Modern.az

“Qulp”dakı Teymur müəllimin əhvalatları

“Qulp”dakı Teymur müəllimin əhvalatları

Ədəbi̇yyat

23 Fevral 2013, 12:08

Hər birimizin xatirəsində günlərin bir günü baş vermiş əhvalatlar var. O əhvalatlar ki, onları xatırladıqca və ya danışdıqca ürəkdən gülmədən, gülümsəmədən mümkün olmur.
Şənbənin insanların istirahət günü olduğunun nəzərə alıb, Modern.az oxucularının kefini açmaq istədik. Bu məqsədlə “Qulp” verilişindən tanıdığımız aktyor Teymur Məmmədovun danışdığı əhvalatları təqdim edirik.

Beləliklə, “Günlərin bir günündə”...

Habil Əliyevin deputat xanımı

Teymur Məmmədov öz başına gələnlərdən əvvəlcə Habil Əliyevlə bağlı bir epizodu bizə nəql edir:

Habil Əliyev SSRİ-nin dağılan vaxtlarında xanımı ilə Moskvaya gedir. Ac olduqlarından oradakı restoranlardan birində oturmaq qərarına gəlirlər. Restoranda yemək sarıdan kasadlıq olur. Habil Əliyev inzibatçıya arvadını göstərib deyir ki, bu qara arvad SSRİ Ali Sovetinin deputatıdır. İnzibatçı da gedir heç kəsin süfrəsində olmayan ərzaqları daşıyır gətirib süfrəyə qoyur. Bütün müştərilər baxır ki, hamının süfrəsi yarıboş, bircə iki nəfər qara adamın stolunun üstü doludur. Habil Əliyev və xanımı yeməyə başlayırlar. Arvadı deyir, Habil oradan mənə meyvə şirəsi süz, Habil meyvəni yaxına qoy, Habil pomidor ver, göyərti ver və s. O qədər buyurur ki, axırda Habil Əliyev deyir ki, az, sən deputat deyilsən e, mən yalandan dedim ki, sən deputatasan. Nə istəyirsən məndən?!

Mikrofondansa, çəkic yaxşıdır

– Günlərin bir günü toydayıq. Aparıcılığı da mən edirəm. Hamımızın maşınımızı düzəltdirdiyimiz dəmirçi usta da toydadır. O da həmişə bizi yola verir, pul-para sarıdan adama güzəşt edirdi. İndi buna belə borcumuz olduğuna, işimiz düşdüyünə görə təriflədim, söz deməyə dəvət etdim. Nə isə, buna söz vermişəm, sağlıq deyir. Mikrofonu götürdü ki, “əzizinəm yaxşıdır, yaxşı qohum yaxşıdır..”. Amma ardı gəlmədi... Tərs kimi bu mən bilən şeir, bayatı nümunəsi deyil ki, böyürdən pıçıldayım. Millətin də gözü bunun ağzında qalıb ki, indi nə isə yaxşı, qənimət bir sağlıq deyəcək. Usta da mən tərəfə baxır: “Ə, əzbərləyib çıxmışdım e bunu...”.
Bir də başladı ki, “əzizinəm yaxşıdır...” Ardını gətirə bilmədi... Bu sözü o qədər dedi ki, axırda əsəbiləşdim, mikrofonu əlindən alıb dedim:
- Yamən, mikrofondan çəkic yaxşıdır. Get işinlə məşğul ol, çəkicini döy!

Sönmüş işıq, it-pişik boğuşması...

– Yenə toyda aparıcılıq edirdim. Müğənni də işığı söndürüb, it-pişik boğuşmasından ibarət olan diskini qoyub oxuyur. Adamlar da mat-mat qalıblar ki, niyə işıq yanmır... Mən də buranı idarə edirəm deyə yeməkdən, xidmətçidən narazı olanda, kondisioner işləməyəndə də hamı mənə yaxınlaşır. Elə bil ki, hər şeyə cavabdeh mənəm. Bir də gördüm rayondan gəlmiş qonaqlardan biri durdu gəldi ki, “ə, müəllim, buranın işıqları niyə bu gündədir, işıqları niyə yandırmırsınız”. Dedim, “rəhmətliyin oğlu, bu boyda zalda işıq yandırsan, ona işıq pulu vermək olar”. Dedi, “düz deyirsən...”.

Şahanə Rəhimli

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir