Modern.az

Mətbuatdan yüksələn jurnalistlərin çağdaş mətbuat barədə dedikləri...

Mətbuatdan yüksələn jurnalistlərin çağdaş mətbuat barədə dedikləri...

9 Mart 2010, 16:53

Mətbuat sahəsində çalışmaq bir çox həmkarımızın karyera qazanmasında mühüm rol oynayıb. Vaxtilə mətbuatda sıravi müxbir, redaktor vəzifələrində işləmiş bəzi həmkarlarımız indi dövlət orqanları və ya böyük şirkətlərdə mətbuat xidmətinin rəhbəri, ictimaiyyətlə əlaqə şöbəsinin müdiri postunu tuturlar. Təəssüf ki, onlardan bəziləri vəzifəyə gedəndən sonra mətbuata münasibəti dəyişib. Amma bu, hamıya şamil edilə bilməz, mətbuat sahəsindən dövlət orqanları və ya böyük şirkətlərə transfer olunanlardan jurnalistlərlə yaxşı işləyənləri də var. Onlar əvvəllər çalışdıqları sahənin işini indi necə dəyərləndirirlər? Modern.az mətbuatdan yüksələnlərin fikirlərini təqdim edir.

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri  Zəminə Əliqızı da mətbuatdan dövlət orqanını transfer olunanlardandır. Uzun müddət müxtəlif qəzetlərdə çalışan bu xanım ixtisasca jurnalist deyil, amma  fəaliyyətini jurnalist kimi davam etdirir. “Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitmişəm. Ancaq uşaqlıqdan inşa yazmağa böyük marağım olub. Sərbəst mövzularada yazdığım inşalarla həmişə fərqlənirdim”. Zəminə Əliqızı mətbu fəaliyyətə ilk dəfə Sabir Rüstəmxanlının rəhbərlik etdiyi “Millətin səsi “ qəzetində başlayıb. Daha sonra “Yeni Müsavat” qəzetində çalışıb. Müsahibimizin sözlərinə görə, onu gözü götürməyənlər var, “Yeni Müsavat”da çalışmağını keçmişinə ləkə hesab edirlər: “Ancaq, əksinə mən deyərdim ki, bu mətbu orqanda çox böyük  təcrübə qazandım. “Yeni Müsavat”da ilk dəfə mədəniyyətdən yazan müxbir oldum, sonra parlament müxbiri  kimi çalışdım”. Zəminə Əliqızı həmçinin Azərbaycanda yeganə narıncı rəngdə  çap edilən qəzetin – “Teleskop”un yaradıcısı və baş redaktoru olub. 2001- ci ildən isə “ABA” teleşirkətində mətbuat xidmətinin rəhbəri, daha sonra “525- ci qəzet"də xüsusi müxbir kimi çalışıb. 2006-cı ildən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiridir.  Müsahibimiz bildirir ki, əvvəlki dövrlərdə jurnalistlər yazıları ilə cəmiyyətdə rezonans yarada bilirdilər. Yəni həmkarlarımız daha peşakər idilər: “Jurnalistlərin hazırladıqları informasiyalar özəllikləri ilə fərqlənirdi. Ancaq indi vəziyyət fərqlidir. Tutaq ki, bir mətbuat konfransından hazırlanan informasiyalar bütün qəzetlərdə eyni şəkildə verilir. Başlıqları belə, dəyişdirmirlər. İndi jurnlaistlərin bəziləri informasiya almaqda  maraqlı deyillər. İlk növbədə daxili təşəbbüs olmalıdır. İndiyə kimi bir qəzetdə mənə müraciət etməyib ki, filan məsələni araşdırmaq istəyir”. ndi informasiya əsrində yaşadığımıza diqqət çəkən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdirinin fikrincə, jurnalistlər informasiya almaqda çətinlik çəkmirlər: “Peşəkarlığı artırmaq üçün ilk növbədə  ixtisaslaşma aparılmalıdır. Ancaq mən optimistəm. Bizdə kifayət qədər savadlı jurnalistlər var. Sadəcə onların potensialını düzgün istiqamətləndirmək lazımdır”. “Mətbuata yenidən qayıtmaq istərdinizmi” sualını Z.Əliqızı belə cavablandırıb: “Mən yenə də mətbuatdayam. İdarəmizin “Bakı Təhsili” adlı qəzetinin baş redaktoruyam”.

Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli lap əvvəllər “Cümhuriyyət” qəzetində beynəlxalq mövzularda yazıb. Daha sonra “Rezonans” qəzetində parlament müxbiri, siyasət şöbəsinin müdiri, baş redaktor müavini, “Üç nöqtə” qəzetində parlament müxbiri, siyasət şöbəsinin rəhbəri, “İki sahil”, “Səs” qəzetlərində analitik qrupun rəhbəri olub. 2007-ci ildən isə Sənaye və Energetika Nazirliyində mətbuat xidmətinin rəhbəridir.

Azər Mənsimli deyir ki, mətbuata gəldiyi dövrdə mətbuatda daha çox problemlər vardı: “Simvolik əmək haqqı alırdıq. Bu əmək haqqı heç yol pulumuza da yetmirdi. Redaksiyaların maddi-texniki bazası çox aşağı səviyyədə idi. Kompüter texnologiyası yox dərəcəsində idi. Ümumiyyətlə, iqtisadi amil, maddi-texniki baza peşəkarlığa təsir edən amillərdir. Bütün bunlara baxmayaraq əzmkar çalışan jurnalistlərimiz vardi”. Müsahibimizn sözlərinə görə, əvvəlki dövrdə həm də məhkəmə çəkişmələri də çox az olub, yəni jurnalistlər daha səmimi idilər.

A.Mənsimlinin fikrincə, indi mətbuata qayğı artıb. “Dövlət jurnalistlərin əməyini lazımca qiymətləndirir. Jurnalistlərə fəxri adlar verilir, müsabiqələr keçirilir. O dövrdə biz bunların həsrətində idik”. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri deyir ki, əgər jurnalistlər ondan aldıqları informasiyaları qeyri-obyektiv işıqlandırırsa, onları asıb-kəsmək, həddə - qorxu gəlmək  lazım deyil.

“Mətbuata yenidən qayıtmaq istərdinizmi” sualına Azər Mənsimli belə cavab verib: “Mən onsuz da mətbuatdayam. Dövlətçiliklə bağlı bir KİV-də konsultant kimi çalışıram. Bu media orqanında həm də məqalələrim çap edilir. Oradan aldığım məvacib heç də buradakı aylıq əmək haqqımdan az deyil. Bəlkə də yeganə jurnalistəm ki, həm mətbuat xidmətində çalışıram, həm də mətbu yaradıcılığımı davam etdirirəm”.

Təhminə Paşayeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir