Modern.az

MKM-in “qısa siyahı”sına kimlər düşə bilər? – SORĞU

MKM-in “qısa siyahı”sına kimlər düşə bilər? – SORĞU

12 Mart 2013, 09:47

Milli Kitab Mükafatı (MKM) “uzun siyahısı”nı (long list) elan edəndən sonra növbə “onluğ”a çatmalıdır. Hazırda ekspertlər yeni seçim edirlər. Bəs “20-lik”də təmsil olunanlar növbəti mərhələ haqda nə düşünür? Onların fikrincə, “qısa siyahı”da (short list) özlərindən başqa kimlərin daxil olma şansı var?

Modern.az MKM-in “uzun siyahısı”nda təmsil olunan yazarlar arasında soğru aparıb.

Sayman Aruz (“Yüz il inqilab” romanının müəllifi): “Doğrusu mən o siyahıda yalnız Zakir Sadatlının əsərini oxuyub bəyənmişəm. 10-luğa düşmək ehtimalım hamı başqaları qədərdir. Çünki hamı öz yerində iddialıdır. Əlbəttə, mənim romanım Güney Azərbaycanla bağlı olduğu üçün o mövzuda siyahıda yeganə əsərdir. Ona görə də yaxşı qiymətləndirilər inşallah”.

Aslan Quliyev (“Köpək balığı” romanı): “Öz əsərimin qalib gələcəyinə inanmıram. Çünki ötən il mənə “2” yazan münsiflər Hamlet İsaxanlı və Afaq Məsud bu il də münsifdirlər və mənə həmin qiyməti verəcəklər. Odur ki, əsərimin nəsə edəcəyinə inanmıram. O ki qaldı başqa yazıçlara, orda istedadlılar çoxdur. Eyvaz Zeynalov və Azad Qaradərəli qalib gələ bilər”.

Zahid Sarıtorpaq (“Əlifba bayramında qətl” romanı): “Mən öz kitabıma arxayın olub, onu böyük inamla müsabiqəyə təqdim etmişəm. Nə qədər təvazökarlıqdan uzaq olsa da, gərək deyim ki, qalib olmağa layiq əsərlərdən biri də mənim əsərimdir. Orijinallığına və fərqli elementlərinə görə seçilir. Başqa yazarlara gəldikdə isə Əlabbasın, Aslan Quliyevin, gənclərdən Şəhriyar Del Geraninin əsərlərinin qalib gəlmə ehtimalı, fikrimcə daha çoxdur”.

Qan Turalı (“Mustafa” romanı): “Fikir söyləyə bilməyəcəyəm. Çünki öz əsərimi və Zakir Sadatlının əsərini çıxmaq şərtiylə o biri əsərlərin heç birisini oxumamışam. Oxumadığım bir əsər haqqında fikir söyləmək çox qeyri-etik görünür. Odur ki, heç bir fikir bildirməməyi üstün tuturam”.

Əziz Rzazadə (“Şəbəkə” romanı): “MKM-in “uzun siyahı”sındakı bir neçə əsərlə tanışlığım var. Rusdilli əsərlərin heç birini oxumamışam. Və ümumiyyətlə fikrim budur ki, onların MKM-də təmsil edilməsi yanlışdır. Müəlliflərin hər birinə özümə arzuladığım qədər uğur diləyirəm. Ekspertlər və münsiflər ədalətli olsun, ədəbiyyat qazansın!”

Ekspertlərin müəyyənləşdirdiyi “uzun siyahı”ya bu əsərlər daxildir:

1. Aliq Məmmədov. "Hekayələr"
2. Aqşin Cəfərov. "Cızma-ağ"
3. Aslan Quliyev. "Köpək balıqları"
4. Azad Qaradərəli. "Kuma-Manıç çökəkliyi"
5. Əlabbas Bağırov. "İkinci oğul"
6. Əziz Rzazadə. "Şəbəkə"
7. Eyvaz Zeynalov. "Qisas"
8. Qan Turalı. "Mustafa"
9. Pərvin Nurəliyeva. "Balerina"
10. Sahilə İbrahimova. "Yuxarı və aşağı ətraflar"
11. Sayman Aruz. "Yüz il inqilab"
12. Şəhriyar del Gerani. "İntihar hörüyü"
13. Vahid Qazi. "Çamayra. Kuba dəftəri"
14. Zakir Sadatlı. "Əfqanıstan uçurumu"
15. Zahid Sarıtorpaq. "Əlifba bayramında qətl"

(rusca)
16. Gülnar Qarayeva. "Dve jizni"
17. Malik Dursunov. "Kara dayı"
18. Natella Osmanlı. "Fudziyama s klyushkami"
19.. Rauf Canıbəyov. "Tantsı vo sne"
20. Famil Məmmədov. "Familnaya tragediya"

Martın 15-də 10 əsərdən ibarət “short list” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. İyunun 4-də keçiriləcək mükafatlandırma mərasimində qaliblər müəyyən olunacaq. 

Elmin Nuri 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır