Modern.az

Gənc yazarlar Anarı xarakterizə etdilər: “AYB sədri olmaq ona dividend gətirmədi”

Gənc yazarlar Anarı xarakterizə etdilər: “AYB sədri olmaq ona dividend gətirmədi”

Ədəbi̇yyat

14 Mart 2013, 16:32

Modern.az saytı sizlərə “Ustadlar gənclərin gözü ilə”  rubrikasından  yeni buraxılışı təqdim edir. Budəfəki qəhrəman martın 14-də 75 yaşı tamam olan Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır. Gənc yazarlar arasında aparılan bu dəfəki sorğuda cavablar daha çox təbrik xarakteri daşıdı.

Kəramət Böyükçöl (gənc şair)

- 75 müdriklik yaşıdır, ancaq mənə elə gəlir ki, müdriklik Anar müəllimin yaşında deyil, xarakterindədir. O, 25 yaşında da müdrik idi. Dəyərli yazıçımızı ürəkdən təbrik edir, uzun ömür, can sağlığı arzulayıram.

Qılman İman (gənc şair)

- Anar müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ədəbiyyatımızda, ictimai-siyasi işlərdə mübariz və cavan qalmağını arzu edirəm!

Təbriklə bərabər dəyərləndirmə…

Fərid Hüseyin (gənc şair)  

-  Anar müəllimi əvvəla ad günü münasibətilə təbrik edirəm. Anar müəllimin yaradıcılığını A-dan Z-yə qədər oxumuşam və sevirəm. Xüsusən “Gecə düşüncələri" başlıqlı esselərini yüksək qiymətləndirirəm. Anar müəllim otaqdan da həyatı duya bilən yazıçıdır, ona görə heç vaxt süni ədəbiyyat yaratmadı. Anar müəllim başqalarının da dərdini öz dərdi qədər dərin yaza bilib. Ənvər Məmmədxanlı haqqında yazdığı "Həyatım ağrıyır" xatirə-povesti şəksiz ki, unikaldır. Biz gərək belə insanların mümkün qədər qədrini bilək. Anar müəllimi bir daha təbrik edirəm.

Dilqəm Əhməd (gənc yazar)

- Yazıçı Anarın yubileyi münasibətilə təbrik edirəm. Mən də o fikrə inanıram ki, hər bir yazıçının, fikir adamının real qiymətini sonrakı nəsillər verəcək. Anar bu gün öz nəsli və gənclik arasında ziddiyyətli insan kimi tanınır. Biz illərlə həm onu dəstəkləyən, həm də onu kəskin tənqid edən yazarların fikirlərini oxuduq. Bəlkə də elə bu mübahisələrin sonucudur ki, hazırda ədəbiyyatda mətnlər deyil, şəxsiyyətlərarası münasibətlər müzakirə olunur. Halbuki, nəsillərarasındakı mübarizə mətnlərdə olmalı idi.
Anar Azərbaycan ədəbiyyatının bir mərhələsidir. Bu mərhələ öz doğruları və yanlışalrı ilə artıq tarixə çevrilib.

Rəbiqə Nazimqızı (yazar, tərcüməçi)

- Anar əsərləri ilə böyüdüyüm yazıçıdır. "Beşrtəbəli evin altıncı mərtəbəsi" ilə tanıyır onu kütlə. Amma mənim üçün Anar daha çox "Taksi və vaxt", "Bayram həsrəti", "Gürcü familiyası", "Yaxşı padşahın nağılı" hekayələrinin, "Macal" romanının, "Sizsiz"in, gözəl esselərin müəllifidi. Anarın əsərlərində dərin psixologizm var, müşahidələri dəqiqdi, bir də lirizm güclüdü Anarda... 
Fikrimcə, Anarın AYB sədri olması ona əslində, bir yazıçı kimi divident gətirməyib, əksinə, zərər vurub. Çünki bu gün ictimai mövqeyinə və tutduğu vəzifəsinə görə onu daha çox vururlar, adamın yaradıcılığı isə kölgədə qalır...
Sevimli yazıçımın ad gününü təbrik edirəm, bundan sonra yazıb-yazmamağa gəlincə, bu mühüm deyil. Yazdıqları ilə Anar çoxdan ədəbiyyat tarixinə düşüb...

 Ramil Əhməd (şair)

- Yazıçını başqa adamlardan fərqləndirən vacib cəhətlərdən biri, məncə, yaddaşdır. Bəzən nasir öz həyatının neçə il arxada qalmış ən xırda nüanslarını dəqiqliklə yazıya alır. Bu, istedaddır. Əgər yazıçı sadəcə istedadlı yox, həm də intellektualdırsa, təkcə fərdi yox, milli bədii yaddaşı da öz əsərlərində yenidən canlandırır – şübhəsiz ki, müasir formatda. Anar müəllimin əsərlərində bu cəhətlərin hər ikisi var – həm fərdi, həm də milli yaddaş. Bədəndəki beş duyğumuz ruhun dünyaya açılan pəncərələridir. Lakin insanın dünyaya açılan bacası da var – altıncı hiss. “İqbalnamə” Nizaminin altıncı hissi – “Xəmsə”nin bacası idi. Amma əksəriyyət beşmərtəbə standartlarını qırıb bu qata çıxa bilmir. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının sonunda Məmməd Nəsirin dediyi kimi : 
– Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...
“Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında yazıçının göstərmək istədiyi “altıncı hiss” dir. Anar müəllimdə beşmərtəbə anlayışı Nizamidə “Xəmsə” deməkdir. Anar müəllimin “altıncı mərtəbəsi” “İqbalnamədir”. Zaurlar, zivərlər, spartaklar, dadaşlar, firəngizlər... bu “namə”ni oxumaqdan məhrumdur. Təhminələrin faciəsi də bundadır. 
Bütün böyük ədəbiyyatın son dayanacağı “İqbalnaməyə” – alın yazısına gəlib çıxır. “İqbalnamə”də insanın yazdığı ilə Allahın yazdığı qovuşur. Azərbaycan ədəbiyyatının ən möhtəşəm “İqbalnamə”lərindən biri Füzulinin “Leyli və Məcnun”udur. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə hər fəslin əvvəlində Füzulinin “Leyli və Məcnun”u və “Divan”ından epiqraflar verilir. Bununla ustad yazıçı XX əsrin məhəbbət faciəsini yazdığına işarə edir.

Çağdaş ədəbiyyatımızın Dədə Qorqudu Anar müəllimin yaşı onun fərdi ömrü ilə yox, mənsub olduğu xalqın bədii düşüncə tarixi ilə ölçülür. O, 75 ilin yox 1500 ilin Anarıdır. 1500 yaşın mübarək, Ustad!!!

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir