Modern.az

İnsanı heyrətləndirən “Xoca” filmi

İnsanı  heyrətləndirən “Xoca” filmi

Mədəni̇yyət

27 Fevral 2013, 13:08

Ötən il Azərbaycanda 16-ya yaxın serial  çəkilib. Bunlardan yalnız “Xoca” filminə baxa bildim. Çünki  digərlərinin ancaq birinci hissəsinə zülmlə baxmaq mümkün olurdu. Təəssüf ki, çəkilən həmin serialların ardını isə seyr etmək mümkün olmurdu. Mən heç kimin  zəhmətini, işini  azaltmıram, heçə endirmək fikrində deyiləm. Tamaşaçı kimi bu mənim qənaətimdir.

Bu gün Azərbaycan teleməkanında şit, zövqsüz şou proqramlardan, maraqsız seriallardan bezən tamaşaçı üçün  “Xoca” filmi  göydəndüşmə oldu. Müstəqillik dönəmindən  sonra    Azərbaycanın kino  sənayesinin formalaşmaması  TV-lərdə   bir boşluq yaratmışdı   Tamaşaçı nə qədər  sovet dövründə   istehsal olunan  filmlərə   və yaxud maraqsız yerli və  xarici seriallara baxa bilərdi?

 İndi çəkilən  yerli  kino filmlərin bir  neçəsi   istisna  olmaqla  qalanlarına  baxmaq mümkün deyildi.  Məhz belə məqamda “Xoca” ortalığa çıxdı. Çünki Azərbaycanda müharibə filminin, müharibə ədəbiyyatının formalaşması çətin idi. Ona görə ki, bu müharibəni, bu dəhşətləri insanların xeyli hissəsi öz gözləri ilə görmüşdü. Ancaq  “Xoca” filmi bütün tilsimləri qıraraq  tamaşaçı auditoriyası qazandı.


Bu film yalnız Xocalı faciəsindən  bəhs etdiyinə görə, milli dərdlərimizi ortaya gətirdiyinə görə, məşhurluq qazanmayıb. Mübaligəsiz demək olar ki, “ Xoca”  filmi həm də peşəkar ssenarisinə,  aktyor seçiminə,  kəskin süjet xəttinə, hadisələrin və çəkilişlərin inandırıcılığına görə geniş auditoriya qazandı. Bu, yalnız filmi çəkən kollektivin, Vahid Mustafayevin uğuru deyil.  Bu, həm də Azərbaycanın uğurudur. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün baş sındıranlara, çalışanlara bu yaxşı bir mesajdır ki, müasir təbliğatda kino ən yaxşı vasitədir.

Belə  kino təcrübəsindən  yəhudilər zamanında istifadə edərək “Pianoçu” bədii filmini və digər filmlərini çəkib dünyaya təqdim ediblər. Həmin  “Pianoçu” filmi vasitəsilə biz sadə tamaşaçılar  II dünya müharibəsində yəhudi  xalqına qarşı baş verən hadisələrdən xəbər tutmuşuq.

 Mən güman edirəm ki, “Xoca” filmi də Azərbaycanın  başına gətirilən faciələr haqqında dünyaya ən yaxşı məlumat ötürən təbliğat vasitəsinə çevriləcək.  “Xoca”  filmində  bəşəri hisslər, məhəbbət-sevgi də var. Həmin dövrün ağrılı prosesləri, müharibə  dəhşətləri, etinasızlıq da var. Lakin hər şey ölçüsündədir, yerindədədir, əndazəsindədir. Bu filmə baxan insan məlumatlanır, təəssüflənir, kədərlənir. XX əsrin ən dəhşətli  faciəsi olan Xocalı soyqırımı haqqında informasiya alır,  erməni vəhşiliyinin şahidi olur. Həmçinin ona görə,  təəssüflənir, kədərlənir ki, iki gənc qovuşmur. Toy mərasimi belə gözlənilməz sonluqla başa çatır.

 Xatırlayıram ki, Qırğıstanda  film nümayiş  olunduqdan sonra gənc bir qırğız qız kinonun belə sonluqla bitməsindən öz  təəssüfünü göz yaşları ilə bildirdi. Təbii ki, filmin çəkilməsində əsas məqsəd kimlərisə ağlatmaq, nakam sevgidən söz açmaq deyil. Burada əsas məqsədlərdən biri Xocalı soyqırımın mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Düşünürəm ki, kinoda nəzərdə tutulan  ideya-informasiya hədəfə çatıb.

  Bəzi ssenaristlərimiz, kino istehsalı ilə məşğul olan insanlarımız hər zaman gileylənirdilər ki, yeni  çəkilən Azərbaycan filmlərinin  dünyada tanınması, qəbul eilməsi  qəliz məsələdir. Dar Azərbaycan bazarı üçün film istehsal olunurdu. “Xoca” bütün bu  fikirləri alt- üst etdi.  Deməli, dünyaya çıxmaq üçün, dünyada  qəbul olunmaq üşün yaxşı  ssenari yazıb film çəkmək lazımdır.  Bunun üçün  Azərbaycanda kifayət qədər potensial var. Yetər ki, bu potensialdan ədalətlə, peşəkarcasına istifadə olunsun.

Digər tərəfdən  Azərbaycan  filmlərinin dünya bazarına çıxarılması birbaşa kino iqtisadiyyatının inkişafına, ümumulikdə ölkənin, millətin  tanınmasına xidmət edən vasitədir. Bu həm Azərbaycan teleefirindəki, kino sənayesindəki   boşluğu, mənasız söz söhbətləri    qismən  də olsa doldurar,  digər tərəfdən bu sahəyə gələn  gəlir artar. Əgər istehsal olunan filmlərin xaricdə satış bazarı möhkəmlənərsə, şübhəsiz, bu sahəyə sahibkarlar irihəcmli sərmayə ayırmağa böyük maraq göstərəcəklər.

Sonda onu qeyd etmək istərdim ki, Xocalı elə bir faciədir ki, dünyada görünməyən dəhşətdir ki, onu heç bir filmlə, kitabla, hər hansı bədii əsərlə butun çalarları ilə ifadə  etmək mümkün deyil. Görünür,  bu ədalətsiz dünyanı inandırmaq üçün, kimin kim olduğunu anlatmaq üçün  bədii filmdə, sənədli filmdə və ümumilikdə müharibə kinosu, ədəbiyyatı formalaşmalıdır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır