Modern.az

Xəyyat Mirzə işığında...

Xəyyat Mirzə işığında...

Mədəni̇yyət

5 Mart 2010, 09:59

Modern.az xəbər verir ki, dünən Gənc Tamaşaçılar Teatrında şifahi xalq ədəbiyyatının görkəmli nümayəndəsi Xəyyat Mirzənin 125 illik yubileyi keçirilib. Tədbirdə şairin bu il çapdan çıxan "Könlüm hicran otağı" adlı şeirlər kitabının təqdimatı da olub. Tədbiri aparan filologiya elmlər doktoru Qəzənfər Paşayev bildirib ki, aşıq şeirinin görkəmli nümayəndəsi olan Xəyyat Mirzə cəmi 37 il ömür sürsə də, Azərbaycan ədəbiyyatı üçün çox işlər görüb. O qeyd edib ki, el şairi öz gücünü eldən alıb və onun yaradıcılığını el əzbər bilir. Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub deyib ki,  Xəyyat Mirzə kimi insanlar Azərbaycan dilinin saflığının qorunması keşiyində dururlar: “Ozan sənətinin min illərlə yaşamasında sazın əsas rolu var. Deputat Qənirə Paşayeva çox şairlərə yenidən ömür verir. Ona minnətdarıq".

Tədbirin təşkilatçısı, kitabın ön sözünün müəllifi, deputat Qənirə Paşayeva isə bildirib ki, Xəyyat Mirzə tək Tovuz deyil, bütün türk dünyası üçün yaradan şair olub: “Xəyyat Mirzənin ilk kitabı 1966-cı ildə çap olunsa da, o zaman sovet senzurası bəzi şeirlərin dərc olunmasına əngəl törədib. Bu baxımdan "Könlüm hicran otağı" adlı şeirlər kitabını onun yaradıcılığının bədii irsinin daha mükəmməl bir nümunəsi hesab etmək olar. Böyüyən nəslimiz Xəyyat Mirzə yaradıcılığından daha çox məlumatlı olmalıdır, çünki aşıq sənəti millətimizin ruhunun yüksəlişidir. Hər insan millətinin kökü ilə bağlı işlərdə əlindən gələn dəstəyi etməlidir. Xəyyat Mirzə yaradıcılığına bələd olanlar bilirlər ki, o, aşıq sənətində çəkisi olan və gənclər üçün örnək olacaq şairdir”. Qeyd edək ki, şairin 125 illik yubileyi aşıqları, xanəndələri də bir araya gətirmişdi. Hətta tədbirdə Təbrizdən gələn dörd aşıq da iştirak edib.

 

 

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi