Modern.az

Əbdül Mahmudovdan ANS-ə mesaj: “Şah İsmayıl populizm mövzusu deyil”

Əbdül Mahmudovdan ANS-ə mesaj: “Şah İsmayıl populizm mövzusu deyil”

5 Mart 2013, 15:46


“Əgər Vahid Mustafayev Şah İsmayil Xətai haqqında film çəkmək istəyirsə, peşəkarlara müraciət etsin və məsləhət alsın”. Bu sözləri Modern.az-a açıqlamasında rejissor Əbdül Mahmudov deyib. Vahid Mustafayevin kino adamı olmadığını vurğulayan rejissor bildirib ki, əgər o, böyük kinoda söz sahibi olmaq istəyirsə, zəhmət çəkib əvvəlcə bu sənətin sirlərini öyrənsin.

“Bütün kino aləmi yaxşı bilir ki, Şah İsmayıl Xətai mövzusunu hamıdan əvvəl Əbdül Mahmudov işləyib-hazırlayıb, ssenarilər təsdiq olunub, ona 1 milyon manatpul xərclənib və mənə bəlli olmayan səbəblərdən bu filmin çəkilişləri dayandırılıb. Azərbaycanda Şah İsmayıl Xətai mövzusuna, şəxsiyyətinə kim müraciət edirsə, həmişə mənə zəng edir, mənimlə görüşüb, söhbət edir. Əgər Şah İsmayıl ruhundan uzaq bir adam bu yaşda Şah İsmayıl Xətai mövzusuna girişirsə, daha nə deyim, mən sadəcə söz tapmıram”.

Ə.Mahmudov bildirib ki, Şah İsmayıl Xətai populizm mövzusu deyil. “Bu, çox böyük tarixi mərhələdir, Azərbaycan xalqının Sara xatunu, Uzun Həsənindən bəri olan dövrü əhatə edir. Əgər orada Vahid Mistafayev “Qaraqoyunlu”, “Ağqoyunlu” sözünü işlədəcəksə, onda o filmə yaxın düşməsin. Çox arzu edərdim ki, Vahid Mustafayev mənimlə məsləhətləşsin. Çünki məni ANS-də Şah İsmayıl Xətai, Səfəvilər dövləti ilə bağlı verilişlərinə daim çağırırlar. Şah İsmayıl Xətai mövzusu özü böyüklüyündə böyük elmi araşdırmalar tələb edir. Allah etsin ki, yaxşı bir şey etsin, biz də ondan razı qalaq”.

Rejissor-aktyorun sözlərinə görə, onun Şah İsmayıl Xətai filmi, 4 seriyalı kinoepopeyası kinostudiyanın arxivindədir.

“Yeni direktorla oturub söhbət etmişik. İnşallah ömür vəfa etsə, Şah İsmayıl Xətai haqqında 30 il həsrətində olduğum filmi tamamlayacağam. Ümumiyyətlə, istehsalatda olan, müvəqqəti dayandırılan bir filmə şərik qatmaq, özü də hazırlıqsız olmaq yaxşı deyil”.

Sonda isə rejissor Vahid Mustafayeva bir tapmaca göndərib. O deyib ki, əgər V.Mustafayev  bunun açmasını bilərsə, Şah İsmayıl haqda film çəkməyə halallıq verəcək.
“Diyari eşqə sultanam, dilə məndən zamanında. Vəzirim qəmi-qüssə oturub iki yanımda”.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir