Modern.az

Bakıda "Muğam aləmi" III Beynəlxalq Festival başladı

Bakıda "Muğam aləmi" III Beynəlxalq Festival başladı

9 Mart 2013, 22:47

Modern.az
xəbər verir ki, martın 9-da Bakıda, Heydər Əliyev Mərkəzində “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi keçirilib 
Martın 19-dək davam edəcək festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak edib.

***
Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimi açaraq çıxış edib.

- Xanımlar və cənablar, hörmətli qonaqlar, əziz dostlar, axşamınız xeyir.
Bu gün şəhərimizin mədəni həyatında çox mühüm hadisə baş verir. Bu axşam III Beynəlxalq muğam festivalının açılış mərasimi keçirilir. Mən festivalın iştirakçılarını, ölkəmizə gələn bütün qonaqları səmimi qəlbdən salamlayıram, Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.
Artıq üçüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini, alimləri, musiqisevərləri bir araya toplayır və heç bir sərhədlərə sığışmayan gözəl musiqi bizi on gün ərzində birləşdirəcək, bizə xoş anlar bəxş edəcəkdir.
Bu il muğam festivalının açılış mərasimi Heydər Əliyev Mərkəzində keçirilir. Bu memarlıq abidəsi özü sanki musiqiyə bənzəyərək insanların daxilində müxtəlif hisslər və obrazlar oyadır. Kimsə onu dəniz dalğasına, kimsə bulud karvanına, kimsə küləyin şiddətinə oxşadır. Bu məkan ənənəni və müasirliyi özündə birləşdirən Bakının yeni simvollarından biridir. Bu axşam bu səhnədə bizim mədəni irsimizin incisi olan gözəl muğam səslənəcəkdir.
Əziz dostlar, festival günləri biz birlikdə məşhur ustadları və gənc ifaçıları dinləyəcəyik. Gənclər muğam müsabiqəsində iştirak edəcəklər. Bakı Beynəlxalq Muğam Mərkəzində ustadların çıxışları, Filarmoniyada, Opera və Balet Teatrında, digər konsert salonlarında simfonik muğamlar, muğam operaları səslənəcəkdir. Bakı caz klubunda muğamla cazın nadir sintezini dinləmək imkanı yaradılacaqdır. Azərbaycan muğamının qədim ənənələri və tarixi ilə yanaşı, müasir ifa sənətinin imkanları göstəriləcəkdir. Eyni zamanda, muğamın ölkəmizin XX əsrdə musiqi mədəniyyətinin bütün janrlarına nə dərəcədə təsir göstərdiyinin şahidi olacağıq. Mən ümidvaram ki, festival proqramı özündə Azərbaycanda qonaq olan ölkələrin rəngarəng muğam məktəblərinin ənənələrini, uğurlarını, nailiyyətlərini də bizə göstərəcəkdir. Ən əsası odur ki, Beynəlxalq muğam müsabiqəsi yeni adlar, yeni istedadlar aşkar edəcək və muğamın həm ölkəmizdə, həm dünyada daha yaxşı tanınmasına, daha geniş yayılmasına töhfəsini verəcəkdir.
Builki festival bir neçə yeniliklə seçilir. Birinci yenilik ondan ibarətdir ki, muğam müsabiqəsi təkcə xanəndələr arasında keçirilmir, həmçinin instrumental muğam sənətini də əhatə edəcəkdir. Digər yenilik ondan ibarətdir ki, demək olar, ölkəmizin bütün regionlarında fəaliyyət göstərən musiqi məktəblərinin şagirdləri bu festivalda iştirak edəcəklər. Onlar məşhur xanəndələrlə, ölkəmizə gələn qonaqlarla birgə çıxış edəcəklər və əlbəttə, bu da gənc istedadlar üçün əvəzolunmaz bir təcrübədir.
Əvvəlki illərdən fərqli olaraq bu il festival təkcə Bakı şəhərində deyil, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qəbələdə, Şamaxıda, Şirvanda və ölkəmizin digər şəhər və rayonlarında keçiriləcəkdir.
Dünyada muğama maraq artmaqdadır. Biz bunu festivalda iştirak edən ölkələrin sayının artmasında da görürük. Bu il festivala 24 ölkə qatılıb. Festival çərçivəsində keçirilən elmi simpoziumda xaricdən gələn çoxsaylı ekspertlər və alimlər də iştirak edəcəklər.
Əziz dostlar! Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub. Muğam isə əsl sənət incisidir. Təsadüfi deyil ki, Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı və tar ifaçılığı da vardır. Bu, bizim mədəni irsimizə, mədəni irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin və qayğının göstəricisidir.
Əziz dostlar! Yəqin bilirsiniz ki, bu festival Heydər Əliyev Fondu tərəfindən hazırlanır. Heydər Əliyev Fondu fəaliyyətinin ilk günündən mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirir. Biz bu sahədə bir çox tədbirlər hazırlayıb həyata keçiririk, bir çox festivallar reallaşdırırıq. Bu sırada Qəbələ musiqi festivalı, Rostropoviçin, Qara Qarayevin, Üzeyir Hacıbəylinin adını daşıyan festivalları qeyd etmək istərdim. Əlbəttə, ən vacibi Beynəlxalq muğam festivalıdır. Festivalın hazırlanmasında əməyi olan hər bir insana dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün mən bizim məşhur ustadlarımızı salamlayıram və onlara öz hörmət və ehtiramımı çatdırıram. Siz bizim korifeylərimizsiniz, siz muğam sənətini yaşadırsınız, siz yeni istedadlar yetişdirirsiniz. Mən sizə cansağlığı, uzun ömür arzulayıram.
Əziz dostlar! Sonda qarşıdan gələn Novruz bayramı münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Festival iştirakçılarına uğurlar, bizə isə çox xoş anlar arzulayıram.
İndi isə “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalını açıq elan edirəm.

***

Beynəlxalq Festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib.
Festivalın açılış mərasimində ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq, İordaniya, Küveyt, Mərakeş və digər ölkələrdən gəlmiş qonaqlar da iştirak edirlər.

Mərasimdə Azərbaycan Dövlət simfonik, xalq çalğı alətləri orkestrlərinin, Azərbaycan Dövlət xor kapellasının, Azərbaycan Dövlət rəqs və qədim musiqi alətləri ansambllarının ifasında möhtəşəm konsert proqramı təqdim olunub.

Orkestrləri dirijorlar - Xalq Artisti Ağaverdi Paşayev və Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov idarə ediblər..
Konsertdə xanəndələr Simarə İmanova, Təyyar Bayramov, Səbuhi İbayev, İlkin Əhmədov, Elnur Zeynalov, Arzu Əliyeva, Vüsalə Musayeva, Afaq Abbasova, Fərid Əliyev, Babək Niftəliyev, Səbinə Ərəbli, Güllü Muradova və cazmen Şahin Növrəslinin ifasında Azərbaycan xalq və bəstəkar mahnıları ilə yanaşı, xarici bəstəkarların əsərləri də səslənib.

Qeyd edək ki, "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin keçirilməsi, beynəlxalq muğam müsabiqəsinin (15-18 mart), beynəlxalq elmi simpoziumun (12-15 mart) və ustad dərslərinin təşkili nəzərdə tutulub.

Festivalda iştirak etmək üçün Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis, Misirdən dünya şöhrətli musiqiçilər və qruplar, o cümlədən "Gözəl qızlar" qrupu (Çin), Hüseyn Əl-Ədhəmi (İraq), Lotvi Buşnak (Tunis), Munojat Yolçiyeva (Özbəkistan), Abdessalam Bajedub və "Chabab Al Andalouss" qrupu (Mərakeş), "Turasu Libya Makam" (Liviya), Cefri Verbok (ABŞ), Ozodaxon Aşurova (Tacikistan), Meta Pandit (Hindistan), "Anadolunun səsləri" ansamblı (Türkiyə), Xoakin Kortes və "Flamenko" ansamblı (İspaniya) dəvət olunub.
 
Keçiriləcək konsertlərdə xarici musiqiçilərlə yanaşı, Azərbaycanın görkəmli muğam ustaları Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Aygün Bayramova, Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Simarə İmanova, Nəzakət Teymurova, Nuriyyə Hüseynova, Gülyaz Məmmədova, Fərqanə Qasımova, Vüsalə Musayeva, Təyyar Bayramov və istedadlı gənc ifaçılar - Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Rəvanə Ərəbova, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov və başqaları çıxış edəcəklər.

Eyni zamanda festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Rəqs Ansamblının, Dövlət Mahnı və Rəqs Ansamblının, Dövlət Xor Kapellasının çıxışları da nəzərdə tutulub. İlk dəfə olaraq Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Xor Kapellasının və solistlərin ifasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının konsert ifası tamaşaçılara təqdim olunacaq.
Eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm", Qara Qarayevin "Yeddi gözəl", Fikrət Əmirovun "Min bir gecə" tamaşaları festival günlərində qonaqlar üçün təqdim olunacaq.
Festival çərçivəsində Bakı Caz Mərkəzində tanınmış caz ifaçıları - Cəmil Əmirovun, Salman Qəmbərovun, Elçin Şirinovun, Etibar Əsədlinin, Əfqan Rəsulun rəhbərliyi ilə caz kollektivlərinin iştirakı ilə konsertlər keçiriləcək.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?