Modern.az

Aşıq Şəmşir – 120: el ustadı yubiley tədbirilə yad edildi FOTOLAR

Aşıq Şəmşir – 120: el ustadı yubiley tədbirilə yad edildi FOTOLAR

16 Mart 2013, 16:52

 

Bu il Aşıq Şəmşirin anadan olmasından 120 il ötür. Geridə qalmış müddətdə sənətkarın irsi daha geniş şəkildə işıqlandırılaraq oxucuların diqqətinə çatdırılıb. Hazırda Azərbaycan mədəniyyətinin gənc nəslə aşılanması istiqamətində fəaliyyət göstərən ustad sənətkarın adını daşıyan “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi Dədə Şəmşirin 120 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirməyi planlaşdırır. Modern.az xəbər verir ki, bu tədbirlər silsiləsindən biri bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Müstəqil Azərbaycanın milli sərvəti-aşıq sənəti” layihəsi çərçivəsində Dədə Şəmşirin 120 illik yubileyi münasibətilə elmi-nəzəri konfrans keçirilib. Tədbirdə Aşıq Şəmşirin sənətinə yüksək dəyər verən insanlar, ziyalılar, Aşıq Şəmşir yaradıcılığının araşdırması ilə məşğul olan alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan professor Məhərrəm Qasımlı bildirib ki, bu gün dünyanın irsi sayılan və Heydər Əliyev Fondunun fədakar təşəbbüsü ilə YUNESKO tərəfindən qorunan aşıq sənətinə dövlətimizin yüksək qayğısı və diqqəti vardır. M. Qasımlının sözlərinə görə, aşıq sənəti və bu sənəti yaşadan insanlar daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulub. “Onlara hər zaman böyük diqqət göstərilib, yaradıcılıqları dəyərləndirilib. Ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, öz zəngin şeiriyyatı və ustadlığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşir də həmişə yüksək qayğı ilə əhatə olunmuş yaradıcılığı dövlət tərəfindən yüksək adla qiymətləndirilib. Aşıq yaradıcılığına yeni istiqamət gətirən Aşıq Şəmşir öz yüksək sənətkarlığına görə “Dədə” adını xalqdan qazanıb. Kəlbəcər-Göyçə, Qarabağ-Gəncəbasar ellərində məşhur olan Aşıq Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan isə xalq şairi Səməd Vurğun olub. Onların deyişməsi həmin tarixi günlərin poetik ovqatını və təravətini indi də saxlayır. Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında qələmə aldığı nümunələrdə Kəlbəcər ədəbi mühitinin qüdrətli söz sənətkarı kimi fərdi məktəbini yaradıb”.

M. Qasımlı bir mütəxəssis kimi Aşıq Şəmşirin barmaqlarının saz çalan yüzlərlə aşığın barmaqlarından seçildiyini deyib. O, aşığa dövlət tərəfindən verilən böyük qiymətdən danışıb.
“Musiqişünas Əminə Eldarova Dədə Şəmşirin irsinin qorunması və təbliği sahəsində ən böyük işi görmüş, ustad sənətkarın ifasında 75 aşıq havasını lentə köçürüb. Xalqımızın milli lideri Heydər Əliyev onun sənətinə yüksək qiymət verərək 2003-cü il iyulun 5-də əməkdar incəsənət xadimi, “Şərəf” ordenli Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Göygöl rayonundakı yeddiillik musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb”.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev keçirilən tədbirin çox önəmli və gələcək tədbirlər üçün çox gərəkli olduğunu deyib. Q. Paşayev bildirib ki, bu aşıq sənətinə böyük dəyərdi və bu bizim gələcək araşdırmalarımıza da kömək edəcək. “Bir şeyi etiraf etmək istəyirəm ki, doğurdan da Aşıq Şəmşirin poeziyası Mikayıl Azaflıdan daha üstündür. Yaradıcı aşıq haqqında 2 məqalə yazmışam, məncə bu elədə asan iş deyil”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Nizami Cəfərov Aşıq Şəmşirin aşıq sənətinin, mədəniyyətinin böyük ustadı olduğunu deyib. Deputat bildirib ki, elə folklorşünas yoxdur ki, Aşıq Şəmşirin araşdırmasını aparmasın və onun haqqında yazmasın. “Aşıq Şəmşir bu sənətin məktəbini keçən bir insandır. Aşıq Şəmşir 60-cı illər Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olub”.

Professor İsmayıl Məmmədli, şair İlyas Tapdıq, şair, tədqiqatçı Adil Cəmil və digər çıxış edənlərin hər biri Aşıq Şəmşirin Azərbaycan aşıq sənətində və mədəniyyətində tutduğu yüksək mövqedən danışıblar. Sonda çıxış edən Aşıq Şəmşirin oğlu Qənbər Şəmşiroğlu tədbirdə iştirak edənlərin və hər birinə öz təşəkkürünü bildirib. 





Anar Kəlbiyev

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı