Modern.az

Bir axşam taksidən Təbrizə düşdüm…

Bir axşam taksidən Təbrizə düşdüm…

13 Mart 2013, 14:49

Əmim Mir Cəlalın 105 illiyinə ithaf edirəm

Mən ilk dəfə olaraq hələ 1991-ci ildə İranda – Tehranda  olmuşdum. Məqsədim bacım Səriyyəni və qardaşım  Nurəddini (Mir Ağa) və Kərəc şəhərində yaşayan əmim Mir Cəlili (2003-cü ildə 97 yaşıda vəfat etmişdir) ziyarət etmək, uzun illərin həsrətinə, ayrılığına son qoymaq və dədə-baba yurdum Təbrizi, Əndəbili ziyarət etmək idi. Birinci arzum həyata keçdi. Lakin o dövrün rejimi məni Təbrizə getməyə icazə vermədi. Nəhayət, 2010-cu il iyul ayının 10-da bu niyyətim həyata keçdi.   

Təbriz - babalarım Mir Paşanın (əsil adı Mir Məhəmməd, kəndin ərbabı, bəyi olduğu üçün ona bu ad verilmişdir), Mir Ələşrəfin, nənəm Fatimənin, atam Mir Xəlilin, əmim, böyük Azərbaycan yazıçısı və alimi, unudulmaz şəxsiyyət Mir Cəlalın, əmilərim Mir Cəlilin, Mir Ağanın, Mir Əbülfətin, bibim Ruqəyyanın doğulduğu doğma yurddur.

Bu yurdun bir parçası olan Əndəbil həsrəti, o yerləri görmək, ziyarət etmək arzusu mənim rahatlığımı əlimdən almışdı. Gecə də yuxularıma girirdi ata yurdum. Bir gün isə dostlarım-iş adamı Mir Rəsul Tağıyev və jurnalist Dəyanət Səlimxanlının mənimlə olan görüşü, bu görüşdə onların ata yurdumdan gətirdikləri sevinc dolu xəbərlər qəlbimə bir rahatlıq gətirdi. Növbəti səfərləri barədə danışarkən gözlərimdən sellənən həsrət yağışında islandım. “Bu səfərinizdə məni də özünüzlə aparın” - dedim.

İyul ayının 10-da səfərimiz baş tutdu. Böyük bir vətənin ikiyə bölünmüş bu taydakı Biləsuvarının gömrük məntəqəsindəyik. Yoxlanışdan sonra o biri üzdəki Biləsuvara, yoxlanış məntəqəsinə daxil olduq. Dünyanın qəribə işləri varmış. Bir vətən, bir torpaq, bu vətənin üz-üzə dayanmış iki Biləsuvarı. Deyirəm, dünyada sərhədlər olmasaydı, yer kürəsi necə görünərdi görən? Bir də əslində bizi yaradan bizdən əvvəl yer kürəsini yaradarkən sərhəd qoymayıb. “Sizlər üçün yer üzünü, yer üzündəki nemətləri yaratdım ki, bərabər şəkildə istifadə edəsiniz” - söyləyib. Nədən yarandı bu sərhədlər? İnsanın qul olduğu tamahdanmı? Dünyanı ikiəlli tutmaq, bütün sərvətləri ələ keçirmək hərisliyindənmi?

…Bu, çox uzun bir söhbətin mövzusudur.

Artıq, yoxlanış başa çatıb. Cənublu taksi sürücüsü Mir Rəsul ağa ilə yol xərci barədə söhbət edir. Mənə işarə edərək, “ağa birinci dəfədir gedir?”- deyə maraqlanır. Nəhayət, maşına əyləşirik.

Maşın üzü Təbrizə istiqamət alır. Yol səfərimizin qısa anında sürücü düyməni basır. Yaqub Zurufçunun yanıqlı səslə oxuduğu “Aman ayrılıq” mahnısını sürücü mənim üçün sifariş edib, yoxsa radioada təsadüfən səsləndirilib?..

Gözlərim dolmuşdu. çoxları üçün bu mahnı indi adi ola bilər. Bəlkə də maneələr aradan götürüldükdən sonra doğma yurdunu belə gec ziyarətə gedən yeganə adam mənəm...

Təəccübümü gizlədə bilməyib, sürücüdən soruşuram:

- Ağa, bu mahnı yəqin ki, mənim uzun illərin ayrılığından sonra baş tutan səfərimə hədiyyənizdir?

- Bəli, ağa, mən sizin vətən həsrətinizi sizinlə birgə yaşamaq istəyirdim, - deyir.

Yol boyu o qədər maraqlı söhbətlər oldu ki, Təbrizə nə vaxt çatmağımızı hiss etmədim. Mir Rəsul ağa Təbrizi beş barmağı kimi tanıyır. Onun sifarişi ilə sürücü bizi “Mirvarid” otelinə apardı. Bir az dincələndən sonra, əvvəlcə Təbrizdəki bibim nəvələri ilə telefonla əlaqə saxlayıb, gəldiyimi bildirdim. Onlar bizi axşam şam yeməyinə dəvət etdilər.

Qalan vaxtımızdan səmərəli istifədə etmək qərarına gəldik. Şəhəri gəzirik. Təbrizin füsunkar gözəlliyi məni valeh edir. İnsanları çox qonaqpərvərdir. Xüsusən, Bakı ilə qürur duyurlar. Azərbaycanın birınci xanımı Meriban xanımla fəxr edirlər. Klassik şairlərimizin və dövrümüzün  böyük Azərbaycan şairi Şəhriyarın məqbərəsini ziyarət edirik. Axşam düşdüyündən və yol yorğunu olduğumuzdan o günün gəzintisini başa vurub, Təbrizdə yaşayan mərhum Ruqəyya bibim tərəfdən mənə qohum olan Seyidəlinin qonağı oluruq (O, dəfələrlə Bakıya gəlmiş və mənim qonağım olmuşdur). Oğlu Sadiq (hal-hazırda Bakı İnşaat Universitetində təhsil alır), yoldaşı Rəqiyyə ilə görüşürük. Atam Mir Xəlilin Təbriz dövrü -  inqilabi fəaliyyəti ilə bağlı qohumların söylədiyi yeni xatirələr məni kövrəldir.

Səfərimizin səhərisi günü Təbrizdə yaşayan bibim oğlu Mir Maqsud, oğlanları Mir Əşrəf və Mir Hüseyn ilə birlikdə dədə-baba yurdumuz olan Əndəbilə səfər edirik.

... Bəzilərinin Əndəbil, ağsaqqalların, ağbirçəklərin isə Əndehbil adlandırdıqları kəndin qədim bir tarixi var. Bu tarix monqol-tatarların Azərbaycana sonuncu hücumuna gedib çıxır. Belə ki, üzərində 8 qoçun təsviri olan 8 daş abidə indiyənə qədər kənd sakinləri tərəfindən qorunub saxlanılır. Hər qoç abidə isə 8 əsrlik bir tarixi özündə əks etdirir. Bu tarixi faktlar Əndəbilin (Əndehbil) qədimliyini bir daha sübut edir. 8 əsr bundan əvvəl Təbriz, Sofyan (Sofiyan), Şəbüstəri və yaxın ətrafda olan insanlar monqol hücumundan qorunmaq üçün bu dağların ətəyinə sığınaraq, palçıqdan özlərinə daxmalar tikib, düşməndən qoruna biliblər. Dağların arasında palçıq evləri hiss etmək olmurmuş. Hal-hazırda da həmin evlər tarixi fakt, abidə olaraq qorunub saxlanılır. Böyüməkdə olan nəsillər öz tarixlərini unutmurlar. Kəndin adının mənası isə sakinlərin dediyinə görə, “ən gözəl kənd” deməkdir.

Kəndin hazırda 350 evi və 1000 nəfərə yaxın sakini var. 150 nəfərdən bir qədər çoxu isə Təbrizə köçüb. Kəndə yaşayanların çoxu seyidlərdir. Əndəbil seyidlərinin ocağı isə Mir Paşa (Mir Məhəmməd), onun oğlu Mir Ələşrəfdən köz götürüb. Bu seyidlərin, onların övladları Mir Cəlalın, Mir Cəlilin, Mir Xəlilin, Mir Ağanın (çox gənc yaşlarında-18 yaşında rəhmətə getmişdir), Mir Əbülfətin, qızı Ruqəyyə xanımın islam dinində xüsusi xidmətləri olmuşdur.

Mən, Dəyanət, Mir Rəsul, bir də Ruqəyya bibinin nəvə-nəticələri kənd qəbristanlığını ziyarət edirik. Ruqəyyanın, oğlu Mir Əlinin çox çətinliklə seçilən baş daşları önündə dayanıb, onların ruhu qarşısında dualar edirik. Sonra biz kəndin qədim qəbiristanlığında dəfn olunan babalarım Mir Paşa (Mir Məhəmməd ağa), Mir Ələşrəfin qəbirlərinə baş əyib dualar etdik. Ziyarət mərasimindən sonra seyidlərin yaşadığı “Ələşrəf” dalanına gəldik. O həyətə daxil olduq ki, həmin ocaqda Azərbaycanın görkəmli yazıçısı və alimi Mir Cəlal, 1945-1946-cı illərdə Cənubi Azərbaycanda – Təbrizdə Milli Hökumətin qurulmasında böyük xidmətləri olan, Milli hökumətin rəhbəri Seyid Cəfər Pişəvərinin dostu və silahdaşı Mir Xəlil, seyidlər ocağının layiqli oğulları Mir Cəlil, Mir Ağa, Mir Əbülfət və beş qardaşın tək bacısı Ruqəyya xanım doğulub. Mən atam Mir Xəlil ağanın 43 il yaşadığı bu həyətdə iki rükət namaz qılıram.

Kənd sakinləri ara vermədən dəstə-dəstə gəlib, Mir Xəlil ağanın Şurəvidən gələn oğlunu - yəni məni ziyarət edirdilər. Onlar Mir Xəlilin şücaətindən, xeyirxahlığından, kasıblara əl tutmasından, onları bəzi  ərbabların  zülmündən  müdafiə etməsindən,  Milli hökumət zamanı Culfadan üzü bəri Sofyan, Zəncan əyalətlərinin fərməndarı olmasından ağızdolusu danışırdılar. Biz 110 yaşlı bir qocanın necə kövrəlib “Heyf Mi Xədən, (onun dili ilə) o təkcə bizdən yox, eldən getdi” və əlini şimala gedən yola uzadıb “Bax, Mi Xə bu yol ilə Şurəviyə getdi” deyərək kövrəlib, ağlamağının şahidi olduq.

İki saatlıq ziyarətdən sonra həyətdəki torpaqdan bir az götürüb qayıdandan sonra, həm atam Mir Xəlilin, həm də əmim Mir Cəlalın məzarı üzərinə səpməyi qərara alıram. Kənddən böyük sevgi və məhəbbətlə ayrılıb Təbrizə - bibim oğlu 78 yaşlı Mir Maqsudgilə gedirik. Sabahı gün Təbrizdə əmim Mir Cəlilin Urmiyada yaşayan qızı Fatimənin baldızı qızının toyuna dəvət olunduq və orada onun ömür-gün yoldaşı məşhur həkim Mir Yəhya (ata tərəfdən həm də qohumdur) ilə görüşdük. Onlar əmim Mir Cəlildən və onun zarafatlarından maraqlı söhbətlər etdilər. Ertəsi gün atamın dostu, Milli Hökumət zamanı birlikdə mübarizə yolu keçmiş, S. C. Pişəvərinin cangüdəni olmuş 85 yaşlı Nəcəf ağa Vidadi ilə onun evində görüşdük.  O, inqilab zamanı atam Mir Xəlilin Pişəvəriyə sədaqətindən, fədai dəstəsinin başçısı kimi şücaətindən, qara kəhər atın üstündə əzəmətindən kövrələ-kövrələ danışdı. Daha ertəsi günü Tehrana gedib bacım Səriyyə və həyat yoldaşı Cəmşid ilə də görüşdük. Onun dövlət adamı, vəzifə sahibi olmasına baxmayaraq, sadəliyi və səmimiliyi bizi valeh etdi. Səriyyə mənim gələcəyimi qabaqcadan bildiyindən Tehranda yaşayan bütün qohumları evinə dəvət etmişdi. Səfərimizin son günlərini Qum və Məşhəd şəhərlərini ziyarət etməklə keçirdik.

Bu mənim ömrümün 60-cı ilində ən gövrək, ən həzin səfərim oldu. Qayıdanda mindiyimiz taksidə yenə “Aman ayrılıq” mahnısı oxunurdu.

10 iyul 2010-cu il
Hacı Ələddin Xəlili

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi