Modern.az

Tacir Şahmaloğlu: “Səsim tutulduğundan konsertdə xoruz kimi banladım” - “İlk dərs günü”

Tacir Şahmaloğlu: “Səsim tutulduğundan konsertdə xoruz kimi banladım” - “İlk dərs günü”

İqtisadiyyat

23 Fevral 2013, 13:01

Həyatımızda elə ilklər var ki, bunlar sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Kiminin ilki ona sonralar xoş anlar, kiminin ki, isə məyus edəcək təəssürat qoyur. Amma fərqi yoxdur bu ilkdir və şüuraltımız qollarını açaraq onu möhkəmcə qucaqlayıb saxlayır. O günə kimi ki döyünən ürəyimiz bir gün dayanır. 

Bəlkə də az insan tapılar ki, məktəbdə birinci sinfin ilk günlərini, qayğısız, xoşbəxt və dəcəl vaxtlarını xatırlamasın.   

Modern.az-ın “İlk dərs günləri” adlı rubrikasının bu dəfəki qonağı tanınmış müğənni Tacir Şahmaloğludur. Uşaqlıqdan səsinin sehri ilə bizi valeh edən “Qarabağ bülbülü”nün xatirələrini qurcalayıb yalnız bunları tapa bildik:

–Dərsə ilk dəfə məni aparan atam olub. Birinci sinfə Ağdam rayonunda 1972-ci ildə getmişəm. Hər hansısa uşaq kimi pis uşaq olmamışam, üzü yola idim. Yəni elə uşaqlar var ki, onun şıltaqlıqları olur. Məsələn, mənim əmim oğlu var idi ki, yolun yarısından ağladı, qayıtdı. Mən isə həyatdan qorxmamışam. Getdik, oturduq müəllimimizi tanıdıq.

İlk müəllimim Şükufə xanımın yalnız adını xatırlayıram. Sizə yadımda qalan şeirləri deyim:

Şaxta gəlir, yağış gəlir, qar gəlir,
Bu gün gecə-qış gecəsi qar gəlib.
Səpir qarı, təpələrə, çöllərə
Dərələrə yollara... 

  Və ya

Qara bax, qara, 
Gör necə yağıb. 
Çıxsan bayıra,
Məni də çağır.   

Geyimlərimizə gəlincə, sosializm quruluşunda yaşayırdıq deyə, əynimizdə qara kostyum, ağ köynək, qırmızı qalstuk olurdu.  

Sinif yoldaşlarımızın eləsi var ki, indi oğlunun qızının toyuna gedirik. Qızlar ilə az görüşürük. Bilirsiniz də Azərbaycanda belə şeylərə baxışlar bir az başqa cürdür. Amma hamımız bir-birimizi qardaş-bacı kimi çox istəmişik.

Məktəbi çox yaxşı oxumuşam. Sadəcə olaraq biz xarici dövlətlərə qastrollara gedirdik. Elə səfərlər məni dərsdən bir az alıb götürürdü. Səkkizinci sinfə qədər yaxşı oxumuşam. Ondan sonra getdikcə zəiflədim. Kimyanı heç bilmirdim. Sevmirdim bu fənni.

Sizə uşaqlığımın bir xatirəsini də danışım: 6 yaşım var idi, bizi aparmışdılar qastrola. Gəncədə böyük konsert verirdik. Uşaqlıqdan dondurma sevdiyimdən orada da konsert qabağı nəfsimi saxlaya bilmədim. 5 dondurmanı birdəfəyə yedim. Axşam yatdıq, səhər gördüm səsim batıb. Müəllim danladı ki, nə məsələdir. Uşaqlar xəbərlədi ki, dondurma yeyib. Yumurta, isti çay, nə qədər etdi, xeyri olmadı. Çıxdıq konsertə, oxuya bilmədim. Xoruz kimi banladım. Nəticədə konsertdə hamıya maqnitofon verdilər, mənə vermədilər. Necə ağladımsa hələ də məni yandırır ki, niyə mənə vermədilər.   Çox dəcəl idim, cin kimi qaynayırdım. Yetənə yetirdim, yetməyənə daş atırdım. Kalan uşaq döymüşəm. O vaxtlar hind kinoları modda idi. Gedirdik kinoya, elə ki kino qurtardı bir-bir cumurduq uşaqlara, kimə yetdim ya Allah...  

Məktəbdə sevdiyim Sevinc adlı bir qız var idi. Oxum daşa dəydi. İlk sevginin nəticəsi olmur bilmirsiniz ki?

Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir