Modern.az

III Beynəlxalq Muğam Festivalının GÜNDƏLİYİ

III Beynəlxalq Muğam Festivalının GÜNDƏLİYİ

16 Mart 2013, 14:49

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı davam edir. Modern.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Mərakeş və Azərbaycan musiqiçiləri festival çərçivəsində geniş konsert proqramı ilə çıxış ediblər.

İlk olaraq səhnəyə Mərakeşin "Chabab Al Andalouss" qrupu çıxıb.
Qrupun "Moval" milli musiqi nömrəsi Baha Ronda və Məhəmməd Əminə Debbinin ifasında təqdim olunub. Onları Khalid Frej (rübab, darbuka), Məhəmməd Fehd Ronda (ud) və Taha Piro (viola) müşayiət ediblər.

Peşəkar musiqi ifaçıları ailəsinin ənənələrini davam etdirən Məhəmməd Əminə Debbi 1987-ci ildə Əndəlus musiqi həvəskarlarının ilk qrupunu təşkil edib. O gündən gənc musiqiçilər qədim ənənəvi musiqiyə müraciət etməklə ərəb-əndəlus musiqi irsini böyük həvəslə inkişaf etdirmiş və gələcək nəsillərə çatdırmağı qarşılarına məqsəd qoyublar. Yerli və beynəlxalq səhnələrdə ölkələrini layiqincə təmsil edən ansambl üzvlərinin çoxsaylı diskləri buraxılıb.

Konsertin ikinci hissəsində Azərbaycan xanəndələri - Xalq Artisti Arif Babayev və gənc muğam ifaçısı Babək Niftəliyev "Zabul Segah" muğamını təqdim ediblər.

***

"Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində 2013-cü il martın 12-dən 15-dək III Beynəlxalq "Muğam aləmi" elmi simpoziumu reallaşdırılıb.

Martın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında simpoziumun yekunlarına həsr olunmuş "dəyirmi masa" və simpoziumun bağlanış mərasimi keçirilib.

Çıxış edənlər simpoziumun yüksək səviyyədə keçdiyini vurğulamış, müxtəlif ölkələri təmsil edən alimlərin məruzələrində muğam sənətinin özəlliyi barədə geniş söhbət açıldığını diqqətə çatdırıblar.

***

Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operası nümayiş etdirilib.

Xalq dastanının motivləri əsasında yazılmış operanın librettosu bəstəkarın özünə məxsusdur.

İnsanın mənəvi gözəlliyini tərənnüm edən operada Kərəm və Əslinin obrazlarının açılmasında əsasən muğamdan istifadə olunub.

Operanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, dirijoru Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı isə Əməkdar Mədəniyyət İşçisi Yusif Babayevdir.

Səhnə əsərində əsas rolları Opera və Balet Teatrının gənc solistləri, respublika muğam
müsabiqəsinin laureatları Vüsalə Musayeva (Əsli) və İlkin Əhmədov (Kərəm) ifa ediblər.

***
"Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti möhtəşəm konsert Şamaxıda keçirilib. Bu dəfə dinləyicilərə "Mahur Hindi" muğamı təqdim olunmuşdur. Əməkdar Artist Gülyaz Məmmədovanın və Respublika muğam müsabiqəsinin laureatı Kəmalə Nəbiyevanın ifalarında səsləndirilən bu muğamın ecazkar aləminin təsiri ilə yaşamışlar. Muğam ifaçılarını tarda Mehman Mikayılov, kamançada Cahandar Mikayılov, balabanda Adil Mansurov, udda Seyran Əmrahov, nağarada Cavidan Nəbiyev müşayiət edib.

***

Muğam Festivalı çərçivəsində cari il martın 14-də Qax rayon mədəniyyət evində növbəti konsert olub. Konsertdə Elnur Mirzəyevin ifasında "Simayi-şəms" zərb muğamı, Nizami Babayev, Hümmət Əliyev, Adil Şirinovun ifalarında "Çahargah", "Rast", "Mirzəhüseyn segahı" muğamları, Səxavət Laçınlının oxuduğu "Qarabağ şikəstəsi", Xuraman Camalovanın ifasında "Şahnaz" təsnifi, digər müğənnilərin təqdim etdikləri xalq mahnıları və təsniflər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir