Modern.az

“Türkiyənin ATƏT-in Minsk qrupunda həmsədr ölkəyə çevrilməsini tələb etməliyik”

“Türkiyənin ATƏT-in Minsk qrupunda həmsədr ölkəyə çevrilməsini tələb etməliyik”

Ölkə

10 Mart 2010, 15:51

“ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin uydurma “erməni soyqırımı” ilə bağlı məlum qərarı haqlı olaraq indiki situasiyada ABŞ-ın Türkiyəyə ağır zərbəsi kimi qiymətləndirilir və mən də bu mövqeyi bölüşürəm. Qərb Ermənistanla münasibətlərin qurulması, sərhədlərin açılması və Qarabağ probleminin həlli prosesində Azərbaycanın təklənməsi, güzəştlərə məcbur edilməsi üçün bu “soyqırım” illüziyasını ortaya atıb. Bunlar aydındır. Amma məni o maraqlandırır ki, Amerika kimi supergüc, doğrudanmı, bir ovuc erməni lobbisinin diktəsi ilə hətta öz dövlətinin maraqlarının belə ziddinə addım ata bilər. Çünki Türkiyə Ön Asiya və Cənubi Qafqaz bölgəsində ABŞ-ın ən sədaqətli müttəfiqidir və bunu dəfələrlə sübuta yetirib”. Modern.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında bitərəf millət vəkili Aynur Quliyeva bildirib. Onun sözlərinə görə, ABŞ Türkiyənin iştirakı olmadan bu bölgədə heç bir layihəsini həyata keçirə bilməz. İran, Əfqanıstan, İraq məsələsində bu bölgədə ABŞ-a yeganə dəstək verən ölkə Türkiyədir: “O halda belə çıxır ki, Amerika birbaşa özünün əleyhinə işləyən qərarlara yol verir. Erməni lobbisi çox güclü, böyük və geniş əlaqələrə malik ola bilər, amma Amerikanın özündəndəmi güclüdür? Məncə, bax, bu barədə düşünmək gərəkdir ki, 100 il əvvəl baş verməyən, törədilməyən saxta soyqırım söhbətləri ABŞ kimi bir super dövlətin siyasi gündəmini necə zəbt edir. Heç nəyi araşdırmadan, tarixçiləri dinləmədən 100 il əvvələ qayıtmaq, “hakimlik” iddiasına düşüb qərar vermək, haqq-ədalət anlayışları ilə bir araya necə sığır? Axı, bu bir həqiqətdir ki, tarixi araşdırmaq parlamentarilərin yox, tarixçilərin işidir. Və əgər ABŞ Konqresi bu qədər ədalətlidirsə, niyə 100 il əvvəli təftiş etmək niyyətinə düşüb? Gözümüzün önündə baş verən Qarabağ həqiqətlərini, Xocalı soyqırımını, Qaradağlı qətliamını niyə görməzlikdən gəlirlər? Faktlar, sənəd-sübutlar gün kimi ortada, Xocalı dəhşətləri lentə alınıb, bu ürəkyaxan görüntülər niyə amerikalı parlamentarilərin hislərinə təsir etmir. Təəssüf ki, həm Qərb, həm də Avropa bu məsələdə ədalət prinsipini çoxdan unudub və hər şeyə “xristian qardaşlığı” prizmasından yanaşılır”.

Görəsən, belə olan vəziyyətdə qardaş və dost Türkiyə hansı addımları atmalıdır? Millət vəkilinin qənaətincə, indi bizi, “nə etməli” sualı düşündürür. İlk növbədə AKP iqtidarı bu nəticəni ortaya çıxaran prosesi ciddi şəkildə analiz etməli və indiyə qədərki səhvlərin təkrar edilməməsinə səy göstərməlidir: “Mən də bu düşüncədəyəm ki, Amerika bu siyasətində ciddi çəkiyə və təsirlərə malik olan yəhudi faktoru diqqətə alınmalı, Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması istiqamətində iş aparılmalıdır. Dövləti idarə edən, onun siyasətini yönləndirən şəxslər ölkəsinin maraqlarını ucuz pafosun və populizmin qurbanına çevirməməlidir. Bu cür məsələlərdə müdriklik tələb olunur. Əminəm ki, Ərdoğanın Davosda İsrail əleyhinə məlum bəyanatı olmasaydı, “soyqırım” məsələsi ABŞ da bu tezliklə aktuallaşmayacaqdı və istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunmayacaqdı. İndi baş verənlər bir həqiqətin də üstünü açdı: Azərbaycanın haqlı olduğunu. Bir müddət öncə Ermənistanla sərhədlərin açılması məsələsi müzakirəyə çıxarılanda Azərbaycan tərəfi bunun yolverilməz, Qarabağın işğal altında olduğunu, o cümlədən Türkiyəyə qarşı ərazi və qondarma  soyqırım iddialarının gündəmdə olduğu bir şəraitdə ermənilərlə səmimi əməkdaşlığın səmərəsizliyini dəfələrlə bəyan etmişdi. Türkiyə iqtidarı isə bunun Qarabağ probleminin müsbət həllinə yol açacağını sübut etməyə çalışır, Azərbaycan iqtidarını baş verənləri anlayışla qarşılamağa çağırırdı. Azərbaycan kimi əvəzolunmaz tərəfdaşı, müttəfiqi itirmək narahatçılığı “Ermənistan işğal etdiyi Qarabağ ərazilərini boşaltmayınca, Türkiyə Böyük Millət Məclisi Sürix protokollarını ratifikasiya etməyəcək” bəyanatını ortaya çıxardı. Və indi Türkiyə bunca təzyiqlərin qarşısında duruş gətirə biləcəkmi, çox maraqlıdır. Amma bu danışıqlara getməmək də olardı, Azərbaycanın mövqelərinin danışıqlar prosesində zəifləməməsi üçün Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının mümkünsüzlüyü ilk öncədən şərt kimi qarşı tərəfə elan oluna da bilərdi. Təqdirəlayiq haldır ki, hazırkı şəraitdə Azərbaycan öz müttəfiqini- Azərbaycan türklərinin ikinci vətəni sayılan Türkiyəni tək qoymadı, qardaş ölkənin müdafiəsinə qalxdı. İstər hökumət, istərsə də parlament səviyyəsində ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin qərarı pislənildi və rəsmi şəkildə ortaya mövqe qoyuldu”. Millət vəkili onu da bildirib ki, şübhəsiz, baş verənlər Türkiyəni nə dərəcədə təhdid edirsə, Azərbaycan üçün də bir o dərəcədə  təhlükəli perspektivdən xəbər verir. Azərbaycanla Türkiyənin bir yerdə olmaqdan, güc və imkanları bir yerdə səfərbər etməkdən başqa yolu yoxdur: “Biz Azərbaycan parlamenti olaraq, ABŞ Konqresinə etiraz bəyanatı ünvanladıq. Hesab edirəm ki, bu yöndə etirazlarımız davamlı olmalıdır. Çünki, 70 milyonluq Türkiyəni 3 milyonluq Ermənistanın qarşısında diz çökdürməyə çalışan Qərb günün birində Azərbaycandan da bunu tələb edəcək. Buna imkan verməmək üçün müdafiə taktikasından hücum taktikasına keçmək lazımdır. Bütün beynəlxalq təşkilatlara bu yöndə müraciət olunmalı, ən başlıcası Qarabağla bağlı sülh danışıqları prosesində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətindəki səmərəsizliyə son qoyulması tələb olunmalıdır. Həmsədr ölkələrdən o da tələb olunmalıdır ki, onların missiyası sadəcə təcavüzkarı – Ermənistanı müdafiə etmək deyil. Ortada torpaqlarının 20 faizdən artığı işğal olunan Azərbaycan da var. O Azərbaycan ki, ərazisində baş verənlər nəinki beynəlxalq hüququn, elə həm də ATƏT-in əsas sənədi olan “Helsinki Yekun Aktı”nın  prinsipləri ilə daban-dabana ziddir. Zənnimcə, indi bizim bu situasiyadan uduşlu çıxmağımızın bir əsas elementi də o ola bilər ki, Türkiyənin ATƏT-in Minsk qrupunda həmsədr ölkəyə çevrilməsini tələb edək. Xatırlayırsınızsa, vaxtilə ATƏT-in Minsk qrupunun yaradılmasının əsas təşəbbüskarlarından olan Türkiyə həmsədrlikdən ona görə kənarda saxlanıldı ki, digər ölkələr onun Azərbaycanın maraqlarından çıxış edəcəyindən ehtiyatlanırdılar. İndi 3 həmsədr ölkənin Ermənistanın havadarı rolunda çıxış etdikləri bir məqamda bunu tələb etmək Azərbaycanın haqqıdır. Hətta Azərbaycan təzyiq vasitəsi kimi ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasından imtina məsələsini də gündəmə gətirməlidir”. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı