Modern.az

Qələm yoldaşım Nizami Gəncəviyə xoş arzularla...

Qələm yoldaşım Nizami Gəncəviyə xoş arzularla...

24 Fevral 2013, 21:50

(salamsarvansayağı)         

          Hər kor kişinin oğlundan Koroğlu çıxmadığı kimi hər şeir yazan da şair ola bilmir. Bu düstura əsaslanaraq deyə bilərəm ki, şairi bol olan ölkəmizdə tanınan, oxunan və həm də bunlarla yanaşı, sevilən çox az. Səbəbi də su kimi aydın. Dediyim kimi: hər şeir yazan şair olmur.

          Şeir də var, şeir də. Şeir var, oxuyanda Fərid Hüseynin sözü olmasın (lap olsun), xəzinə tapmış səyyah kimi sevinirsən, şeir var oxuyanda səni nə təhər silkələyisə, yarana necə duz basırsa, dözə bilmirsən, göz yaşı tökürsən... və şeir də var ki, oxuyanda kilo-kilo ət tökürsən...

          Mətləbdən qırağa çıxaraq deyim ki, arıqlamaq istəyənlər ölkəmizin istənilən yerində (bəlkə burda səhvim ola bilər) “əttökmək” janrında şeir yazan tapa bilərlər.

          Və “əttökmək” janrında şeir yazanlar kitablarının oxunmamasından da şikayətçi.

Düzdü, ölkəmizdə oxucu kütləsi də çox az. Amma beləsinə deyən lazım: axı sənin, cızmaqaraların kimin nəyinə gərək...

          ...Və sonra da əlavə etməli: sən ancaq kitablarını qohumlarına (dostlarına, tanış-bilişə, xam oxuculara, tələbələrinə) sırıya bilərsən. Başqa yolu yox...

          Amma, nə fayda. Təbii ki, özünü dahi sayan müsahibin sənin sözlərini qəbul etməyəcək. Üstəlik də səni səhv çıxartmağa çalışacaq. Belə məqamda tezliklə uzaqlaşmaq məsləhət.

          Və gəlib çıxıram “xoş arzular”ın düz üstünə. Məni səhv başa düşməyin, kitaba müəllifin “filankəsə xoş arzularla” yazıb qol çəkməsinin əleyhinə deyiləm. Qınadığım, “qiymət yazmayacam”la qorxudaraq tələbəsinə 10-15 manata sırıdığı turşumuş şeirlər kitabına müəllifin “sevimli tələbəm, şeirə, ədəbiyyata, poeziyaya yüksək qiymət verən Filankəsə xoş arzularla” yazması.

          Buna bənzər başqa misallar da göstərmək mümkün...

          Beləsinin kitabına ön söz yazan da istədiyin qədər. Hətta son söz də. Bircə qalır orta söz.

          Kitaba daxil olan şeirlərin çoxu ya kiməsə həsr olunmuş olur, ya da “özündənbaşqaheçkimibəyənməzlik” xəstəliyindən doğan tənqidi şeirlərdən. Tənqidi şeirlərin çoxu qələm əhlini hədəfə almış.

          İşdi-şayət, əlinə hansısa muzeydən sehirli xalat keçərsə XII əsrə səyahət edib dahi Nizami Gəncəviyə də kitab bağışlayar beləsi. Və yazar:

          “Qələm yoldaşım Nizami Gəncəviyə xoş arzularla...”

          P.S. Yazıb sizdən xahiş edirəm ki, Qəşəm Nəcəfzadənin sözü olmasın (lap olsun), ədəbiyyatı uşaq yerinə qoymayın...

          P.P.S. Və bu yazımı yekəxanalıq kimi qəbul etməyin.

          Belə...

                                                                                                furqan.s@box.az

         

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?