Modern.az

Azərbaycan prezidenti və Milli Məclis sədri rumıniyalı deputatları qəbul edib

Azərbaycan prezidenti və Milli Məclis sədri rumıniyalı deputatları qəbul edib

Təhsil

14 Mart 2013, 17:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Münasibətlərimizin daha da möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək vermələrinin önəmini qeyd edib. Azərbaycan xalqının rumın xalqına böyük hörmətlə yanaşdığını deyən dövlət başçısı müxtəlif məsələlərlə bağlı Rumıniyanın ölkəmizə göstərdiyi dəstəyə görə təşəkkür edib. Prezident İlham Əliyev Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirib.

Rumıniya Deputatlar palatasının sədri Valeriu Zqonea ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandıqdan sonra dostluq əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu vurğulayıb. Azərbaycan ilə Rumıniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafının razılıq doğurduğunu deyən qonaq bu əlaqələrin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında enerji sahəsində əməkdaşlıq, investisiya qoyuluşu, Avropa strukturları və eləcə də beynəlxalq regional təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea martın 14-də Milli Məclisin sədri Oqtay Əsədovla da görüşüb.
O.Əsədov deyib ki, Azərbaycan ilə Rumıniya arasındakı dostluq münasibətlərinin qədim tarixi var. Müstəqilliyimizin bərpasından sonra əlaqələrimiz yeni müstəvidə inkişaf etməyə başlayıb, dövlət başçılarının səyi nəticəsində münasibətlərimiz sadə əməkdaşlıqdan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlub. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri, keçirilən yüksək səviyyəli görüşlər zamanı ölkələrimiz arasında 55-dən çox sənəd imzalanıb, daha 5 sənəd isə imzalanma mərhələsindədir.
Qeyd olunub  ki, bu gün iqtisadi əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Rumıniyaya xam neft ixrac edir, gələcəkdə isə təbii qazın ixracında maraqlıdır. Bu səbəbdən AGRİ layihəsinin reallaşmasına böyük önəm verir. Bu gün hər iki ölkənin Nabukko, TANAP kimi layihələri dəstəkləməsi iqtisadi sahədə əməkdaşlığımızın genişlənməsində mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib, bu ilin əvvəllərində Rumıniya parlamentində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, xüsusən də Xocalı soyqırımının pislənməsinə dair bəyanatını yüksək qiymətləndirib.
Valeriu Zgonea deyib ki, Rumıniya Azərbaycana istənilən məsələdə dəstək verməyə hazırdır. Bu gün Rumıniya Avropada Azərbaycanın ən etibarlı tərəfdaşıdır. Rəsmi Buxarest əlaqələrimizin hərtərəfli inkişafında maraqlıdır: “Əmin olun ki, Rumıniya Avropada Azərbaycanın bir nömrəli strateji tərəfdaşıdır. Bizim xalqlarımız da eyni tarixi anları yaşayıblar. Dostluq əlaqələrimizin qədim tarixi vardır. İnanırıq ki, bu səfərimiz çərçivəsində apardığımız danışıqlar əlaqələrimizin bütün sahələrdə daha da inkişafına təkan verəcəkdir”.
Qonaq deyib ki, Rumıniyada Azərbaycan sərmayədarları üçün əlverişli şərait vardır və azərbaycanlı iş adamları bütün sahələrə investisiya yatıra bilərlər.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişaf perspektivləri, deputatların qarşılıqlı səfərlərinin, qanunverici orqanlar arasında təcrübə mübadiləsinin əhəmiyyəti və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi