Modern.az

Bakıda pəhriz çörəklərinin satışına qadağa qoyuldu

Bakıda pəhriz çörəklərinin satışına qadağa qoyuldu

6 Mart 2010, 15:12

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən ərazisində yerləşən “MAKO” kiçik müəssisəsində aparılan yoxlama zamanı müvafiq icra hakimiyyəti orqanından icazə alınmadan “MAKO” əmtəə nişanlı “Dietik” və “Pəhriz” çörəklərinin istehsal olunduğu, “Dietik”, “Borodinskiy” və “Pəhriz” çörəklərinin etiketində istehsal tarixinin göstərilmədiyi, xammalın saxlanma şəraitinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyənləşib.
Modern.az İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən hazır məhsuldan və xammaldan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Bundan başqa, müəssisədə olan hazır məhsulların etiketlərindəki son istifadə tarixi əsasında onların saxlama müddəti araşdırılarkən, bu müddətin normativ-texniki sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərildiyi aşkar olunub, bununla da “MAKO” kiçik müəssisəsi tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilib.
Müəssisədə aparılan yoxlama zamanı həmçinin, istehsal edilən çörəklərin qablaşdırılması üçün istifadə olunan xammal və materialların gigiyenik və uyğunluq sertifikatlarının olmadığı, məhsulun üzərinə vurulan etiketlərdə saxlanma şəraiti və müəssisənin ünvanı barədə məlumatların göstərilmədiyi aşkar edilib.
Götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsinə əsasən, müəssisədə xammal kimi istifadə edilən çovdar səmənisində ekstraktın kütlə payı normadan az, “Borodinskiy” çovdar çörəyində isə nəmlik normadan artıq olub.
Qeyd olunanlarla əlaqədar, “Pəhriz” və “Dietik” çörəklərin istehsalının və anbarda olan 30 ton çovdar səmənisindən çörək istehsalı üçün istifadə edilməsinin dayandırılması, habelə “Borodinskiy” çovdar çörəyinin istehsalının normativ texniki sənədlərin tələblərinə uyğunlaşdırılması barədə “MAKO” kiçik müəssisəsinə göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “MAKO” kiçik müəssisəsinin istehsalı olan “MAKO” əmtəə nişanlı “Dietik”, “Pəhriz” və “Borodinskiy” çörəklərini almamağı tövsiyə edir.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər