Modern.az

Həmrəylik və mənəviyyat bayramı

Həmrəylik və mənəviyyat bayramı

17 Mart 2013, 09:37

Gülhüseyn Kazımlı

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür. 

Novruz bayramı çox qədim tarixə malikdir. İlk yazılı mənbələrdə bu bayramın hələ bizim eradan əvvəl 505-ci ildə yarandığı qeyd edilir. Müəyyən dövrlərdə Novruz bayramına dini məzmun vermək cəhdləri olsa da, bu bayramın İslam dinindən xeyli əvvəllər meydana gəldiyini İbn-Sina, Nizami kimi klassiklərimiz hələ əsrlər əvvəl öz əsərlərində isbat etmişlər.

Orta əsrlərdə Azərbaycanda xüsusi şəxslər - astroloqlar Günəşin hərəkətini izləyər, bu barədə əhaliyə ətraflı məlumat verərdilər. 1637-ci ildə alman səyyahı Adam Oleari Şamaxıda azərbaycanlıların Yeni il mərasimini - Novruzu necə qarşılamalarının şahidi olmuş və bu barədə yazmışdır: "Astroloq tez-tez stolun arxasından durur, xüsusi alətlər vasitəsilə Günəşi müşahidə edir, saata baxır, beləliklə, Günəşin gecə ilə gündüzün bərabərlik nöqtəsinə çatacağı anı müşahidə edirdi. Elə ki, gözlənilən məqam çatdı, astroloqun xəbəri ilə əlaqədar şəhərdə yaylım atəşləri açıldı. Şəhərin qala divarları boyunca təbillər döyüldü, xalq şənliyə başladı".

Bu faktlar göstərir ki, Novruz heç də kor-koranə inanclara deyil, elmi əsaslara söykənir. Yeni ilin məhz martın 21-də başlanması tam elmi təsdiqini tapmışdır. Novruz bayramı xalqımızın məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlıdır.

Sovet dövrünün ilk onilliklərində Novruz bayramına müəyyən qadağalar qoyulmuşdu. Hökumət  orqanları bu bayramın rəsmi səviyyədə keçirilməsinə icazə vermir, buna təşəbbüs göstərən vətənpərvər insanlar isə təqiblərlə üzləşirdi. Bununla belə, əsrlərdən qalmış ənənələrə sadiq qalaraq, hər bir azərbaycanlı ailəsində bu bayram ilin ən əziz günləri kimi qeyd olunurdu. Rəsmi tədbirlərdə, radio və televiziya verilişlərində Novruz bayramının adını dəyişdirib,  gah "Bahar" bayramı, gah da yaz-tarla işlərinin başlanğıcı hesab etsələr də, xalq öz Novruzunu məhəbbətlə qarşılayıb ehtiramla keçirirdi. Şəkərbura, paxlava bişirilir, bayram plovu süzülür, səməni göyərdilir, həyətlərdə tonqal yandırılırdı. Qohum-əqrəba bir-birinin qapısını döyərək bayramlaşırdı. Amma bütün bunlar sanki bir örtük, pərdə arxasında həyata keçirilirdi. Radio və televiziyalarda baharın gəlişi ilə əlaqədar konsertlər verilir, yazla bağlı mahnılar oxunurdu. Hər kəs öz imkanı və səlahiyyəti daxilində bu qədim bayramın əbədiyaşarlığına xidmət göstərməyə çalışırdı. Amma heç kim Novruzun adını çəkə bilmirdi.

Yalnız Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi. Ulu öndər ölkəyə rəhbərliyinin ilk günlərindən hər cür ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başladı. İctimai şüurdakı qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacardı. Ulu öndər xalqda milli heysiyyəti gücləndirdi, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi. Xalqımız keçmişin ağır buxovlarından azad olduqdan sonra  əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı.


Doğrudur, Novruz bayramının rəsmi səviyyədə qeyd edilməsi təşəbbüsləri əvvəllər də olmuşdu. Novruz bayramı üzərindəki qadağaların ortadan götürülməsi üçün bir sıra ziyalılarımız fədakarcasına çalışmışdılar. Lakin məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu məqsədin həyata keçməsi mümkün oldu. Bu bayram sadəcə mərasim kimi deyil, məhz milli mənəvi dəyərlərin əhəmiyyətli bir hissəsi olaraq yenidən öz mahiyyətinə qovuşdu. Novruza olan bütün qadağalar ortadan götürüldü. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində Novruz bayramı günlərində Bakı küçələrində insanlar kütləvi şənliklərə başladılar. 

Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra gənc müstəqil dövlətimizin siyasi və iqtisadi  əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın  – azərbaycançılığın təşəkkül və inkişafına da müstəsna diqqət yetirdi. Müstəqilliyimizin milli-ideoloji təməlini təşkil edən bu dəyərləri xüsusi qiymətləndirdi, daim diqqət mərkəzində saxladı.  Ümummilli liderin milli ideologiyanın  ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev bir neçə tərkib hissəsini xüsusi qeyd edirdi:  dil, din, adət-ənənə və bunların işığında formalaşan  milli mentalitet.

Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini  əsas vəzifələrdən biri kimi irəli sürürdü. “...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz  azərbaycançılığı  - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi nəzərə çatdırırdı.  Bu ideologiyanın ən mühüm simvollarından biri isə, heç şübhəsiz ki, Novruz bayramıdır.

Təsüdüfi deyil ki, Ümummilli liderdən müsahibə alan bir jurnalistin "Sevdiyiniz bayram hansıdır ?" - sualına Heydər Əliyev "Novruz !" demişdi. Novruz şənliklərində Heydər Əliyev şəxsən özü əhali ilə bayramlaşmağa çıxar, insanları bayram münasibətilə təbrik edər, yumurta döyüşdürər, öz xeyir-duaları ilə hər kəsdə xoş ovqat yaradardı. Heydər Əliyev azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı.  O, bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Novruz bayramının mənəviyyatımızdakı rolunu səciyyələndirən Heydər Əliyev demişdir: "Bu bayramın bizə bəxş etdiyi  ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır".

Azərbaycan tarixində ilk dəfə olaraq milli-mənəvi dəyərlərimizi əks etdirən Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı kimi əlamətdar günlərin  təqvimdə rəsmi dövlər bayramları kimi qeyd edilməsi də Ümummilli lider tərəfindən xalqın milli dəyərlərinə qayğı və hörmətinin təzahürüdür.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə də xalqımızın milli-mənəvi dəyərləri xüsusi yerə malikdir. Bu dəyərlər üzərində müəyyənləşən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, bu gün «Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir». Bu interqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli kimliyini qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da da azərbaycançılıq fəlsəfəsi təmin edir: «Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər».


Azərbaycan Prezidenti Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan Novruz bayramını da milli kimliyimizi müəyyən edən önəmli dəyər qismində qəbul edir və bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasını Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramı və milli-mənəvi dəyərlərə dərin bağlılığı kimi dəyərləndirir.

Bu gün Heydər Əliyevin ali ideyalarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin bütün dünyada təbliğində, qədim ənənələrimizin yenidən həyat qazanmasında və beynəlxalq ictimaiyyətə təqdim olunmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.

Təsadüfi deyil ki, məhz Mehriban xanımın əməyi sayəsində Novruz bayramı çərşənbə günü dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilmişdir. 2010-cu il 23 fevral tarixində isə martın 21-i BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Novruz Günü elan edilmişdir. Novruz beynəlxalq bayram statusu  əldə etməklə bütün ölkələrin və xalqların birləşməsinə, mədəniyyətlərarası dialoqa və anlayışa təşviq edilməsinə, dünyada sülhün və əmin-amanlığın gücləndirilməsinə səbəb olmuşdur.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Aparılan məqsədyönlü daxili və xarici siyasət hesabına əldə edilmiş sosial-iqtisadi, mədəni nailiyyətlər xalqımızın bayram sevincini daha da artırır, bizləri gələcəyə ruhlandırır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir