Modern.az

Milli Məclisdə deputatlar Amerikaya qarşı çağırış etdilər

Milli Məclisdə deputatlar Amerikaya qarşı çağırış etdilər

5 Mart 2010, 13:40

Modern.az xəbər verir ki, Milli Məclisin martın 5-də keçirilən iclasında çıxış edən əksər deputatlar öncə ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qərarın qəbuluna münasibət bildiriblər

 

Fazil Mustafa deyib ki, Azərbaycan dövləti xarici siyasətdə korrektələr etməlidir.

 

Vahid Əhmədov deyib ki, ABŞ Konqresinin Komitəsində layihənin qəbul olunması onu göstərir ki, Dağlıq Qarabağ məsələsilə bağlı Azərbaycanın ciddi problemləri var. O, həmçinin bildirib ki,  Gürcüstanla Rusiya arasında münaqişə olmasına baxmayaraq, onlar arasında quru yolunun açılması Şimal qonşumuzdan Ermənistana hərbi yüklərin daşınmasına şərait yaradır: “Azərbaycan həmişə Gürcüstana kömək edib. İndi belə bir yolun açılması Azərbaycana vurulan zərbədir”.

Yaqub Mahmudov da Nümayəndələr Palatasının komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qərarın qəbulunu pisləyib Deyib ki, “bəyanat qəbul etməliyik”. “ABŞ  Konqresi xarici ölkələrə hüquqi səlahiyyəti çatmadan müdaxilələr edir. Onlar unutmamalıdır ki, söhbət soyqırımdan gedirsə, yaxın keçmişdə Amerika hindularının hamısı soyqırıma məruz qalıb. Əgər dövlət siyasətinə xarici məsələlər qarışırsa, onda özlərindən başlamalıdırlar. Onlar bu gün İraq və Əfqanıstanda sözün əsl mənasında soyqırımı həyata keçirirlər”.

 

Müsavat deputat qrupu adından çıxış edən Pənah Hüseyn də ABŞ Konqresində atılan addıma etiraz edib. O, deyib ki, Milli Məclis Aparatına tapşırılsın ki, məsələylə əlaqədar bəyanat hazırlansın. Sənəddə həm də Türkiyə ilə həmrəylik ifadə olunsun. Millət vəkili Qənirə Paşayeva isə qəbul olunan layihənin dünyanın hər yerində yaşayan türklər üçün təhqir olduğunu deyib. “Nümayəndələr Palatasının sənədi özünü türk sayan hər bi insan üçün böyük təhqirdir. Tarixdə olmayan bir şeyi bir millətin adına yazmaq milləti təhqir etmək deməkdir... Niyə Dağlıq Qarabağ münaqişəsilə bağlı BMT-nin qətnamələrinin yerinə yetirilməməsi məsələsini gündəmə gətirmirlər? Nümayəndələr Palatasında atılan addım Azərbaycanın maraqlarına birmənalı qarşıdır”. Q.Paşayeva Orta Asiyanın türkdilli dövlətlərini də haqq səslərini qaldırmağa çağırıb. “Bu gün onların da səsi eşidilməlidir. O dövlətlərin vətəndaşları da türkdür və onların da bu məsələyə öz etirazlarını bildirməsi lazımdır”.

 

Qüdrət Həsənquliyev isə təklif edib ki, Azərbaycanın ABŞ-dakı səfiri geri çağırılsın. “ABŞ uzun müddətdir Azərbaycana səfir təyin etmir. Beynəlxalq münasibətlərdə səfirin göndərilməməsi heş də yaxşı hal sayılmır. Bunun arxasında başqa siyasi təzyiqlər dayanır. Onlar istəyirlər ki, Azərbaycan sərhədlər açılmaması üçün Türkiyəyə təsir etməsin”. Q.Həsənquliyev hesab edib ki, Amerika prezidenti Barak Obama İslam dünyasına qarşı ən sərt addımları atır: “O, artıq Amerikanın ən yaxçşı tərəfdaşlarını itirir – Türkiyni və Azərbaycanı”. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi