Modern.az

Sifarişli qətllər törədən cinayətkar dəstə barədə rəsmi məlumat açıqlanıb

Sifarişli qətllər törədən cinayətkar dəstə barədə rəsmi məlumat açıqlanıb

Ölkə

9 Mart 2010, 18:50

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlıqla məşğul olan dəstənin zərərsizləşdirildiyi barədə birgə məlumat yayıb. Məlumatda bildirlir:
"Müəyyən edilmişdir ki, 2003-cü ilin dekabr ayında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq onu odlu silah və döyüş sursatı ilə təchiz etmişlər. Şöhrət Quliyev cinayətkar dəstənin üzvlərinə Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun öldürülməsini tapşırmış və bunun müqabilində onlara 25.000 ABŞ dolları məbləğində pul mükafatı verəcəyini vəd etmişdir. Sonuncunun Bakı şəhərində yaşadığı ünvanı, işdən evə qayıtma vaxtını və marşrutunu müəyyənləşdirən cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Əhməd İbrahimova yaşadığı binanın girişində “Makarov” markalı tapançadan atəş açaraq onu öldürmüşdür. Cinayətin aləti olan “Makarov” tapançası həmin il dekabrın 27-də Bakı şəhəri B.Nuriyev küçəsi 32 saylı binanın yaxınlığındakı bağ sahəsindən tapılaraq götürülmüş və ekspert rəyi ilə hadisə yerində aşkarlanmış güllə və gilizlərin qeyd olunan tapançadan atılması təsdiqlənmişdir.

Şöhrət Quliyev, mütəmadi olaraq ondan pul tələb edən Gəncə şəhər sakini Kamal Ələkbərovun öldürülməsini də sifariş verərək bununla əlaqədar cinayətin icraçılarına 25.000 ABŞ dolları pul mükafatı vəd etmişdir. 2004-cü il martın 22-də  “Makarov” tapançası ilə silahlanmış cinayətkar dəstənin üzvü İlham Şabanov Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirmişdir.
İstintaqla cinayətin aləti olan tapançanı dəstənin digər üzvü Elmar Qasımovun Gəncə şəhərindəki idman klubunun işçisi Məharət İsmayılovdan  600 ABŞ dollarına alması  müəyyən edilmiş və həmin silah 2009-cu il mayın 26-da dəstə üzvü İlham Şabanovun Gəncə şəhərində yaşadığı evin həyətində basdırdığı yerdən götürülmüşdür. Ekspert rəyi ilə hadisə yerində aşkar edilmiş gilizlərin və Kamal Ələkbərovun meyitindən çıxarılmış güllələrin həmin silahdan atılması  təsdiqlənmişdir.  

İstintaq prosesində o da müəyyən olunmuşdur ki, cinayətkar dəstənin üzvləri Gəncə şəhərində fəaliyyət göstərən Xəzər Kazımova məxsus “Quş südü” adlandırılan kafedə mütəmadi yığışaraq törədəcəkləri cinayətlərin plan və detallarını müzakirə etmiş,  eləcə də narkotik vasitələrin istehlak və satışını həyata keçirmişlər. 2009-cu ilin iyununda kafedə aparılmış axtarış zamanı Xəzər Kazımov tərəfindən qanunsuz əldə edilib kafenin zirzəmisində gizlədilmiş “Kalaşnikov” avtomatı, 30 ədəd patron, habelə Rabit Abdinovun üzərindən Mehman Qəhrəmanovdan 250 manata aldığı narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev,  Nuru Atayev və İlahibə Ələsgərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120 (Qəsdən adam öldürmə), 217 (Banditizm) və   228 (Qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respubilkası Məhkəməsinə göndərilmişdir".

Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir