Modern.az

Qüdrət Həsənquliyev məmurlara Naxçıvanda buraxılan maşınlardan almağı təklif etdi

Qüdrət Həsənquliyev məmurlara Naxçıvanda buraxılan maşınlardan almağı təklif etdi

Parlament

15 Mart 2013, 13:21


Bu gün Milli Məclisin növbəti iclası keçirilir. Parlamentdə deputatlar Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatı dinləyirlər.
Baş nazir Artur Rasizadə və nazirlər Milli Məclisin iclasına qatılıb.

Modern.az-ın məlumatına görə, hökumətin hesabatına münasibət bildirən deputat Qüdrət Həsənquliyev bildirib ki, Artur Rasizadə rəqəmlərlə çıxış edib. Deputatın sözlərinə görə, bu baxımdan hesabatda Azərbaycanın inkişafını görməmək mümkün deyil.  

“Bu gün Bakı şəhəri çox yüklənib, amma Bakının uğurlarını çox artırmaq olar. Bunun çıxış yolu isə odur ki, regionları daha çox inkişaf etdirmək lazımdır. Rayonlarda iş yerlərinin sayı çoxalmalıdır. Yalnız bu yolla Bakını sıxlıqdan azad etmək olar”.   Daha sonra Q.Həsənquliyev dövlət ehtiyacları üçün Naxçıvanda istehsal edilən minik avtomobillərinin alınmasını təklif olunub. Deputat  qeyd edib ki, orada istehsal olunan avtomobillər heç də keyfiyyətsiz deyil.  

“Bu addım eyni zamanda regionlarda sənayenin inkişafına da dəstək olar. Biz Naxçıvanı minik avtomobillərinin istehsalı, Gəncəni isə yük avtomobilləri istehsalı mərkəzinə çevirə bilərik. Naxçıvanda istehsal edilən minik avtomobilləri ən azı orta məmurlar üçün xidməti maşın kimi alına bilər. Ola bilər yüksək çinli məmurlar üçün o avtomobillər kifayət eləməsin, amma orta səviyyəli məmurlar üçün normal maşınlardır”. 

Qüdrət Həsənquliyev bildirib ki,  regionların inkişafı ilə bağlı dövlət başçısı tərəfindən xüsusi proqramlar qəbul olunur, amma bu istiqamətdə əlavə addımlar atılmır: “İndi Abşeronda Texnoloji Park salınır, yenə sahibkarlar Bakıya axışacaq. Regionların inkişafı ilə bağlı dövlət başçısı tərəfindən xüsusi proqramlar qəbul olunur, ancaq bu istiqamətdə əlavə addımlar atılmır. Bakıdan regionlara axın lazımdır”. 

Q. Həsənquliyev məhkəmələrdə bir çox hallarda ədalətsiz qərarlar qəbul edildiyini söyləyib: “Yaxşı ki, Bakı Apellyasiya Məhkəməsi var. Ancaq bu Apellyasiya Məhkəmənin qərarını da Ali Məhkəmə ləğv edir. Biz niyə andlılar məhkəməsi institutunu tətbiq etmirik? Hökumətin vəzifəsi təkcə iqtisadi göstəricilər barədə məlumat vermək deyil, vətəndaş cəmiyyəti quruculuğu da hökumətin üzərinə düşür”. 

Deputat Vahid Dövlət İstintaq Komitəsinin yaradılmasına da ehtiyac olduğunu vurğulayıb. O, qaçqın və məcburi köçkünlər üçün binaların tikilməsinin çox yaxşı hal olduğunu bildirib: “Ancaq niyə bu binalar Qusarda, Balakəndə tikilməsin? Axı onsuz da Bakıda kifayət qədər sıxlıqdır. Həmin rayonlarda qaçqın və məcburi köçkünlər üçün evlərin tikilməsi dediyim və demədiyim bir sıra problemlərin həllinə səbəb olar”. 

Qüdrət Həsənquliyev keçən il Rusiyanın Qəbələ Radiolokasiya Stansiyasını (RLS) boşaltmasını Azərbaycan hökumətinin böyük uğuru olduğunu vurğulayıb.

Modern.az    

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu