Modern.az

Hansı deputat Silahlı Qüvvələrə Yardım Fonduna pul keçirib?

Hansı deputat Silahlı Qüvvələrə Yardım Fonduna pul keçirib?

9 Mart 2010, 10:56

Rəsmi məlumata görə, ölkə başçısının 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan Silahlı Qüvvələrə Yardım Fonduna ötən 7 ildən çox vaxt ərzində təxminən 4 milyon 310 min manat, 96 min dollar,  600 avroyadək vəsait toplanıb.

Fond respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır. Maraqlıdır, Azərbaycan Milli Məclisnin üzvləri də fondun hesabına vəsait küçirilməsində iştirak ediblərmi?

Modern.az parlamentin bəzi deputatlarına müraciət edərək onların Silahlı Qüvvələrə Yardım Fonduna pul keçirib-keçirmədiklərini soruşub.

 

Yeni Azərbaycan Partiyasından olan deputat Mübariz Qurbanlı

bildirib ki, o, adı çəkilən fonda şəxsən müəyyən məbləğdə vəsait keçirib: “Yeni Azərbaycan Partiyası da öz vəsaitindən bu fonda ayırmalar edir. Hesab edirik ki, hər bir vətəndaş öz imkanları hesabına həmin fonda pul keçirməlidir”.

 

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn isə qeyd edib ki, bu fondun üzvü deyil və konkret olaraq ora pul köçürməyib.

Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı

isə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürdüyünü deyib. Əlavə edib ki, o, dövlət üçün lazım olan məsələlərdən kənarda qalmır.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa: “Silahlı Qüvvələrə Yardım Fondu normal bir ideyadır. Amma bu ideyanın gerçəkləşməsi üçün cəmiyyətdəki bütün insanlar könüllü şəkildə orduya sevgi və orduya dəstək kampaniyasına qoşulmalıdır. İndiki şərtlərdə bu, bir qədər mümkün görünmür. Bunun üçün ilk növbədə normal hüquqi islahatlar aparılmalıdır ki, münasibət dəyişsin. Yaxşı ideyadır. Amma mən hələki bu fonda kömək etməmişəm. Mən atacağım daşın quyunun hansı hissəsinə düşəcəyini görməliyəm. Buna tam inamım olandan sonar dəstək verəcəyəm”.

 

YAP-çi deputat Aydın Mirzəzadə: “Bir-iki dəfə kömək etmışəm. Hesab edirəm ki, vaxtaşırı köməyə ehtiyac var. Fond yaradılıb, vaxtaşırı məlumat verilir, ancaq daha yaxşı olması arzulanardı”.

 

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov: “Orduya ciddi münasibət olmalıdır. Silahlı Qüvvələr millətin şərəfini qoruyan bir qurumdur. Fondun yaradılmasını vətəndaşların üzərinə yıxmaq düzgün iş deyil. Dövlətin kifayət qədər imkanları var. Ordumuzu gücləndirib torpaqlarımızı işğaldan azad etməliyik”.

 

YAP-çı deputat Gülhüseyn Əhmədov: “Millət vəkli kimi deyil, icra başçısı işləyəndə çox kömək etmişəm. Bir vətəndaş kimi də vəsait köçürmüşəm”.

 

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!