaşırsız, balaca uşaqsız, nədi, heç fikirləşirsiz nə iş görürsüz?..
Qarı axır ki, dözməyib Levonu kişisayağı söydü. Və çeçələ barmağın yerinə düşüb-düşmədiyini yoxladı və ayağa qalxaraq yenə Levonu danladı:
– Axmaq!
Göz yaşları Mesropun üzündə quruyurdu, susqun halda öz ağrısını seyr edirdi. Bu qarıya qarşı nifrəti yoxudu və bu üstündə oturmuş adamlara qarşı da, indi onlar kənarda papiros çəkirdilər.
İki kötəklənmiş it, iki məğlub sərkərdə, Mesrop və Levon atı və tüfəngi dallarıyca sürüyərək, söhbət eləyə-eləyə meşəyə girdilər və meşədən çıxıb kəndə qalxdılar. Оnlar ordan-burdan kəlmə kəsib, atlar, nallar, dırmıx, peyin, Simonun eşşəyi haqqında danışırdılar. Eşşək üç ildi ölmür ki ölmürdü, nə də işləyirdi, ancaq anqırırdı. Görüm bu eşşəyi…
Onların iyirmi yeddi-iyirmi səkkiz yaşlarında ikən, Levon artıq xalqlar dostluğu ideyasına məftun olmuşdu, Mesropsa donquldanırdı: “Ermənilər… Nairi… Ani...” Mesrop tarixləri və adları yaddaşında saxladı və bütün bunları üyüdür, üyüdür və Ermənistanın tarixinə qatırdı. Levonsa bütün bunlara kəc baxırdı və özünə deyirdi ki, sayıq olmaq lazımdı. O, bunu gizlətmirdi və Mesropu bundan xəbərdar edirdi. Özü özünəsə Levon deyirdi ki, hərtərəfli sayıqdır. Öz sayıqlığını da əsla itirmirdi, Mesropsa öz Leosundan əl çəkmirdi. Və onlar bir-birindən tam razı idi, çünki hər biri o birinin varlığını bəraət verirdi. Sonra, təlaş yaratmamaq üçün Levon gecə vaxtı Mesropun evinə təhlükəsizlik komitəsi əməkdaşlarını gətirdi. Xəlvətilik onun təklifiydi: o üç nəfər qapının arxasında gizlənməliydi, özüsə qapını döyməliydi. Mesropun itini azdırmaqdan ötrü, Levon şəxsən özü keçə parçalarını yağda qızartmışdı və indi yazıq it keçəni elə hey çeynəyir, çeynəyirdi. Bütün gecə və ertəsi gün, artıq Mesropu tutub qoduqluğa apardıqları vaxt itin hürməsinə ehtiyac qalmırdı, it hələ də yağlanmış keçəni çeynəyirdi. Bir sözlə, ancaq itin başına corab hörmək mümkün oldu. Çünki Mesrop yatmamışdı, onların gəlişini gözləyirdi və Leonu oxuyurdu.
– Bu mənəm Mesrop. Yatmısan nədi?
– Boynumda xalta var, Levon, – Mesrop erməni kişisinə xas batıq səslə dedi. – Sənə mənə boynum lazımdı, Levon, boynumsa çiynimin üstümdədir, keç içəri. – O, pəncərəni açıb tüfəngin lüləsini çölə çıxardı: – Uşaqlar aranızda türk var?
Оnlar dedi ki, yox, aramızda türk yoxdur, hamımız erməniyik.
– Bir halda ki hamınız ermənisiz, – Mesrop tüfəngi içəri saldı, – gəlin, əzizlərim. Araq içəcəksiz, uşaqlar, yoxsa çaxır?
Onlar başqa şey axtarmırdı, araq və ya çaxır onların nəyinə lazımdı axı. Onlar başqa şey axtarırdı və o başqa şeyi tapa bilmirdilər, çünki o heç yoxuydu. Ancaq Leo vardı, əməkgün kitabçası və Mesrop masa arxasında oturmuşdu, kirpiklərini ahənglə döyərək.

– Nə axtarırsız, uşaqlar, hər şey ortadadı, sizdən gizlədiləsi heç nəyim yoxdu, aramızda türk yoxdu, məsələ nədir…

– Qılıncını harda gizləmisən, de görək, –həmin dəm Levon rişxəndlə soruşdu və o üç nəfər əl-ayağa düşdü.

Kənddə çoxunun tüfəngi vardı, onunla dovşan, ya da kəklik ovlamağa gedirdilər. Qılınca gəlincə, qılınc ciddi məsələydi, çünki onu xatırladıqda beş adamın beşində də bulanıq assosasiyalar yaranırdı: qılınc – həm “qırmızılar”a, bizim Çapayevə qarşı, həm də inqilabın bütün düşmənlərinə qarşı işlənən silah idi. Hə, qılınc onların hamısına ciddi məsələ göründü (divardan asılmış çoban yapıncısı da Çapayevi yada salırdı).
– Qılınc deyirsən? Doğrudan da o hardadı?
Evi baş-ayaq çevirdilər. Və Mesrop da onlarla birgə axtarışa qatıldı. Onlar divarları döyəcləyir və tirləri yoxlayırdılar ki, orda gizlədilmiş silah var, ya yox. Tirlərin içi dolu deyildi, amma qılıncda yoxudu, lap özünü öldür. Tər su kimi axırdı – qılınc yoxdu ki yoxdu. Və adamlar artıq bilmirdi ki, nə eləsinlər, otağın ortasında özlərini itirmiş halda durmuşdular. Və onda Levon Mesropu kənara çəkdi. Onun qulağına nəsə pıçıldadı. O artıq konspirasiya, təlaş, ümumdünya inqilabı kimi şeylər haqda düşünmürdü, süstləşmişdi və sıradan bir kəndli idi. O xəcalət çəkirdi və utanırdı, qonağa verməyə heç nə tapmayan ev sahibi kimi. Mesrop ona qulaq asır və tez-tez təkrarlayırdı: “hə, hə, yaxşı, hə, hə, hə... aha…” Və o üç adam da eşidirdi ki, Mesrop Levona deyir: “hə, hə, yaxşı, hə”. Levonsa Mesropa deyirdi: “Ayıbdı, adamlar vilayətdən gəliblər. Nədi, indi boş əllə qayıtsınlar, ayıbdı, leytenantı da narahat eləmişik, o cavan leytenantı”.

– Hə, hə, hə – deyirdi Mesrop.

…Qılınc zirzəmiyə atılmışdı, kələmlərin arasındaydı. Tam zərərsiz idi, elə bil heç qılınc da deyildi. Artıq paslanmışdı. Onunla nə vaxtsa baş kələm doğramışdılar, elə o vaxtdan zirzəmidə unutmuşdular.

Mesrop arvadının üstünə çımxırdı:
– Qılıncı əlinə hansı üzlə almısan, səfeh arvad, heç silahı hörmət-izzətin də yoxdur.
О, dərhal qılıncı təmizlədi, itiləyib parıldatdı, qınını da tapıb paslı kələm bıçağından xalis silaha çevirdi ki, təqsirinin heç olmasa bircə əsaslı dəlili olsun. Mesrop elə etdi ki, Levon hələ uzun müddət bunu danışsın:
– Bütün dərrakəli həyatım boyu böyük fəaliyyət göstərmişəm. Həə… Daha nələr görmədik ki... sabotaj da, banditizm də, nasionalizm də! Eh, uşaqlar, elə bilirsiniz, ömrümüz asan keçib?

Alışılmış sözlər – dırmıq, şüyüd, biçin, xaşxaş, təzək – yerinə, təzəcə öyrədilmiş, hələ dövriyyədə olmayan, hələ bağlamada, qəttəzə, yeni yepyeni sözlər: “fəaliyyət”, “bütün dərrakəli həyatım boyu” və s. Amma Levon tez-tez kəlmələri səhv salırdı və “nasionalizm” əvəzinə, “mesropizm” demək istəyirdi.
Mesrop da az aşın duzu deyildi a. Kəndə qayıdıb bir neçə gün ağzına su aldı, amma sonra gözünü yumub ağzını açdı: “Eşitmisiz, Levonu ifşa ediblər …” Demək istəyirdi ki: “Eşitmisiz Beriyanı ifaşa ediblər”, “Eşitmisiz, Levonu damlayıblar…”, yaxud “Levonu dama basıblar …” və s. Hamının baş-beynini aparırdı və artıq heç kim onun bu zarafatlarına gülmürdü. Axırda ikisini də fermada işləməyə göndərdilər. Və tapşırdılar: “Bəsdi boş-boş danışdız, iş-güclə məşğul olun”.

Fermadakı işdən başqa, hər ikisi yaşadıqları ömürdən razı idilər. Biri fərqlənmə nişanını məhbusluğuna qarşılığı kimi yaxasında daşıyırdı, o biri sosializmin uğurlarını özünün şəxsi uğuru sayırdı.
Mesropa elə gəlirdi ki, o, həqiqəti üstünlük qazanıb: “Təzəyi qarın altında gizlədə bilməzsən. Moskva, Kreml, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinə, yazırıq?..”
Onun nazıyla oynayırdılar, dərd bundadı. Levon da, təhlükəsizlik orqanları da, təqsirsiz repressiya olunanların işini araşdıran komissiya da, cığırda başını tumarlayan o çoban da, Mesrop azərbaycanlıların üstünə tüfənglə davayla gedəndə onu döyüb-əzişdirən biçinçi də, – bir sözlə, hamı. Sadəcə ona fikir verməmək lazım idi, onusa ya dəstəkləyir, ya da mühakimə edirdilər.

Ayı nə mənə şeydi ki... Özünün yarım sentnerlik çəkisini unudaraq, necə deyərlər, bu cılız, tabsız qocayla ünsiyyətə girmişdi. Qoca bilirdi ki, Yerevan nədir, onun küçələrinin ağına düşmüşdü, univermağa göz gəzdirmişdi, fransız qəzetinin başlığını xatırlayırdı və deyirdi: “atom bombası”, “dünya müharibəsi”, “Afrika”, “Neron”. Ayı gözünə uşaqlıq çağının oyuncağı kimi görünürdü; ayı gözünə elə gülünc və gerçəkdən kənar görünürdü ki, sanki nağıllardakı yaşıl rəngə boyanmış əjdahadır.
Levon dedi ki, zəmidə ayı gözə dəyib.
– Tüfəngi gülləylə doldur, – Levon dedi. – Qırmadan ona heç nə olası deyil.
– Güllə dərini korlayır, – Mesrop dedi.
– Özün bilərsən, – Levon dedi.
Payız yaxınlaşırdı. Meşənin sərinliyi daha da artır və gün adama ləzzət edirdi. Qızılı xəzəl artıq bütün torpağı bələmişdi və çeşmələr yarpaqların qalın təbəqəsi altında susurdu və su ağır-ağır damcılayırdı. Mamır bağlamış qayalar acıqlı, yarıvəhşi əcdadları xatırladırdı. Yanaşı bitib böyümüş iki fıstıq ağacı budaqlarını toxunub bir-birini qıcıqlandırır, çökükburun quşu ağaclar üzərində dolaşır, uçub gedir və qayıdırdı. Və Mesrop düz yeddi dəfə tüfəngi ona sarı yönəltdi, amma nədənsə atəş açmadı. Meşə meşəydi, istəyirsən lap todan atəş aç, onsuz onu özünlə bələyə bilməyəcəkdin. Mesrop yad evdəydi. О, böyürtikən yeyir və öz-özünə deyirdi ki, budu meşəyə gəlib və böyürtikən yeyir. Və sakitdir, tam rahatdır. “Ayının yanına qonaq gəlmişəm və böyürtikən yeyirəm”, – düşünürdü, amma nəsə pıçıltıyla ona deyirdi ki, yox, heç də belə deyil. Mesrop fikirləşirdi ki, hardasa yaxınlıqda ağac olmalıdı, üstündə adlar yazılıb: onun, Andranikin, Gikorun, Amayakın… “Donuz otarıblar 25/V 22-ci il”. İstəyirdi ki, meşənin kənarı o günün çığırtıları və harayları, tonqalın çırtıltısı, onların səfeh gülüşü və şit zarafatlarıyla dolsun. Mesrop köks ötürürdü: “Eh gidi günlər!” Amma əslində Mesrop ürəyindən keçirdi ki, indi insan səsi eşitsin. Kürəyi də qupruyurdi, saçları dimdik durmuşdu, papağı da özü-özünə yuxarı qalxırdı.
– Siyasi iqtisad, – Mesrop ucadan dilləndi. – Şimal qütbü, Cənub qütbü, – və biləyi ilə qundağı döyəclədi. Mesrop düşünürdü ki, o bir azca da qorxmur və hətta gülümsəyir: ləzzətli böyürtikəndi…
Meşə susdu. Fıstıq ağacları tərpənmirdi, çökükburun quşu aşmış ağaca oturdu və başını sağa-sola yellədi. Kimsə yaxında dayanmışdı, nəfəsini içinə çəkərək və Mesrop boylanıb baxmağa cəsarət eləmirdi ki, görən kimdi. Qulağının dibində beyni guruldayırdı, gicgahlarından tər axırdı. Ayı. О, aşmış ağacın yanında dayanmışdı. Mesrop onu görürdü, amma ayını fıstıq ağacından ayırd edə bilmirdi. Fıstıq ayı idi və bütün meşə. Mesropun bütün əzələləri gərildi və yenidən süstləşdi. Tər qurudu. Bir anlıq Mesropa elə gəldi ki, orda, fıstıq ağacının yanında duran qoca babasıdı və əgər ondan üzr istəsə, xatadan-baladan qurtulacaq.
– Goplamıram, xaç haqqı, – yataqda uzanaraq Mesrop mənə and içirdi. – yadımdadı, tüfəngi yerə atdım və dedim: “Qırma doldurmuşam, qorxma”, deyirəm və gülürəm. Deyirəm: “İndi gedəcəm, bir-iki böyürtikanını yemişəm, vəssalam, indi gedəcəm…” Ayını görmüsən?
– Yox.
– İt kimidi, Hrant. Xalis it. Cəhəngini açdı, nərildədi və üstümə gəldi. Dili qırmızıdı, nazik, it cinsi. Və zingildəyir. Qarnının tükü də qırmızıdı, qırmızıya çalır.
Mesrop hiss etdi ki, havalanır. Ayı onun üstünə cummalıdı, o ayının üstünə yox.
– Nəyə hirslənmişəm? Çünki belə bir heyvan ütümə gəldi. Fikirləşdim: “Bircə sən əskik idin”. Bilmirəm, necə oldu, amma tüfəng əlimdə peyda oldu, qundağı var gücümlə başına elə çırpdım ki, tüfəng param-parça oldu, o da çömbəlib oturdu və elə uladı ki. İstədim lüləni ağzına dürtüm, osa tüpürdü və yenə üstümə gəldi. Gördüm ki, məni tikə-parça edəcək. Ağrı hiss etmirəm, ancaq istidir, xırıltı eşidilir və üfunətdən nəfəs almaq olmur. Yadımdadı, hələ onun şey-şulatından yapışmaq istəyirdim, o amma yoxudu. Son ümidim idi bu. Ancaq o şeydən yapışmaq lazımdı və buraxmamaq, оnda gəbərəcək. Həə… mənsə tapmadım onu. Nə deyəsən, mənim kimilər haqda deyirlər də, qarabəxt. Neyləyim, bəxtim yoxdu da.
– Bəs sonra nooldu?
– Yadımda deyil, Hrant, deyirlər, itlər köməyə çatdı.
– Di yaxşı, o ayı filan şeysiz necə olub ki. O dediyin?
– Yəqin, dişi imiş. Yox, sən bir işə bax. Dünya ayı və ovçuyla doludu. Ovçunun qabağına ayı çıxdımı, atəş açmalıdı, ya ayı yanpörtü yıxılmalı, ya da yaralı halda üstünə gəlməlidi. Ayını hamı öldürə bilər, bir gülləyə, mənimsə qabağıma tüfəng qırmayla dolu olanda çıxır. Üstəlik, dişi ayı. Eh, bütün həyatım belə keçib.
O, təxminən bir ay rayon xəstəxanasında yatdı, elə o qədər də yeriyən xəstə oldu. Bütün günü içində nəyisə fikirləşirdi, nəhayət, hansısa nəticəyə gəlib çıxdı və indi özünə həmsöhbət axtarırdı. Amma kənddə onun ov macərasına gülürdülər. Və o, fəlsəfəçiliyə başlayan kimi adamlar dağılışırdı.
O, barmağını kitabın səhifəsi arasına qoyaraq uzanmışdı, tavana baxırdı və adama elə gəlirdi ki ordan nəsə oxuyur:
– Əlli il ömür sürmüşəm, amma həyatdan nəsə qanmışamsa, o da ovda olub. Ayı nəyiylə güclüdür? Ayı – meşədi. Ayı – meşənin bir parçasıdı. Meşə də ayının bir parçası. Meşənin də, ayının da ucu-bucağı bilinmir. Qaçmaq istədim, kollar mane oldu, çökükburun quşu ayıdan xəbərdardı. Bir saat başımı qatdı. Qanırsan?
– Yaxşı, – dedim, – bel çıxır ki, kim güclüdürsə, düşmənimizdir?
– Bir balaca səhvin var. – Mesrop özündən razıydı ki, kimisə söhbətə, yəni rahatlıqla və bacarıqla üzə bildiyi suya çəkmişdi.
Başını yelləyərək, həmsöhbəti və dünyada heç kimi sezməyərək, şəhadət barmağının hərəkəti ilə öz mülkünə təcavüz eləmiş bütün adamları göstərirdi və elə özü son, əhəmiyyətsiz, amma zəruri dəqiqləşdirmə aparırdı:
– Sən bir balaca səhv eləyirsən, həqiqət bax belədir: kim ayıdırsa, o da güclüdür. Yəni öz meşən olmalıdır. Məsələn Levonun varıdı, o güclüdü. Ancaq mənim yoxumdu və heç olmayıb da.
– Sən atlara bax, çalış ki, ziyana düşməyək, onda yaxşı qazanarsan, baxarıq onda sənə meşə lazım olacaq, ya yox, – dedim. – Yoxsa ki bütün günü burda veyllənirsən. Bura bax, əlli yaşda adam gərək müdrik ola, sənsə əllaməlik edirsən.
– Yox, – o başını silkələdi, — yox. Bunu başa düşməkçün hələ çox yaşamalısan. İnsan bu dünyada nəyləsə yaşamalıdı. Çörək? Buğda səpirsən, taxıl yığırsan, noolsun? Ayısa palıd qozası yığıb yeyir. İt də sümük tapıb gəmirir. Noolsun? Mesrop atları cidarlayır. Ayı palıd qozası yeyir, Mesrop buğda. Ayı da yeyir, Mesrop da. Hə, xoşuna gəldi?
О, cığıra çıxdı, sonu görünməyən, onu cürbəcür vəhşiliklərlə dolu meşəyə doğru yollandı: ayılara, fıstıq ağaclarına, qırğıya və xallı marala, ora, mamır basdığı və ulu babalarımızı xatırladan qayaların yanına. Ayı orda, parçalanmış kötük üstdə oturub zümzümə edirdi, ildırımlar orda yanğınlar törədirdi, leysanlarsa yanğınları söndürürdü. Kiçik çaylar qurdların izini itirirdi, qurd xallı marala səssizcə yaxınlaşırdı və qurumuş tozağacının budağı xaincəsinə sınırdı, qorxmuş xallı maral qaçıb gedirdi. Və qalın qar təbəqəsi meşəyə doğru enirdi və meşə yuxulu halda gələn ilin nağılını qoşurdu. Bu nağıl qu quşunun ilk çığırtısıyla başlamalıydı, böyürtikan yeyən ayının coşqusu və ürkmüş dovşanın mürgüsüylə bitməliydi.
Onun sonuncu dəfə azərbaycanlıların yanına gedişi tamam-kamal səbəbsiz-filansızdı.
Tüfəngi götürdü, onu təmizlədi, gülləylə doldurdu və getdi.
– Bu gün-sabah dünyadan gedəcəm, Avetikə nə deyəcəm axirətdə?
Dərədə Levon çobanlarla birgə qoyunları çimdirirdi. Ona Mesropdan xəbər gətirdikdə, Levon işini atıb yuxarı, alaçıqlara doğru qaçdı. Və var gücüylə qışqırırdı:
– O dəlinin əl-qolunu bağlayın!.. Di haydı, o dəlinin əl-qolunu bağlayın!
Amma örüşdə yalnız arvadlar vardı. Heç kim Mesropun üstünə qaçmadı və əl-qolunu bağlamadı. Mesrop təpəyə çıxdı, azərbaycanlıların alaçıqlarına tərəf düşdü. Heç kim onu gözləmirdi. Orda diqqətini çəkən ancaq cins buğanın yerli cinsdən olan öküzlə döyüşüydü. İti buynuzları yerli çobanlar mişarlamışdılar və indi buğa öküzü tikə-parça edə bilməzdi. İri cəmdəkli heyvansa o birinin yanında tam karsızdı, çünki buğa əsəbi, qızmış və zirək idi. Onların döyüşü indi bərabər idi, amma Mesrop yaxınlaşıb heyvanları qovdu. Onları qovdu, oturdu, papiros yandırıb tüstülədi, sonra durub geri qayıtdı.
Azərbaycan çobanlar dalınca gülürdülər:
– Bizimlə qarpız yemək mehtərin xoşuna gəlib.
Mesrop indi də sağdı, gündə bir axmaqlıqlar edir: gah əlində balta aylarla meşədən çıxmır, gah bulaqların gözünü açır, ya da cökə ağacından parç düzəldir və onları bulaqların yanında qoyur; daşların üstündə, bulaqların üstündə, mamır üstə bu kəlmələri cızır: “Mesrop K. XX”, yəni Mesrop Kazaryan, iyirminci əsr. Ona deyən lazım, axı kim sənin cökə parçlarından istifadə edəcək, onlar neçə gün qalacaq ki... sənin mamırda yazdığın yazı neçə gün qalacaq ki... və onlar kimə lazımdı axı..?
Levon da sağdı. Kəndə yolu düşən müxbirlərə deyir: “İyirminci-otuzuncu illərdə böyük fəaliyyət göstərmişəm. Çox böyük. Xatırlayanda özüm də mat qalıram, bir adamın işi deyil e bu”. Mesrop haqdasa Levon deyir: “Pis adam deyil, amma öz xeyrini heç bilmir, öküz onu buynuzlayır, at təpik atır. Axmaqdı, qanmır, atın buynuzu yoxdu, deməli, qabağına keçməlisən, öküz təpik atmır, arxasına keç. Qanun belədi, itaət etmək lazımdı”.

Tərcümə: Əziz Rzazadə

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?