Modern.az

O dünyadan 4-cü MƏKTUB: Elşad Abdullayevə

O dünyadan 4-cü MƏKTUB: Elşad Abdullayevə

Ədəbi̇yyat

6 Mart 2013, 10:14



Elşad! Salam! Sənə məktub yazmayacaqdım. Amma bu dünyada hər gün diksinə-diksinə qalmışam. Hər Mahir adını eşidəndə, elə bilirəm oğlum Mahirdən söhbət gedir.
Allah qardaşının xoş xəbərini versin, sən nigarançılıqdan qurtarasan, mən də diksinməkdən. Teymur Əhmədova məktub yazanda “Azərpoçt”u təriflədim. Rabitə Nazirliyi də bundan ruhlanıb göyə bir peyk buraxdı. İndi bizim də internetimiz var. Onsuz da hər şeyi görürdük də, bilirdik də. Biz də, hinkir-Minkir də. İndi
isə üstəlik fikir söyləmək imkanı da qazanmışıq. Sənin gizli çəkdiyin videolara baxanda, bəyanatlarını oxuyanda bir beynəlxalq hadisə yadıma düşdü. Bəlkə sən də agahsan, yadına salıram.

Böyük Britaniyanın baş naziri Uinston Çörçillin ömrünün son illərində yubileyi mərasimi keçirilir. Banketdə söz “xoş gəldin” demək üçün verilir ona. Deyilənə görə o da nə sağlıq desə yaxşıdır?! “Mən bu badələriqaldırıram Sovet İttifaqının rəhbəri Nikita Sergeyeviç Xruşşovun sağlığına”. Hamıməəttəl qalır ki, ömrü boyu SSRİ-yə qarşı düşmən mövqedə dayanan bir insan, siyasətçi bu nədir danışır? Yəqin ki, qocalıb - sayıqlayır. “Çünki bütövlükdə kapitalizm dünyasının illər boyu SSRİ-nin başına aça bilmədiyi oyunu, dağıtmaq siyasətini Nikita Xruşov təkbaşına, qısa rəhbərliyi dövründə öz dövlətinə qarşı həyata keçirdi”.
Gözəl məntiqdir elə deyilmi? Mejdu proçem Stalin Xruşovu bilirsən niyə çox istəyirdi? Nazıyla oynayırdı. Səhvlərin bağışlayırdı. Vəzifədə irəli çəkirdi. Çünki Nikitanı rəhmətlik arvadı tapşırmışdı ona.

Sən də - Elşad, bütün müxalifət partiyalarının, palata, forum, mən nə bilim beynəlxalq təşkilatların 1993-cü ildən bu hakimiyyətə eləyə bilmədiklərini təkbaşına elədin. Əlbəttə ki, bu böyük fil üçün bu milçək vızıltısından başqa bir şey olmasa da. Bu sənin bəy tərifin. Amma bir şeyə təəssüf edirəm. Təəssüf edirəm ki, bu siyasi şounun qəhrəmanları da qadınlardır, ilhamvericiləri də. Bunu siyasioyununa ad qoyanlar da təsdiq etdilər. “Elşadgeyt” yerinə “Gülərgeyt əməliyyatı” adlandırdılar. Amma çox da qürrələnmə. Deyəcəksən ki, ay şair, mənə olanlar sənə də olsaydı sən də belə edərdin. Başa düşürəm. Uzun illərdir qardaş axtarışındasan. Amma mən bu dünyanın da, o dünyanın da o üzünü də, bu üzünü də görənlərdənəm. Nəsihət verməyəcəyəm. Çifayda. Onsuz da bildiyini edəcəksən. Artıq
oyuna girmisən. Çətin ki, sona da çatdırasan. Amma axıradək getməlisən. Onlar çox, sən tək. Sonda aeroport görürəm. Mənzil başını isə... Allah özü qorusun. 
Amma iki şeyi yadında saxla.

Birincisi: Bu dünyanı əzəldən qadınlar idarə edib. Adəmi Cənnətdən qovduran Həvva, Koroğlunu qəhrəman edən Nigar, “Həcəri özündən qoçaq” Qaçaq Nəbi, Sultan Süleymanı və o boyda Osmanlı imperiyasını barmağında fırladan Hürrəm Sultan, Qorboçovdan bir addım qabaqda gedərək SSRİ-ni dağıdan Raisa Maksimovna
Qorbaçova. Və ən nəhayət Elşadı məşhur edən “Gülərgeyt əməliyyatı”.

Bunlar hamısı qadınlardır. Hətta toyda da oğlan evinin tutduğu, xərcini çəkdiyi maşına da “bəy maşını” yox “gəlin maşını” deyirlər. Misalları artırmaq da olar. “Arvaddan qorxan” kəlamı da elə-belə ortaya çıxmayıb. “Cənnət anaların ayaqlarının altındadır” sözü də elə-belə deyilməyib. Hər il 8 Martda dəng oluruq. Ayağın altında nə olur? Soyuq torpaq. Öldün, torpağın altına girdin, onlardan canınıqurtardın - demək cənnətliksən. Qadınlardan qorx. Onlarla heç vaxt oyun oynama. Həm də yadında saxla ki, Sevinc Babayeva çətin ki, bir də sənin toruna düşə, amma sənin onun toruna düşmək ehtimalın daha böyükdür.

İkincisi: Sənin kitabın artıq bağlanıb. Niyə? İzah edirəm: Bir kişi müğənninin bir kişi dostu ilə intim videosu yayımlanmışdı. Yadındadırmı? Nə oldu? Toyamı daha çağırmırlar? Əksinə xalq artisti də oldu, toy “stavkası” da qalxdı. Azərbaycan xalqı belə şeyləri tez unudur.


Bir qadın jurnalistin intim görüntülərini yayımlamışdılar. Axırı nə oldu? Hamı dedi ki, şəxsi işidir. Əksinə, çəkib yayımlayanları qınadılar.Yaddan da çıxıb getdi.

Birinin oğlu bir fahişəyə ilişmişdi. Məcbur olub aldılar. Ata-ana çox hoppanıb düşdü. Axırı nə oldu? Gəlin kimi qəbul da elədilər, üstəlik nəvələrinə də öz adlarını verdilər.

60 milyon insanın ölümünə səbəb olan almanları, əsrlər boyu türkləri qıran erməniləri, farsları, rusları da tez bağışladıq. Hələ üstəlik “Qardaş olub Hayastan, Azərbaycan da oxuduq” Səncə niyə Ermənistan yox, Hayastan oxuduq? Hətta Ermənistanın xalq artisti, əməkdar artisti də olduq.

Yadında saxla! Bu Azərbaycan xalqı çox nadir xalqdır. Bir damcı hörmət edirsən, yüz qat əvəzini qaytarır. Çox rəhmlidir. Hətta fahişəliyi də, “qoluboy”u da, qanı da bağışlayır. «Hacı Qara” əsərindəki Əylis ermənilərini, “Kamança” hekayəsini,
“1905-ci ildə” əsərindəki Tuğ kəndini – hamısını unudur. Belə getsə bir azdan “Daş yuxuları” da qorxulu yuxu kimi yaddan çıxaracaqlar. Amma xalqımız bircə şeyi unutmur və bağışlamır: xəbərçiliyi, casusluğu. Azərbaycan dilində desək “şpionluğu”. Bağışlamır yox e, qorxur. SSRİ KQB-sinin xofu bu insanların canından çətin ki, çıxa. Tutaq ki, sabah Azərbaycana qayıtdın. Hər şey qurtardı. Hansı qapını açsan, hansı kafeyə, restorana girsən, kiminlə görüşmək istəsən, hamı səndən qaçacaq. Hətta pula möhtac fahişələr də səninlə oturub-durmaqdan çəkinəcəklər, nə qədər pul versən belə. Otağında qurduğun kameralar gəlib dayanacaq gözləri önündə. Ağızlarından çıxan hər bir kəlmənin “rastamojka”sı Gömrük Komitəsinin qoyduğu cümlə- rüsumlardan qat-qat artıq olacaq. İtirdiyin, verdiyin milyonları bəlkə də yenidən qazana bilərdin, amma sadə insanların etibarını qazanmaq çətin işdir. Sən dediklərin isə video versiya olduğu üçün böyük maraq doğurur. Bir azdan o da qurtaracaq. Nə qədər yavaş-yavaş “xərcləsən” belə. Özü də ki, xəbərin olsun. Eşitdiyimə görə, Mətbuat Şurası saytları da nəzarətə götürür. Qorxuram ki, bir azdan mənim o dünyadan məktublarımı da çap eləməyələr. Bir söz də deyim. Görəsən hansı yaxşıdır – Gülər Əhmədova kimi azadlıqdan məhrum olub Kürdəxanı təcridxanasında yatmaq, yoxsa Strasburqda azad gəzib-dolaşıb, lakin hər dəqiqə, hər saniyə hər qarşına çıxanı Azərbaycandan gələn casus və ya killer qiyafəsində görmək? Məncə Gülər səndən daha azaddır.

Sənə çox şeylər deyə bilərdim. Amma itkin düşən qardaşın və eyni zamanda oğlumun adaşı kəsir qabağımı. Arqumentin böyükdür: “Qardaşımı geri qaytarın!”Amma bir şey aydın deyil: Qardaşının xoş sorağını almaq üçün çalışırsan, yoxsa eldən yığıb, əldən verdiklərini geri almaq üçün?

Hörmətlə: Qabil.

Mahir QABİLOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi