Modern.az

Prezident Administrasiyasından ABŞ Konqresinə etiraz

Prezident Administrasiyasından ABŞ Konqresinə etiraz

5 Mart 2010, 15:32

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin martın 4-də qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarı qəti şəkildə pisləyib..
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı mətbuata verdiyi açıqlamasında bildirib ki, ABŞ konqresmenlərinin bu qərarı sözün həqiqi mənasında səhv və ədalətsiz addımdır. “1915-ci ildə I Dünya müharibəsinin cəbhələrindən birində baş vermiş hadisələrdə müharibədə iştirak edən bütün xalqlar və dövlətlər bu və ya digər itkilərə məruz qalmışlar. O dövrün hadisələrində kimin daha az və ya çox itki verməsini və hansı nəticə ilə müharibədən çıxmasını dünyada fövqəldövlət adını daşımağa iddialı olan bir ölkənin Konqres üzvləri deyil, müstəqil tarixçilər və tədqiqatçılar həll etməlidirlər.
Azərbaycan hökuməti ABŞ konqresmenlərinin atdığı bu addımı birmənalı şəkildə pisləyir, onun birtərəfli, ədalətsiz və ermənipərəst qərar olduğunu və antitürk mahiyyəti daşıdığını diqqətə çatdırır. Hesab edirik ki, bu qərar həm də ABŞ-ın və Amerika xalqının maraqları ilə qətiyyən uzlaşmır, bu ölkənin beynəlxalq imicinə ciddi zərbə vuracaqdır”.
Əli Həsənov, eyni zamanda, inandığını bildirib ki, qəbul edilən həmin qərar Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında lazımi qiymətini alaraq, geri qaytarılacaq və ABŞ hökumətinin üzərindən bu ədalətsiz məsuliyyət götürüləcək. 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub