Modern.az

Millətin genofonduna qənim kəsilən məmurlar

Millətin genofonduna qənim kəsilən məmurlar

6 Mart 2010, 14:35

Azərbaycan ailəsi tarixən çoxuşaqlı olub. Qədim dövrlərdən bəri Azərbaycan ailəsində uşağın doğulmasına qarşı heç bir məhdudiyyət qoyulmayıb. Əksinə, övladı olmayan ailəyə-xüsusən ailənin başçısı olan kişiyə həqarətlə yanaşılıb. Qədim oğuz tayfalarında çözənlənən mərasimlər zamanı övladı olmayan kişilərə qara çadırda yer göstərərmişlər. Uzun təkamül prosesinin keçməsinə, müxtəlif tarixi mərhələlərdə çoxuşaqlı ailələrə münasibətin fərqli olmasına baxmayaraq, Azərbaycan xalqı bu ənənəni qoruyub saxlamağa nail olub. Keçmiş Sovet dönəmində də "sovet xalqı"nın sayının artırılması məqsədilə çoxuşaqlı ailələrə xüsusi imtiyazlar verilmişdi. Hətta bunun üçün muvafiq hüquqi baza da yaradılmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra çoxuşaqlı ailələrə yanaşma tərzində dəyişiklik baş verdi. Nəticədə ailələrdə uşaqların sayının azaldılması tendensiyası özünu birüzə verməyə başladı. Xüsusilə özünü elitar təbəqə hesab edən kəsim və məmur sinfinin ailələrində. Onlar özlərini müasir düşüncə tərzinə malik hesab etdiklərindən Avropa dəyərlərini əxz etməyə çalışırlar. Avropa isə bu ideyanın Azərbaycanda gerçəkləşməsində müstəsna rol oynayır. Dünyada türklərin, o cümlədən azərbaycanlıların sayının artmasından təşvişə düşən Qərbin bəzi dairələri millətin genefonduna zərbə vurmaq məqsədilə ölkəmizdə ailə planlaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçiririlər. Yəni həmin dairələr Azərbaycan ailəsində neçə uşağın doğulmasına ehtiyac olduğunu diqtə etməyə çalışırlar. Çox təssüf ki, belə məkirli planların təsirinə düşən ilk növbədə məmur və ziyalı təbəqəsi olur. Məhz bunun nəticəsidir ki, ölkədə bir çox məmurların ən çoxu iki uşağı, 10-15 iti var. Güman ki, bu insanlar Qərb ideoloqlarının şərq xalqlarında "uşaq ferması" yaradılır ironiyasının təsirindən belə addım atırlar. Maraqlısı odur ki, belə məmurlar öz düşüncə tərzlərini iş prosesində də tətbiq etməklə cəmiyyəti bu yola sürükləməyə çalışırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında yoxsulluq problemləri və ünvanlı sosial yardım şöbəsindən bildirirlər ki, Azərbaycanda kasıbçılığın əsas səbəblərindən biri ailələlərin çoxuşaqlı olmasıdır. Qəribə məntiqdir. Parlamentdə təmsil olunan millət vəkilləri çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında qanunun qəbul edilməsinə çalışdıqları halda, Azərbaycan ailəsinin sosial müdafiəsinin təşkil və təmin edilməsinə bir başa cavabdeh olan qurumun nümayəndəsi isə kasıbçılıqdan çıxmaq üçün çoxuşaqlılıqdan qurtulması tövsiyyə edir. Hansı ki, sözügedən qurum ölkədə çoxuşaqlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə müxtəlif layihələr həyata keçirməli, proqramlar reallaşdırmalıdır. Xarici ölkələrdə hər bir yeni doğulmuş uşağın adına bank hesabı açılmaqla müəyyən miqdarda vəsait qoyulduğu, hər doğulan uşağa görə kifayət qədər yüksək məbləğdə birdəfəlik müavinət verildiyi halda, biz yeni doğulan uşağa cəmi 50 manat (Prezidentin sərəncamı ilə bu ildən 75 manat olacaq) verməklə kasıbçılıqdan çıxış yolunu ailədə uşaqların sayının azaldılmasında görürük. Bəlkə də nazirlik bununla kasıbçılığın aradan qaldırılması istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsini ört-basdır etmək istəyir, ancaq Azərbaycan kişisinin, xüsusən cavabdeh məmurun məntiqsiz ittihamları fikrimizcə millətin sifətinə çırpması qətiyyən başa düşülən deyil. Belə çıxır ki, hansısa nazirlik ölkədə kasıbçılığın aradan qaldırılması üçün yetərli tədbirlər həyata keçirə bilmirsə, millət artıb-törəməməli, genafondumuz məhv olmalıdır. Niyə belə məmurların özləri millətin qanı hesabına, sadə vətəndaşlardan qeyri-qanuni əldə etdikləri vəsait hesabına 15 it saxlaya bilir, ancaq millətin kasıb nümayəndəsi acından ölməsin deyə, dünyaya övlad gətirmək hüququndan məhrum edilir? Məncə düşünməyə dəyər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir