Modern.az

Dilinizin əzbəri olan şeirlər hansılardır? - Gənclərlə ədəbi sorğu

Dilinizin əzbəri olan şeirlər hansılardır? - Gənclərlə ədəbi sorğu

9 Mart 2013, 15:56



Əvvəllər poeziya ilə böyüyən nəslin nümayəndələrinin çox şeir bilməklə yanaşı, həmişə hər yerdə işlətdiyi, dilinin əzbəri olan bir misra, yaxud bir bənd şeiri olardı. Bəs indi necədir? Gənclərin dilinin əzbəri olan, tez-tez ürəklərindən keçən “qızıl misralar” hansılardı?

Modern.az bu mövzuda kiçik bir sorğu keçirib.

Qılman İman (gənc şair): – Vaqif Bayatlının bu bəndi  ən çox dilimin əzbəri olan şeir nümunəsidir.

Getdim gözlərimdə bir dəvə kini,
Getdim qollarımda küçə davası.
Bahar ağaclardan çəkilən kimi
Çəkildi başımdan gənclik havası

Vüsal Nuru ( yazıçı): – Dilimin əzbəri, halımı ifadə eləyən bənd Rüstəm Behrudidəndir.

Mən qərib didərgin kimsəsiz ruham
Göylərdə bilinməz qəbrim var mənim. 
Ölsəm tabutumu mələklər tutar,
Yasımı Tanrılar saxlayar mənim.

“Alnımın yazısı” olan misra isə budur:

“Həqq mənəm, həqq məndədir, ənəlhəqq söylərəm”.

Vüqar Baba (jurnalist): 

Lap beşikdə, bələkdə
Eşitdik bu qarğışı:
"Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı...".

Biz də bəndənik axı,
Bizə nə dərd, nə qəm ver.
Ölməyə yox, ilahi,
Yaşamağa vətən ver!...  (Ramiz Rövşən)

Əsəd Qaraqaplan (şair):Türk şairi Arkadaş Özgerin aşağıdakı misraları daha çox xoşuma gəlir:

Ben insanım dedim günahkar oldum
Ben Tanrıyım dedim günahkar oldum
Ben günahkarım vallah...

Elnur Eltürk (jurnalist): – Vaxtım çatdığı qədər müasir şairləri oxumağa çalışıram. İnsanları düşündürəcək şeirləri çox xoşlayıram. Məsələn, onun “Yalan danışma” şeiri çox maraqlıdır.

səni mən öldürməmişəm yalan danışma
gedib o dünyada ayağa qaldırma 
milləti
səni mən öldürməmişəm 
hücum çəkməmişəm evinə
gecənin bir yarısı maskalılarla
arvadının qorxudan şəkəri yüksəlməyib
uşaqların qorxub bir küncdə gizlənməyib
dilin dodağın topuq vura vura 
pulları gizlətdiyin yeri deməmisən yalandan 
sonra yalanını tutmamışam da heç sənin
səni mən öldürməmişəm
yalan danışma...(Oqtay Hacımusalı)

Elgün Mənsimov
(jurnalist): – Əli Kərimin bir şeirinin misraları ən çox yadımda qalıb:

Gözəl qız, sən saf susan, 
İki qəlb arzususan.
Mən səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub,
- Kabab üstdən sərin su pis olmaz - deyən kimi...

Nihad Mehdi (Türkiyədə magistr təhsili alan azərbaycanlı tələbə): 

Küçədə cərgəylə düzülmüş fənərlərdən biri sönmüşdü.
Yəni daha bir işıq qaranlığın tərəfinə keçmişdi.
Həyat mübarizədirsə, birinin ölümü başqa birinin həyatıdır
Ana!
Ayrılıq ölümün plagiatıdır (Aqşin Yenisey).

 

Elmin Nuri 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi