Modern.az

Beynəlxalq Muğam Festivalının avazı bölgələrdən gəlir

Beynəlxalq Muğam Festivalının avazı bölgələrdən gəlir

Mədəni̇yyət

12 Mart 2013, 15:59

 

Modern.az-ın xəbər verdiyi kimi, martın 9-dan 19-dək Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı keçirilir. Festival çərçivəsində artıq bir sıra tədbirlər baş tutub. Belə ki, Bakı Caz Mərkəzində gənc pianoçu Etibar Əsədlinin etno-caz layihəsi təqdim edilib. Konsertdə Rüstəm Zeynallı, Ruslan Hüseynov, Elvin Bəşirov, Tofiq Cabbarov, Rafael Əliyev kimi tanınmış ifaçıları olub. Etno-caz layihəsində bəstəkar Fikrət Əmirovun "Lay-lay" əsərinin, muğam və caz janrlarından rəngarəng musiqi parçalarının sintezindən ibarət kompozisiyalar alqışlarla qarşılanıb.

Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Çinin Sincan-Uyğur Muxtar Rayonunun "Özhalmukamı" milli orkestrinin "Gözəl qızlar" və İraqın "İraqi maqam" musiqi kollektivlərinin ifasında milli musiqilər, eləcə də Azərbaycan xanəndələrinin "Ustaddan şagirdə" muğam məclisi təqdim olunub. Gecədə xalq Artisti Mələkxanım Əyyubova, gənc xanəndələrdən Aqil Məlikov, Kamilə Nəbiyeva və başqalarının ifasında 7 əsas muğamımız əsasında hazırlanmış kompozisiya təqdim edilib. Xanəndələri xalq artistləri Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança), Əməkdar Artist Nizami Abdullayev (balaban) və Ramin Abdullayev (nağara) müşayiət ediblər.

"Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində Gəncədə təşkil olunmuş açılış mərasimi "Yeddi muğam dünyasına səyahət" adlı konsert proqramı təqdim edilib. 7 gənc xanəndə – Şahin və Məmməd Mirzəyevlər, Sevil Sarıyeva, Anar Quliyev, Zakir Əliyev, Müqəddəs Məmmədova və Cavid Abdullayev "Göygöl" dövlət mahnı və rəqs ansamblının müşayiəti ilə 300 nəfərdən artıq tamaşaçını ecazkar muğam aləminə səyahətə çıxarıblar.

Bu gün isə festival Gəncədə "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində Çin musiqiçilərinin çıxışları ilə davam etdirilib. 

III Beynəlxalq Muğam Festivalı çərçivəsində bölgələrdə də tədbirlər keçirilib. Ağcabədidə Azərbaycan dövlət xalq çalğı alətləri Orkestrinin "Zərbi muğamlar və təsniflər" adlı konserti olub. Qarabağ Muğam Mərkəzində keçirilən konsertdə mədəniyyət və ictimaiyyət xadimləri, muğamsevərlər iştirak ediblər. Orkestrin bədii rəhbəri, xalq Artisti Ağaverdi Paşayevin dirijorluğu ilə keçirilən konsertdə xalq artisti Simarə İmanova, xanəndələr Səbuhi İbayev, Nəzər Bəylərov və Sevinc Abbasovanın ifa etdikləri muğam, təsnif və xalq mahnıları, "Leyli və Məcnun" operasından parça səsləndirilib.

Bu gün “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində Lənkəran şəhərində uşaq musiqi məktəbləri kollektivlərinin iştirakı ilə “Ustaddan şagirdə”  muğam məclisinin təqdimatı olub. Şəhərin Cəfər Cabbarlı və Həqiqət Rzayeva adına uşaq musiqi məktəblərinin qatıldığı tədbirdə  muğamlar, xalq mahnıları və təsniflər ifa olunub.

Muğam bayramı Ağstafa rayonunda da davam etdirilir.

Qeyd edək ki, martın 9-da başlamış III Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!