Modern.az

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

5 Mart 2010, 16:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir:
- Hörmətli xanımlar!
Sizi, ölkəmizin bütün qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, ana dilimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günlərədək layiqincə yaşadılmasında Azərbaycan qadını misilsiz xidmətlər göstərmişdir. O, müstəqil dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə sədaqət, müqəddəs vətənimizin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı naminə gənclərimizin doğma yurda sonsuz məhəbbət ruhunda formalaşmaları yolunda var qüvvəsini sərf edir.
Azərbaycanın qədim və zəngin tarixinin hər səhifəsində qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri vardır. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınlar sosial fəallıqlarını xeyli artıraraq elm və təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanmışlar. Onlar suveren ölkəmizin dinamik inkişafını təmin edən bütün bu təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad və bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər.
Ümidvaram ki, siz, Azərbaycan qadınları, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatının ən müxtəlif sahələrində bundan sonra da uğurla çalışacaq, davamlı yeniləşən ölkəmizin çiçəklənməsi naminə yeni-yeni töhfələr verəcəksiniz.
Bayramınız mübarək olsun!
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir