Modern.az

Ədəbiyyatda itkin düşən fantastika janrı MKM-də tapıldı

Ədəbiyyatda itkin düşən fantastika janrı MKM-də tapıldı

Aktual

11 Mart 2013, 16:11

Fantastik janrını gələcəyin qaranquşu da demək olar. Bu janrın təmsilçiləri olan Jül Vern, Ayzek Əzimov, Rey Bredberi və başqalarının əsərlərində rast gəlinən bir sıra kəşflər sonralar həyata vəsiqə alıblar. Azərbaycanda isə Namiq Abdullayev (“Sehirli oğlan, “Balaca kiberin macəraları,” Gecələr uzanaydı, “Piyada vəzirə çevrilir”) və Emin Mahmudov (“Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, “Qeyb olmuş səslər”, “Dəmir necə ayaq açdı”, “Zülmət dənizi”, “Ulduzlar yolumuzu gözləyir”, “Qüdrətli pillə“, “Günün nəfəsi”, “Atlant qızı“) fantastik janrda yazdığı kitabların müəllifləridir . Sonralar AYB sədri Anar da “Əlaqə” povesti ilə bu janra öz töhfəsini verdi və sözügedən əsər əsasında bədii film də çəkildi. Lakin sonrakı illərdə fantastika Azərbaycan ədəbiyyatından qeybə çəkildi.

Modern.az-a açıqlamasında AYB sözçüsü Ədalət Əsgəroğlu elmi-fantastik janrında mövcud boşluğu etiraf edib: “Bu janrda yazan Namiq Abdullayev, Emin Mahmudov, Anar, riyaziyyat elmləri doktoru, professor Elmira Zamanova, Çingiz Abdullayev kimi bir neçə tanınmış müəllifin adını qeyd etmək olar. Təəssüf ki, bu gün həmin janrda yazan müəlliflərin bəziləri artıq həyatda yoxdur. Bu janrda öz əsərləri ilə tanınan E. Mahmudov isə hazırda Amerikada yaşayır. Ölkəmizdə son zamanlar bu janrda yazanlara o qədər rast gəlmək mümkün deyil. Oxucu həmişə elmi fantastikaya meyllidir. Əgər bu fantastika elmə, məntiqə söykənirsə, ona maraq göstərən də çox olur. Ancaq sırf “fentezi” janrına gəldikdə, nağılvarı olduğuna görə onu sevənlər də ola bilər, çünki əyləncə xarakterlidir. Elmi fantastikada isə oxucu savadlanmağa, sabahı görməyə meylli olur. “Fentezi”də irəli sürülən utopik fikirlərin nə vaxtsa, özünü doğruldacağı məlum deyil. Amma fakt göstərir ki, elmi-fantastik əsərlərin əksəriyyəti əvvəl-axır özünü doğruldur, gerçəkliyə çevrilir. Bu gün əsərlər yazan gənc yazarlar var, amma inanmıram ki, elmi fantastikaya maraq böyük olsun. Sadəcə, hardasa epizodlar, yanaşmalar ola bilər”.

Yazıçı Yaşarın sözlərinə görə, ədəbiyyatın o biri janrları ilə müqayisədə fantastika daha çox üstünlük təşkil edir. “Mən Milli kitab Müsabiqəsində münsifəm. Təqdim olunan hər 3 əsərdən biri fantastik janrdadır. Həm də indiki fantastik əsərlər sovet dövründə yazılandan daha maraqlıdır. Çünki sovet dövründə yazılan əsərlərdə ideoloji aspektlər də var idi”.

Elmin Nuri


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir