Modern.az

Əkiz qardaşım Anar - PORTRETƏ CİZGİLƏR

Əkiz qardaşım Anar - PORTRETƏ CİZGİLƏR

Ədəbi̇yyat

14 Mart 2013, 16:56


Bu gün Anarın 75 yaşı tamam olur. O Anarın ki, ədəbiyyatın “60-cılar” nəslinin təmsilçisidir. Və bu gün o nəsildən “15 yaş böyük” bir yazıçı haqda söz demək çox çətindir. Çünki Anar təkcə yazıçı yox, həm də iki ədibin yadigarı və davamçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, keçmiş deputat, Heydər Əliyev Mükafatçısı və s. ilə tərcümeyi-halına ədəbi irsindən başqa, tutduğu vəzifələr və fəxri adları da “yazdırmaqla” özü barədə ixtisarlı, yığcam rəyə yer saxlamayıb. Adam bilmir nədən və necə yazsın, nədən başlayıb nədə qurtarsın...

75 il böyük bir dövrdür – təxminən üç nəslin toplamı. 30-cu illərin, sovet qılıncının tiyəsi də, qını da, hətta qəbzəsi də kəsdiyi bir vaxtda dünyaya gəlmiş bu ömrün sahibi artıq sinni bir kişidir. Və onu Sirat körpüsündən keçirmək üçün gərək özün dupduru, pak-pakizə mələk olasan. Həm də bilə-bilə ki bu dünya bəzən Xeyir və Şərin bir-birindən ayırd edilə bilinməyən məkandır; bu dünyada insanlar bir çox əməllərini Zamanın ayağına yazır, onunla özlərinə bəraət qazandırmağa çalışırlar.

Şəxsiyyət və yaradıcılıq, – mən Anarı bu bölgülərdə, ayrı-ayrılıqda, fərqli kökaltılarda nəzərdən keçirmək istəməzdim. Çünki onun kimi mən də öz dövrümün məhsulu, buqələmun Zamanın çalarına uyğun dəyişən insan və qələm sahibiyəm. Onun kimi mənim də yazdıqlarım şəxsi səciyyəmin inikası, yazdıqlarım əməllərimin hesabatıdır. Və bizi, Anarı və məni birləşdirən bir məqam var: məhz mənim doğulduğum çağda “60-cılar” ədəbi nəsli də doğum şəhadətnaməsi alıb. Təbii ki, o zamanın ədəbi mühiti və savaşlarını nə gözümlə görmüş, nə də qulaq şahidi olmuşam. Amma oxuduqlarımdan bilirəm ki, 60-larda doğan ədəbi nəsil yaxası orden-medallı, cibi partbiletli “köhnə qvardiya”ya müxalifi idi; partiya-sovet direktivlərinin ədəbi versiyasını yaradan yazıçılarla “gənc qvardiya”nın – yenilikçilərin savaşı gedirdi.

Sonu sərt qərarlar, tənqidi məqalələr, olmazın siyasi damğalar, karvalol qoxusu və infarktlarla bitən qızgın qovğalar...

Bu qovğanın tozanağı məncə, çox tez yatdı. Çünki “qocalar” arasında Anara, Elçinə – “60-cılar”a bu dirənişlərində arxa olacaq adamlar var idi: Rəsul Rza, Nigar Rəfibəyli, İlyas Əfəndiyev... Bəlkə də halına acımalı yeganə “60-cı” ucqar Əylisdən Bakıya gəlmiş Əkrəm Naibov və İsi Məlikzadə idi ki, o zamanın qovğalarında güvənə, kürəyini söykəyə biləcək adam tapmırdılar. Amma diqqəti bu “cılız xatırlama”ya yönəltmədən dərhal da qeyd edim ki, “köhnə qvardiya”nın o zaman “60-cılar”a irad tutduğu bir çox məqamlar bu gün də yeni, hələ küldən gülə çevrilməmiş nəslə qarşı da ittiham kimi səslənir.

“60-cılar”ı ittihamlayanlar arasında daha kimlər yoxudu, daha nələr irad tutulmurdu ki... Anarın “Ötən ilin son gecəsi” hekayəsinin tənqidçiləri arasında bu gün Asif Ata kimi tanınan filoloq Asif Əfəndiyevin də olması yəqin ki, çox az adamın xatirəsində qalıb. Amma danılası deyil ki, Anarı məhz o və məhz milli dəyərləri tapdaq etməkdə ittihamlamışdı.

“Ağ liman”la qopan hay-küyü isə elə bircə cümlə ilə yada salıram. Məncə, bu qədər bəsdir...

“60-lar”ın nəyini bəyənirdik və niyə bəyənirdik?

Onlar ütülü kostyumlarda, şax yaxalıqlarda deyil, üzü tüklü, dağınıq saçlı, qəlyan və siqaretlə cəmiyyətdə görünür, personajları da nə beşillik planın vaxtından qabaq yerinə yetirilməsi haqda öhdəliklər götürür, nə Moskvanın Qurultaylar Sarayından şövqlə danışır, nə də bir-birinə “yoldaş” deyə müraciət edirdi. Tam fərqli mühit, tam fərqli həyat, tam fərqli insanlar, düşüncələr, sevdalar...

Sözü çox uzatmadan kiçik bir müqayisə misalı: “Ağ liman”dakı Zaur Təhminəni necə yola gətirib çimərliyə aparmağı beynindən keçirərkən Mirzə İbrahimovun partkomu Nəcəf “Görəsən, ötən il hər sahədən neçə sentner pambıq yığmışdıq”, – deyə dərin düşüncəyə dalırdı...

Kənardan qaraqabaq, köntöy, acıdil adam kimi görünən Anarın hətta yumorlu yazıları (məsələn, “Molla Nəsrəddin-66”) belə bizə, ona qibtə hissiylə baxan gələcək yazarların nəzərində yetərincə mühüm ədəbi nümunə təsiri bağışlayırdı. Çox-çox sonralar Zaman ciddi görkəmli Anarı bizə yaxından tanıdanda bu yazıçıda incə yumor və tikanlı satira istedadını da daha kəşf etdik. Onun qanını içməyə hazır olan bir gənc yazara Anar çox iti bir cavab verdi: adına və təxəllüsünə oxşar “Sirkə Badımcan” ayaması tapdı...

80-ci illərdə mən və mənim kimi bir çoxları artıq ilk yazılarımızı ürkək xətlə qələmlə kağıza köçürəndə artıq Anar bizimçün bir rəmz, təqlid mənbəyi idi. Onun yazı manerası, ifadə tərzi, mövzuya yanaşma üslubunu acgözlüklə öyrənir və bir çox hallarda təkrarlamağa çalışırdıq. “Asılqanda işləyən qadının söhbəti”ndən başlamış “Beşmərtəbəli evin altıncı mərtəbəsi”nədək oxuduqlarımızın hamısı bizim gözümüzdə sadəcə yeni ədəbiyyat anlamı vermir, həm də qınadığımız, barışmadığımız sovet quruluşuna etiraz əlaməti idi.

Senzura qayçısı həmin vaxt təkcə Anarı qayçılamır, cümlələrini, ifadələrinə düzəliş verməyə məcbur etmirdi. Biz oxucuyduq və təbii ki, bütün bunları bilmirdik, yalnız sonralar Anar da daxil olmaqla, “60-cılar” ədəbi nəslinin hansı imtahanlardan keçdiyini öyrəndik. Amma bir gümanımızda yanılırdıq. Biz düşünürdük ki, 90-larda, artıq sovet quruluşuna kimisi lənət, kimi də rəhmət oxuyanda Azərbaycanda yeni ədəbi təlatüm başlayacaq və məhz “60-cılar” ədəbiyyatda bu inqilabi çevrilişin, yenilikçiliyin ilk sırasında gedəcək. Amma bu özünüaldanış, puç bəsirət çıxdı. Siyasət əjdahası ümidlə baxdığımız bir çox iqtisadçı, kimyaçı, filoloq kimi, yazıçıları da uddu. Zamanın diddiyi ədəbi otlaqda ancaq qanqallar bitdi.

Anara və ümumən “60-cılar” nəslinə bunu irad tutmaqda nə qədər ədalətli olduğumu deyə bilmərəm. Hər halda nəsillər arasında əlaqə nizamının pozulmasında Onun – Anarın və onların – “60-cılar”ın müəyyən təqsiri olmamış deyil. Bir böyük kimi yeni nəslə birinci olaraq Anar uzatmalı idi. Amma AYB sədrilə “yorğan davası” aparan qrup da bircə salamat körpü saxlamadı. Bu gün də Anarın rəhbərlik etdiyi qurumu “quldur yuvası” adlandıran yazarlar əslində dəlilsiz savaş və mənasız qıcıq doğururlar. Amma xatırladım: vaxtilə Anar və bütövlükdə “60-cılar” da “köhnə qvardiya”ya qarşı bəzən bu üsullarla döyüşürdü...

75 yaşlı yazıçının AYB sədri vəzifəsində, ictimai sahədəki fəaliyyətində nöqsanları, yanlış mövqeləri də müzakirə oluna bilər. Dərhal vurğulayım, yalnız müzakirə. Çünki mühakimə biz bəndələrin, fanilərin səlahiyyəti deyil. Amma bu zəruri qeydi də tələsik deyim: Anarın siyasi-ictimai fəaliyyəti nə qədər mübahisəli olsa da, onun bütün zamanlarda Ədəbiyyatın tərəfində və müdafiəsində durduğu müəmmasız, mübaliğəsiz, bəlli həqiqətdir. Bircə xatırlama: rəsmi səviyyədə Azərbaycanda humanitar sahənin, o cümlədən ədəbiyyatın dərin böhran keçirdiyi söylənəndə yalnız Anar söz altda qalmadı: “Əgər lazımdırsa, ona kitab göndərək, qoy ədəbiyyatın yaşadığını görsün”.

Və bu gün tərif və danlaq, ədalətli qeyd və iftira hədəfi olan 75 yaşlı yazıçı haqda söylənənlərə macalın olduğu, amma zaman qurdunun içimizdə yediyi çox sözü sonraya saxlayıram. Bircə onu deyim ki, xalq yazıçısı Anar təbriklər, alqışlar eşitməyə tam haqqı çatan, lakin tənqidi də sakit, səbirli qəbul etməyə hazır olmalıdır. Sapandla atılan daş dağdan nə qopara bilər ki...

Əziz Rzazadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir